Quranda Axtarış Edin

Axtarış nəticələri: "Nisa" üzrə 416 ayə tapıldı. (81 - 100 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Yoxsa onlar Allahın insanlara (Peyğəmbərə və onun əhli-beytinə) Öz fəzlindən verdiyi şeyə görə paxıllıq edirlər? Həqiqətən, Biz İbrahim ailəsinə kitab və hikmət (peyğəmbərlik, şəriət və əqli maarif) verdik və onlara böyük bir hökümət əta etdik.
Beləliklə onların (kitab əhlinin) bəzisi ona (Muhəmmədə-səlləllahu əleyhi və alihi və səlləm) iman gətirdi, bəzisi ondan üz döndərdi və başqalarını da ona iman gətirməkdən saxladı. Alovlanmış od olan Cəhənnəm onlara kifayətdir.
Şübhəsiz, ayələrimizi (Qur’anı) və (tovhid) nişanələrimizi inkar edənləri tezliklə (ölən kimi Bərzəx aləmində, yaxud Allahın nəzərində tez olan Qiyamətdə yandırıcı) oda daxil edəcək və onun istiliyini onlara daddıracağıq. Dəriləri yanıb bişdiyi zaman onların yerinə başqa dərilər gətirərik ki, əzabı (tam) dadsınlar. Doğrudan da Allah qüdrətli və hikmət sahibidir.
İman gətirib yaxşı işlər görən kəsləri tezliklə (qəsrlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəyik. Onlar orada həmişəlik və əbədi qalarlar. Onlar üçün orada (qadınlara xas aybaşıdan, pis əxlaq və əməldən, cismani eyblərdən) pak zövcələr vardır və onları geniş və sabit kölgə altına daxil edərik.
Həqiqətən, Allah sizə əmanətləri (vacibi əməlləri Allaha və camaatın haqlarını onlara) öz sahiblərinə qaytarmağınızı əmr edir. İnsanlar arasında (mübahisə və dava-dalaş barəsində və ya şəxslər və hadisələr haqqında) hökm çıxaranda, ədalətlə hökm çıxarın. Doğrudan da Allah sizə gözəl bir öyüdlə nəsihət edir. Həqiqətən Allah həmişə eşidən və görəndir.
Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun. Beləliklə, əgər (din və ya dünya işlərindən) bir şey barəsində mübahisəniz olsa, Allaha və axirət gününə imanınız varsa, onu Allaha və Onun peyğəmbərinə həvalə edin (dini ixtilafı şəriət alimi, dünya barəsindəki ixtilafı isə qazı vasitəsilə Allahın kitabına və Peyğəmbərin sünnəsinə əsaslandırın). Bu (sizin üçün) daha xeyirli və nəticə baxımından daha gözəldir.
Məgər sənə nazil olana və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) iman gətirdiklərini güman edən, lakin (mübahisə zamanı) mühakiməni ona qarşı kafir olmaları əmr olunmuş azğınların (kafirlərin azğın hakimlərinin) yanına aparmaq istəyən kəsləri görmədin?! Şeytan onları uzun-uzadı bir zəlalətlə azdırmaq istəyir.
Onlara «Allahın nazil etdiyinə və Onun peyğəmbərinə tərəf gəlin» deyildikdə, münafiqlərin səndən tam üz döndərmələrini və başqalarını da saxlamalarını görərsən.
Belə isə, öz əlləri ilə etdiklərinin cəzası olaraq onlara bir müsibət gələn zaman (onların üzrxahlıq və rüsvayçılıqları) necə olacaq? Sənin yanına gələrək Allaha and içirlər ki, bizim (kafirlərin yanına mühakiməyə getməkdə) yaxşılıqdan və (iki tərəf arasında) barışıq yaratmaqdan başqa bir məqsədimiz yox idi!
Allah onların qəlblərindəkini (ikiüzlülük və düşmənçiliyi) bilir. Buna görə də onlardan üz çevir (mübarizə və döyüş fikrində olma), onlara nəsihət ver və yetərli və canlarına təsir edən söz de.
Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər.
Amma belə deyildir (onların imanları yoxdur). Sənin Rəbbinə and olsun ki, onlar aralarındakı ixtilaflarda səni hakim etməyincə, sonra isə sənin verdiyin hökmə görə özlərində heç bir sıxıntı və narahatlıq duymayıb tamamilə təslim olmayınca iman gətirməzlər.
Əgər Biz onlara «(cihad cəbhəsində hazır olmaqla) özünüzü öldürün və ya öz vətən və evlərinizdən çıxın» (deyə) qərar versəydik, (bunu) onların az bir qismi istisna olmaqla, yerinə yetirməzdilər. Əgər onlara verilən nəsihətlərə əməl etsəydilər, şübhəsiz bu, onlar üçün daha yaxşı və imanın sabitliyi və ruhun güclənməsi baxımından daha möhkəm olardı.
Onda Biz də mütləq onlara Öz tərəfimizdən böyük bir mükafat əta edərdik.
Və şübhəsiz, onları (etiqad, əxlaq və əməldə) doğru yola hidayət edərdik.
Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə) Allahın nemət verdiyi kəslərlə – peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlarla – birlikdədirlər. Onlar gözəl dostlardır.
(Həmin şəxslərlə) bu (dostluq) Allah tərəfindən olan bir əta və bəxşişdir. Allahın (hər kəsin layiq olduğu dərəcəni və ona münasib olan savabı) bilməsi kifayətdir.
Ey iman gətirənlər, (din düşmənləri qarşısında) öz hazırlığınızı qoruyaraq silahlarınızı götürün. Beləliklə (şəraitə uyğun olaraq) dəstə-dəstə və ya hamılıqla hərəkət edin və köçün.
Şübhəsiz, sizin aranızda (cihada yola düşməkdə) ağır tərpənən (və başqalarını da ağır tərpənməyə vadar edən), beləliklə sizə bir müsibət üz verdikdə «Allah mənə lütf və kömək etdi ki, orada onlarla birgə olmadım» deyən də var.
Və əgər sizə Allah tərəfindən (qələbə və qənimət kimi) bir lütf və mərhəmət gəlsə, o, sizinlə onun arasında əsla bir dostluq və məhəbbət olmamış (və sizinlə birgə döyüşdə iştirak edə bilməzmiş) kimi deyər: «Kaş mən də onlarla birgə olub böyük bir feyzə nail olaydım!»
114 Sürə
6236 Ayə
416 Tapılan Nəticə
21 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar