Quranda Axtarış Edin

Axtarış nəticələri: "Nisa" üzrə 416 ayə tapıldı. (41 - 60 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Kim Allaha və Onun peyğəmbərinə itaətsizlik etsə və Onun (müəyyənləşdirdiyi) sərhədlərini aşsa (Onun hökmlərinə qarşı çıxsa), (Allah) onu həmişəlik qalacağı oda daxil edəcək və onun üçün alçaldıcı bir əzab vardır.
(Ey İslam hakimiləri,) qadınlarınızdan çirkin əmələ (zinaya və ya müsahiqəyə) mürtəkib olanlara qarşı (bu töhməti vuran şəxsin vasitəsi ilə) özünüzdən (möminlərdən) dörd kişinin şahidlik etməsini istəyin. Beləliklə əgər şəhadət versələr, onları (bu əməlin cəzası olaraq əbədi həbs kimi) ölüm yetişərək onların canını alana və ya Allah onlar üçün (başqa) bir yol açana qədər evlərdə saxlayın. (Bu hökm İslamın ilkin çağlarında mövcud olub. Sonralar digər bir yol kimi onlara zina üçün müəyyənləşdirilmiş cəza növünün icra olunması göstərilib.)
(Ey İslam hakimləri) sizlərdən həmin əməli (zinanı) etmiş hər iki nəfəri (arvadı olmayan kişi ilə əri olmayan qadını ilahi cəza növünün icrası ilə) incidin. Əgər (cinayətlərinin qazının yanında sübut olunmasından qabaq) tövbə etsələr və (özlərini) düzəltsələr, onlardan vaz keçin. Həqiqətən Allah həmişə tövbələri qəbul edən və mehribandır.
Əslində (qəbulu ilahi vədəyə əsasən) Allahın öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər onlardır. Allah həmişə bilən və hikmət sahibidir.
Daim günah edib ölümləri çatan zaman (öləcəyini yəqin edəndə və ya zahiri hissləri Bərzəx aləminin əlamətlərini dərk edəndə) «mən indi tövbə etdim» deyənlər və həmçinin küfr halında ölənlər üçün tövbə yoxdur (onların tövbələri qəbul olunmaz). Ağrılı bir əzab hazırladığımız kəslər onlardır.
Ey iman gətirənlər, (ərləri ölmüş) qadınları zorla (cahiliyyət adətlərinə uyğun olaraq ərlərinin malları kimi) irs aparmağınız halal deyil. Həmçinin irslərinin sizə çatması üçün varisi olduğunuz qadınların evlənmələrinə mane olmağınız halal deyil. (Eləcə də mehriyyə olaraq) onlara verdiklərinizin bir hissəsini (əllərindən) almaq üçün onları (ərləri olduğunuz qadınları), (itaətsizlik və zina kimi) aşkar çirkin bir iş görmələri istisna olmaqla sıxıntıda qoymayın (amma aşkar çirkin bir iş görmüş olsalar onları halal yollarla sıxıntıda qoymaqla onlardan bir şey ala bilərsiniz). Onlarla yaxşı rəftar edin və əgər onları xoşlamırsınızsa, (yenə də onlarla keçinin, çünki) çox vaxt siz bir şeyi xoşlamırsınız və Allah onda çoxlu xeyir qoyur.
Bir arvadın (əvvəlki arvadınızın) yerinə başqa bir arvad almaq istəsəniz və onlardan birinə (boşamaq istədiyinizə, mehriyyə olaraq) çoxlu mal vermisinizsə, ondan heç nəyi geri almayın. Yoxsa onu (cahiliyyət dövründə adətiniz olan) böhtan, iftira və aşkar günah yolu ilə alacaqsınız?! (Cahiliyyət adəti belə idi ki, qadınlara böhtan atırdılar ki, məcbur olub öz mehriyyələrindən əl çəksinlər).
Onu necə geri alırsınız halbuki siz (cismi və ruhi cəhətdən əlaqədə olaraq) bir-birinizə yetişmisiniz və onlar sizdən (nikah vasitəsi ilə) möhkəm bir əhd-peyman alıblar!
Atalarınızın evlənmiş olduğu qadınlarla - (cahiliyyət dövründə olub) keçən istisna olmaqla - evlənməyin. Həqiqətən də bu iş çox çirkin, (Allahın) qəzəb(in)ə səbəb olan və pis bir yoldur.
(Qohumlarınızdan məhrəm adlanan yeddi dəstə:) analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları və bacınızın qızları, (eləcə də süd əmmək və evlənmək yolu ilə digər bir altı dəstə:) süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, arvadlarınızın - yaxınlıq etdiyiniz arvadlarınızın himayənizdə olan qızları - əgər onlarla yaxınlıq etməmisinizsə onda sizə (ananı boşayıb qızla evlənməkdə) bir günah yoxdur-eləcə də (oğulluğa götürdüyünüz deyil) sizin belinizdən olan oğullarınızın arvadları və həmçinin iki bacını bir yerdə (eyni zamanda) almaq-(cahiliyyət dövründə olub) keçən istisna olmaqla-sizə əbədi haram olunmuşdur. Həqiqətən Allah həmişə çox bağışlayan və mehribandır.
Və (həmçinin) ərli qadınlar - (müharibə zamanı kafirlərdən) əsir düşənlər istisna olmaqla - (sizə haram oldu). (Çünki onların ərsiz əsir düşmələri təlaq hökmündədir.) Bunlar (bu hökmlər) Allahın sizin üçün yazdığı və qərara aldıqlarıdır. Bunlardan (sadalanan on dörd qismdən) başqaları sizə halal oldu ki, günahdan çəkinən və zinadan uzaq halda öz mallarınızla (onlarla evlənmək) istəyəsiniz. (Sadalanan on dörd qismdən başqa) müvəqqəti evləndiyiniz qadınların mehriyyələrini vacib (mal) olaraq ödəyin. Vacib mehriyyə təyin olunduqdan sonra (mehriyyənin aradan götürülməsi və ya onun azaldılıb-çoxalması barəsində aranızda) qarşılıqlı razılığa gəldiyiniz şeydə sizin üçün günah yoxdur. Həqiqətən Allah həmişə (işlərin xeyrini) bilən və (şəriət və xilqətdə) möhkəm yaradılış sahibidir.
Sizlərdən azad və möminə qadınlarla evlənməyə maddi imkanı olmayan şəxs malik olduğunuz kənizlərdən cavan və möminə qızlarla evlənsin. Allah imanınızı daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz (hamınız iman telləri vasitəsi ilə bir-birinizə bağlanmış bədənin üzvlərisiniz). Buna görə də sahiblərinin icazəsi ilə onlarla evlənin və mehriyyələrini zina əhli və gizlin aşnası olana deyil, namuslu olduqları təqdirdə gözəl bir tərzdə onlara ödəyin. Beləliklə əgər bu qadınlar (kənizlər) evlənəndə(n sonra) çirkin işə (zinaya) mürtəkib olsalar, onların cəzası azad qadınlar üçün olanın yarısı qədərdir. (Kənizlə evlənməyə verilən) bu (icazə) sizin (subaylıq) məşəqqət(in)dən və (zinanın) zərər(in)dən qorxanınız üçündür. Sizin üçün səbr etmək daha yaxşıdır. Allah çox bağışlayan və mehribandır.
Allah (dinin hökm və maarifini) sizə aydınlaşdırmaq, sizi sizdən əvvəlkilərin (dini) adətlərinə hidayət etmək və nəzərini sizə yönəltməklə tövbənizi qəbul etmək istəyir. Allah bilən və hikmət sahibidir.
Həmçinin Allah sizə nəzər salmaq istəyir. Nəfsi istəklərə tabe olanlar isə sizin böyük bir əyriliklə (haqq yoldan) sapmağınızı istəyirlər.
Allah (müvəqqəti evlənmək, kənizi almaq və digər qanunlarla) sizə yüngüllük gətirmək istəyir. İnsan (nəfsinin istəkləri müqabilində) zəif və aciz yaradılmışdır.
Ey iman gətirənlər, qarşılıqlı razılıq əsasında olan ticarət istisna olmaqla öz aranızda bir-birinizin mallarını haqsız yerə (şəriət və qanuna zidd yollarla) yeməyin. İntihar etməyin, bir-birinizi öldürməyin və özünüzü günah təhlükəsinə atmayın. Həqiqətən Allah sizə qarşı həmişə mehribandır.
Onu (başqasının malını yeməyi və birini öldürməyi Allahın hökmünün) hədd(lərin)i aşmaq və (özünə və ya başqalarına) zülm üçün edən kəsi tezliklə (yandırıcı) oda salacaq və odun istiliyini ona daddıracağıq. Bu, Allaha asandır.
Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik. (Günahların böyük və kiçik adlandırmaları onların fərdi və ya ictimai fəsadlarına görədir. Amma əslində Allaha itaətsizlik olması baxımından götürüldükdə bütün günahlar böyükdür.)
Heç vaxt Allahın, vasitəsilə birinizi digərinizdən üstün etdiyi şeyi arzulamayın (kişilər və qadınlar bir-birlərinin şər’i, qanuni, cismi və ruhi üstünlüklərini, eləcə də heç bir şəxs və ya dəstə başqasının Allah tərəfindən verilmiş mal, məqam və övlad kimi üstünlüklərini arzulamasın. Çünki bu imtiyaz və üstünlüklər hikmətə və yaradılış aləminin kamilliyinə əsaslanır və ona zidd arzular cəmiyyətdə paxıllığın və fəsadın aşkar olmasına səbəb olur). Kişilərin (ixtiyari və ya qeyri-ixtiyari xüsusiyyətlərlə) qazandıqlarından (əldə etdiklərindən) payları vardır. Həmçinin qadınların qazandıqlarından payları vardır. Allahdan (bir şey istədikdə) Onun fəzlindən istəyin ki, həqiqətən Allah hər bir şeyi biləndir (hər bir kəsə onun xeyrinə olanı verir).
Ata-ana, yaxınlar və (evlilik, cərirə zəmanəti, yaxud köləlikdən azad olma) əhd – peyman(ı) bağladığınız kəslərin qoyub getdikləri hər bir mal üçün varislər müəyyənləşdirmişik (və qohumluğun dərəcələri arasındakı fərq əsasında onlara irs düşür). Hər bir insan üçün (onun) mirası çatan varislər müəyyənləşdirmişik (və onlar) ata-ana və onun (digər) yaxınları, həmçinin (evlilik, cərirə zəmanəti, köləlikdən azad etmə və imamət) əhd-peyman(ı) bağladığınız kəslər(dən ibarət)dir. Odur ki, (ey zəmanənin hakimləri,) onların paylarını özlərinə verin. Şübhəsiz, Allah hər şeyə şahiddir.
114 Sürə
6236 Ayə
416 Tapılan Nəticə
21 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar