Quranda Axtarış Edin

Axtarış nəticələri: "ədalət" üzrə 46 ayə tapıldı. (1 - 20 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Ey iman gətirənlər, (borc almaq və ya alver etməklə) müəyyən müddətə qədər bir-birinizə borclu olduqda, onu yazın. (Borc sənədini) sizin aranızda bir katib ədalətlə yazmalıdır. Katib onu Allahın ona öyrətdiyi kimi yazmaqdan əsla imtina etməməlidir. O yazmalı və boynunda haqq olan şəxs (borclu) imla etməli, Rəbbi olan Allahdan qorxmalı və haqqdan heç nəyi azaltmamalıdır. Əgər boynunda haqq olan şəxs səfeh ya (yaş baxımından) zəif olsa, ya (dilində olan qüsur səbəbindən) imla etməyə qadir olmasa, onun qəyyumu ədalətlə imla etsin. Və kişilərinizdən (müsəlman kişilərdən) iki nəfəri şahid tutun. Əgər iki kişi olmasa, şahidlər içərisindən (dinlərindən) razı olduğunuz bir kişi və iki qadını şahid tutun ki, əgər o iki qadından biri unutsa, o biri onun yadına salsın. Şahidlər (şahid durmaq və ya şəhadət vermək üçün) dəvət olunduqda, boyun qaçırmamalıdırlar. Az və ya çox olmasından asılı olmayaraq müəyyən bir müddətə qədər möhləti olan borcu yazmaqdan usanmayın. Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha möhkəm və şəkkə düşməməyinizə (çəkişməyə düçar olmamağınıza) daha yaxındır. Aranızda nəqd yolla dövr etdirdiyiniz alış-veriş istisnadır ki, onu yazmamağınız sizə günah deyildir. Və həmişə alış-veriş edən zaman şahid tutun (belə etsəniz daha yaxşı olar). Katib (yazan) və şahid (azaldıb-çoxaltmaqla haqq sahibinə) zərər vurmamalıdırlar və katibə və şahidə (haqlarını verməməklə) zərər dəyməməlidir. Əgər belə etsəniz (deyilənlərin əksini etsəniz və tərəflərdən hər hansı birinə ziyan dəysə), bu sizin üçün (Allaha qarşı) itaətsizlik və günahdır. Allahdan qorxun! Allah sizi öyrədir və Allah hər şeyi biləndir.
Göylərdə və yerdə olanların hamısı (göylər və yer də daxil olmaqla) Allahın həqiqi mülküdür. Qəlbinizdə olanı (qeyri-ixtiyari fikir və adətlər deyil, pis əqidələr və yaramaz adətləri) aşkar etsəniz də gizlətsəniz də Allah sizinlə onun hesabını aparacaqdır. Beləliklə, (rəhmətinin tələbi əsasında) istədiyini bağışlayacaq, (ədalətinə əsasən) istədiyinə əzab verəcəkdir. Allah hər şeyə qadirdir.
Allah (əzəldən Öz elmi ilə, dünyanı yaratdıqdan sonra Öz yaradılış qüdrəti ilə və daha sonra peyğəmbərlərin, ağılın və səmavi kitabların dili ilə) ədalətə əsaslanaraq (və işlərini ədalət üzərində möhkəmləndirərək) Ondan başqa bir məbudun olmamasına şəhadət verdi. Həmçinin mələklər və elm sahibləri (də şəhadət verdilər). (Bəli) Ondan başqa bir məbud yoxdur. Yenilməz qüdrət və (xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir.
Həqiqətən, Allahın ayələrini inkar edənləri, peyğəmbərləri nahaq yerə öldürənləri və camaat içərisindən ədalətə dəvət edənləri qətlə yetirənləri ağrılı bir əzabla müjdələ.
Əgər yetim qızlar barəsində (həmin dövrün adət-ənənəsinə uyğun evlənəcəyiniz təqdirdə) ədalətə riayət etməyəcəyinizdən qorxsanız, onda meyliniz olan (başqa) qadınlardan ikisi, ya üçü və ya dördü ilə evlənin. Və əgər birdən ədalətlə rəftar etməyəcəyinizdən qorxsanız, onda, yalnız bir qadınla, ya aldığınız bir kənizlə kifayətlənin. Bu iş sizin yolunuzu azmamağınıza və zülm etməməyinizə daha yaxındır.
Yetimləri evlənmək həddinə (hər bir insanın və heyvanın ruhi və cismi təkamülünün ilk mərhələsi olan cinsi yetkinlik həddinə) çatana qədər sınayın. Beləliklə, əgər onlarda (fikir və ağıl baxımından) bir inkişaf görsəniz, onların mallarını özlərinə qaytarın. Onu (onların mallarını) böyüyəcəklərinə (və mallarını sizdən geri almalarından qorxduğunuza) görə israfla və tələm-tələsik yeməyin. (Yetimlərin qəyyumlarından) ehtiyacı olmayan kəs (yetimin malına əl vurmaqdan) çəkinsin. Yoxsul olan isə (yetimin malından) ürfi (və ədalətli zəhmət haqqı) miqdar(ın)da yesin. Beləliklə, onların mallarını özlərinə qaytarmaq istəyən zaman, onlar üçün şahid tutun (ki, sonradan bir mübahisə, dava-dalaş düşməsin). Allah yetərli hesab çəkəndir.
Özlərindən sonra (yaş və ya ruhi cəhətdən) zəif övladlar qoyacaqları təqdirdə onların (gələcəyi) barəsində qorxan şəxslər gərək (başqalarının yetimlərinə zülm etməkdən və vəsiyyətlərində öz övladlarının haqqını zay etməkdən də) qorxsun. Buna görə də Allahdan qorxsunlar və (başqalarının yetimləri ilə) doğru-düzgün söz danışsınlar (və malların sərf olunması və vəsiyyət edilməsində ədalətə riayət etsinlər).
Həqiqətən, Allah sizə əmanətləri (vacibi əməlləri Allaha və camaatın haqlarını onlara) öz sahiblərinə qaytarmağınızı əmr edir. İnsanlar arasında (mübahisə və dava-dalaş barəsində və ya şəxslər və hadisələr haqqında) hökm çıxaranda, ədalətlə hökm çıxarın. Doğrudan da Allah sizə gözəl bir öyüdlə nəsihət edir. Həqiqətən Allah həmişə eşidən və görəndir.
Səndən qadınlar (onlarla evlənmək və onların irsi) barəsində hökm istəyirlər, de: «Onlar barəsində sizə (surənin əvvəlində gördüyünüz kimi) Allah hökm verir. Həmçinin bu kitabda sizə oxunan şeylər – qərara alınmış haqlarını vermədiyiniz və evlənməyə rəğbət göstərmədiyiniz yetim qızlar barəsində, eləcə də (mallarını yediyiniz) zəif və aciz uşaqlar barəsində (hökm verir). Və (Allah sizə) yetimlərlə ədalətli və insafla davranmağınızı (tövsiyə edir).» Şübhəsiz Allah gördüyünüz hər bir xeyir işi bilir.
Siz hər nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında (batini meyllərdə) ədalətə riayət edə bilməzsiniz. Buna görə də (heç olmasa, zahiri vəzifələrdə) onların birindən tamamilə üz döndərib onu qeyri-müəyyən şəraitdə (havada) qoymayın. Əgər sülh və barışıq etsəniz və təqvalı olsanız, şübhəsiz Allah həmişə bağışlayan və mehribandır.
Ey iman gətirənlər, (bütün işlərinizdə) hətta özünüzün, ya ata-ananızın, yaxud yaxınlarınızın ziyanına olsa belə, həmişə və tam şəkildə ədaləti bərqərar edin və Allaha görə şahidlik edin. Əgər (dava edən tərəflərdən biri) imkanlı ya yoxsul olsa (siz onların vəziyyətlərini nəzərə alaraq haqqa zidd şahidlik etməyin, çünki) Allah onlara (onların halını nəzərə almağa) daha layiqlidir. Buna görə də nəfsi istəyə tabe olmayın ki, (nəticədə) haqdan üz çevirəsiniz. Əgər dil(inizi nahaq tərəfə) əysəniz ya (şəhadət verməkdən) üz döndərsəniz, (bilin ki,) həqiqətən Allah etdiklərinizdən həmişə xəbərdardır.
Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır.
Yəhudi və xaçpərəstlər dedilər: «Biz Allahın oğulları və Onun sevimliləriyik». De: «Onda bəs nə üçün Allah sizə günahlarınıza görə əzab verir?» Əksinə, siz də Onun yaratdıqlarından bir bəşərsiniz. İstədiyi şəxsi (rəhmətinin tələbinə əsasən) bağışlayır və istədiyi şəxsə (ədalətinin tələbi əsasında) əzab verir. Göylərin, yerin və onların arasındakıların həqiqi sahibi Odur və qayıdış Ona tərəfdir.
Məgər göylərin və yerin həqiqi səltənət və mülkiyyətinin Allaha məxsus olmasını bilmirsən?! (Çünki yaratmaq, qorumaq, işlərin nizama salınması və yox etmək, bunların hamısı Onun iradə və istəyinin təsiri altındadır.) İstədiyinə (ədalət və hikmətə uyğun olaraq) əzab verər və istədiyini (rəhmət əsasında) bağışlayar. Allah hər şeyə qadirdir.
Onlar yalana çox qulaq asaraq onu qəbul edən və haram yeyənlərdir (onlar öz alimlərindən yalan qəbul edirlər və alimləri camaatdan rüşvət alırlar). Buna görə də əgər sənin yanına gəlsələr, istəsən onların arasında hökm et, yaxud onlardan üz döndər. Əgər üz döndərsən, sənə əsla bir ziyan vura bilməzlər. Əgər hökm etsən, aralarında haqq-ədalətlə hökm et, çünki Allah ədalətliləri sevir.
«Əgər onlara əzab versən, onlar Sənin bəndələrindir (və Sənin əzabın eynilə ədalətdir) və əgər onları bağışlasan (bu qüdrət və hikmət əsasındadır və) həqiqətən, Sən Özün yenilməz qüdrət və hikmət sahibisən».
Rəbbinin sözü (Onun tovhidə dəvəti, həmçinin sonuncu kitabı və şəriəti mənasında) düzgünlük və (qanunvericilik mərhələlərində) ədalət baxımından kamil oldu. Onun sözlərini (kitab və şəriətini) əsla dəyişdirən olmayacaqdır. Odur eşidən və bilən!
«Və yetimin malına o, (cismani və ruhi baxımdan) həddi-büluğa çatana kimi, gözəl bir tərz istisna olunmaqla, yaxınlaşmayın. Ölçü və çəkini ədalətlə tam şəkildə verin. Biz heç bir kəsin üzərinə (əqidə və əməllərdə) öz imkanından artıq vəzifə qoymuruq. (Hakim və şahid kimi və ya fətva vermək məqsədilə) danışanda, hətta qohum(larınız barəsində) olsa belə, ədalətli olun. Və (şəriətin əsas və qollarını qəbul etməkdə) Allahın əhd-peymanına kamil surətdə vəfa edin. Bəlkə öyüd götürəsiniz deyə, Allahın sizə tapşırdıqları bunlardır.»
De: «Rəbbim ədalətə əmr etmişdir. Və «üzünüzü və diqqətinizi hər səcdə və namazda, hər namaz vaxtı və hər bir məsciddə (Allaha) yönəldin və din və itaəti yalnız Onun üçün xalisləşdirərək Onu çağırın» (deyə buyurmuşdur). Sizi əvvəldə yaratdığı kimi (Qiyamət günü) qayıdacaqsınız» (cisminizi torpaqdan yaratdığı kimi ölümdən və cisminizdə parçalanma yarandıqdan sonra, yenidən onun səhnəsinə qayıdacaqsınız. Öz əzəli elmində sizin xoşbəxt və bədbəxt olmağınız hökmünü verdiyi kimi həmin iki halın gerçəkləşməsiylə Məhşərə qayıdacaqsınız. Lakin əzəli elmdə verilmiş xoşbəxtlik və bədbəxtlik hökmünün gerçəkliklə üst-üstə düşməsi ixtiyaridir).
Və Musanın qövmündə haqqa əsaslanaraq (və haqq danışmaqla və haqqa əməl etməklə insanları) hidayət edən və haqqa əsaslanaraq (öz danışıqlarında və əməllərində) ədalətli olan bir dəstə vardır.
114 Sürə
6236 Ayə
46 Tapılan Nəticə
3 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar