Quranda Axtarış Edin

Axtarış nəticələri: "Nisa" üzrə 416 ayə tapıldı. (121 - 140 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Ey iman gətirənlər, Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman diqqətlə araşdırma aparın və sizə salam verən və zahirdə İslama mənsubiyyət bildirən şəxsə, dünya həyatının mənfəətini əldə etmək istəyərək (bu bəhanə ilə onu öldürmək üçün) «sən mömin deyilsən» deməyin, halbuki Allah yanında çoxlu qənimətlər vardır. Bundan qabaq siz də, Allah (həqiqi imanla) sizin boynunuza haqq qoyana kimi elə idiniz (dildə iman gətirdiyinizi bildirir və həmçinin dünya mənfəəti üçün adam öldürürdünüz). Buna görə də gərək araşdırma aparasınız. Həqiqətən Allah etdiklərinizdən xəbərdardır.
Cismində xəsarət və digər üzrü olmadan (müstəhəbbi və ya vacibi-kifayi) cihada getməyib (evdə) oturan möminlər, Allah yolunda mal və canları ilə cihad edənlərlə əsla bir deyildirlər. Allah mal və canları ilə cihad edənləri (evdə) oturanlardan (yüksək) bir dərəcə ilə üstün etmişdir və Allah onların hər birinə (iman və əməli müqabilində) yaxşı bir mükafat vəd etmişdir. Allah cihad edənlərə (evdə) oturanlardan daha böyük mükafatla üstünlük əta etmişdir,
Öz tərəfindən (dünya və axirətdə) dərəcələr, bağışlanmaq və rəhmətlə! Allah həmişə bağışlayan və mehribandır.
Həqiqətən mələklər özlərinə zülm etməkdə olan kəslərin canlarını alarkən (onlara) deyəcəklər: «(Din baxımından) nə (vəziyyət)də idiniz?». Deyəcəklər: «Biz yer üzündə (iman və əməl cəhətdən) zəif (vəziyyətdə saxlanılmış halda) idik». Mələklər deyəcəklər: «Məgər Allahın yeri geniş deyildi ki, orada (küfr mühitindən İslam mühitinə) hicrət edəydiniz?!» Odur ki, onların yerləri Cəhənnəmdir və ora çox pis bir dönüş yeridir.
Heç bir çarəsi olmayan və (hicrət etməyə) heç cür yol tapa bilməyən zəif salınmış kişi, qadın və uşaqlar (hakim qüdrətin və ya elm öyrənməyə mane olan mühitin zəif hala saldığı bu kəslər) müstəsnadırlar.
Buna görə də ümid var ki, Allah onları əfv etsin. Allah həmişə çox əfv edən və bağışlayandır.
Kim Allah yolunda (cihad etmək, yaxud dini elm öyrənmək və ya lazım olan dünya malı üçün) hicrət etsə, (öz din işlərini təmin edə bilməsi üçün) yer üzündə ürəyi istəyən qədər çoxlu və geniş sığınacaq tapacaqdır. Kim öz evindən Allaha və Onun peyğəmbərinə tərəf hicrət etmək niyyəti ilə çıxsa, sonra ölüm onu haqlasa, həqiqətən, onun mükafatı Allahın öhdəsinədir. Allah həmişə çox bağışlayan və mehribandır.
Yer üzündə (hətta bir ağac məsafə miqdarında olsa belə) səfərə çıxdığınız zaman kafirlərin sizə zərər və ziyan vurub incidəcəklərindən qorxduğunuz təqdirdə (öz dörd rükətli) namaz(lar)ınızdan (iki rükəti) azaltmağınızda sizə günah yoxdur. Şübhəsiz, kafirlər həmişə sizə açıq-aşkar düşməndirlər.
(Təhlükə zamanı) aralarında olub onlar üçün (xof) namaz(ını camaat namazı şəklində) qıldığın zaman, onlardan bir dəstə (sənin namazının birinci rükətində) səninlə birgə qalxsınlar (və namaz qılsınlar) və əlbəttə öz silahlarını da götürsünlər. Elə ki, səcdəyə getdilər (və namazın ikinci rükətini camaat namazı deyil, tək qılınan namaz niyyəti ilə tamamladılar, gedib) sizin arxanızda (düşmənin qarşısında) dursunlar və namazını qılmamış digər bir dəstə gəlsin və öz namazlarını sənin (ikinci rükətin)lə birgə qılsınlar. Əlbəttə gərək ehtiyatlı olsunlar və silahlarını götürsünlər. Çünki kafirlər istəyirlər ki, siz öz silahlarınızı və mallarınızı yaddan çıxarasınız, beləliklə də onlar qəfildən sizə hücum etsinlər. Əgər yağışdan əziyyət çəksəniz, yaxud xəstə olsanız silahlarınızı yerə qoyaraq ehtiyat halında olmağınız sizin üçün günah deyildir. Həqiqətən Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır.
(Xof) namazı(nı) tamamladıqdan sonra (bütün hallarda) duran, oturan və böyrü üstə uzanan halda Allahı yada salın və (düşmənin şərindən) amanda olduğunuz zaman namaz(ı adi qaydada) qılın. Şübhəsiz namaz möminlərə həmişə vacib olan bir qərardır.
(Kafirlərdən olan) o dəstəni axtarmaqda və təqib etməkdə süstlük göstərməyin. Əgər siz ağrı və əziyyət çəkirsinizsə, onlar da sizin kimi ağrı və əziyyət çəkirlər, (halbuki,) siz Allahdan elə bir şeyə ümid edirsiniz ki, onlar (buna) ümid etmirlər. Allah həmişə (hər şeyi) bilən və hikmətlidir.
Həqiqətən Biz bu kitabı sənə haqq olaraq (uca və ağılın təsdiq etdiyi bir məqsədlə) nazil etdik ki, insanlar arasında Allahın sənə göstərdiyi əsasda hökm çıxarasan. Xainlərin müdafiəçisi olma!
Allahdan bağışlanmaq dilə ki, həqiqətən Allah həmişə çox bağışlayan və mehribandır.
Özlərinə xəyanət edən (və öz qəbilələrinin etdiyi oğurluğu bir yəhudinin boynuna atan) kəsləri müdafiə etmə ki, Allah xəyanətkar və günahkar şəxsi sevmir (müsəlmanlardan biri digərinin zirehini oğurlayıb onu bir yəhudinin boynuna atmışdı. İş məhkəməlik oldu və oğrunun qəbiləsi Peyğəmbərdən (s) müsəlmanın abrını qorumaq üçün onun lehinə hökm etməsini istədi. Səkkizə yaxın ayə bu hadisə ilə bağlıdır).
Camaatdan gizlədirlər, Allahdan isə gizlətmirlər (həmin işin Allahdan gizli olmamasından qorxmurlar), halbuki Allah Onun razı olmadığı söz barəsində gecə araşdırma aparıb çarə fikirləşdikləri zaman (Peyğəmbərə(s) müsəlmanın xeyrinə hökm etməsini deməyi planlaşdırarkən) onlarla birgə idi. Allah həmişə onların etdiklərini (elm və qüdrət baxımından) əhatə etmişdir.
(Oğrunun qəbiləsinə xitabən:) Bir baxın, (tutaq ki,) dünya həyatında onları (xainləri) siz müdafiə etdiniz, amma (bəs) onları Qiyamət günü Allahın qarşısında kim müdafiə edəcək, yaxud kim onların işinə yarayacaq?!
Hər kim pis bir iş görsə, yaxud özünə zülm etsə (özünə və ya başqasına zülm etsə, yaxud etiqad və ya əməldə günah etsə), sonra Allahdan bağışlanmaq diləsə, Allahın bağışlayan və mehriban olduğunu görər.
Kim bir günah qazansa, əslində (hətta maddi fayda və ləzzətləri olmuş olsa belə) öz ziyanına qazanır. Allah həmişə bilən və hikmətlidir.
Kim (səhvən və ya bilərəkdən, yaxud fərdi və ya ictimai) bir günah etsə, sonra onu günahsız bir şəxsə nisbət versə, şübhəsiz, boynuna (başqalarına töhmət vurmaqda) böhtan və aşkar bir günah götürmüşdür.
Əgər Allahın lütf və mərhəməti sənin halına şamil olmasaydı, həqiqətən onlardan bir dəstə səni (hökm çıxarmaqda) azdırmaq qərarına gəlmişdi. Halbuki onlar özlərindən başqasını azdırmaz və sənə heç bir zərər-ziyan vura bilməzlər. Allah (səma) kitab(ını) və hikməti (şəriət elmləri və əqli maarifi) sənə nazil etdi və bilmədiklərini sənə öyrətdi. Allahın sənə lütf və mərhəməti həmişə böyükdür.
114 Sürə
6236 Ayə
416 Tapılan Nəticə
21 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar