Quranda Axtarış Edin

Axtarış nəticələri: "iman" üzrə 639 ayə tapıldı. (141 - 160 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Ey Peyğəmbər, küfrdə (ona meyl göstərməkdə və kömək etməkdə) tələsən kəslər – istər dilləri «iman gətirdik» deyib qəlbləri iman gətirməmiş kəslər (münafiqlər), istərsə də yəhudilər səni kədərləndirməsinlər. Onlar çox yalan eşidən və sənin yanına gəlməyən dəstənin (alimlərinin) əmrlərinə çox qulaq asan (tabe olan)lardır. (Onların alimləri) o kəslər(dir) ki, (Tövratın) kəlmələri (və hökmlərini) öz yerlərində qərar tutduqdan sonra təhrif edirlər (və avamlarına) «əgər bunu (bu hökmü) sizə versələr, götürün və əgər onu verməsələr (ondan başqasını versələr) çəkinin» deyirlər. Sən Allahın əzab(a düçar) və xar olmasını istədiyi kəsdən Allah(ın əzabın)dan əsla bir şeyi dəf edə bilməzsən. Onlar Allahın qəlblərini pak etmək istəmədiyi kəslərdir. Onlar üçün dünyada xarlıq, axirətdə isə böyük bir əzab olacaqdır.
Allahın hökmü içərisində olan Tövrat onların yanlarında ola-ola səni necə hakim təyin edir, sonra onun (sənin çıxardığın hökmün) ardınca (çıxarılmış hökmün kitabları ilə üst-üstə düşməsinə baxmayaraq) üz döndərirlər?! Onların (öz kitablarına da) imanları yoxdur.
Ey iman gətirənlər, yəhudi və xaçpərəstləri özünüzə dost və köməkçi tutmayın, onlar bir-birlərinin dostu və köməkçiləridir. Sizdən kim onları özünə dost və köməkçi tutsa, onlardan olacaqdır (və zalımdır və) şübhəsiz, Allah zalım dəstəni hidayət etməz.
İman gətirənlər (münafiqlərin nifaqı üzə çıxan zaman bir-birlərinə) deyərlər: «Sizinlə birlikdə olmalarına dair Allaha möhkəm and içənlər bunlar idilər?!» (Doğrudan da) onların (münafiqlərin) əməlləri batil və puç oldu və onlar ziyana uğradılar.
Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar. Bu (iman, məhəbbət və şücaət) Allahın lütfüdür ki, onu istədiyinə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir.
Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir. (Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi Əli əleyhis-salam və onun rüku halında üzük bağışlamasıdır).
Kim Allahı, Onun peyğəmbərini və iman gətirənləri (öz) sahib və başçı(sı) kimi qəbul etsə (Allahın firqəsindəndir və) şübhəsiz, Allah firqəsi qalibdir.
Ey iman gətirənlər, sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən və (digər) kafirlərdən sizin dininizi lağa qoyan və ələ salanları özünüzə dost və köməkçi tutmayın və əgər möminsinizsə Allahdan qorxun.
De: «Ey kitab əhli, məgər bizdən yalnız Allaha, (Onun tərəfindən) bizə nazil olana və bizdən öncə (keçmiş peyğəmbərlərə) nazil olana iman gətirməyimizi, sizin çoxunuzun isə itaətsiz olmağınızı eyb tut(m)ursunuz?!» (Bu ayə bu sözə oxşayır ki: «Mənə mənim yalnız varlı, sənin isə yoxsul olmağını, yaxud mənim alim, sənin isə nadan olmağını eyb tutursan.»)
Onlar sizin yanınıza gələndə «iman gətirdik» deyərlər, halbuki, şübhəsiz (sizin hüzurunuza) küfr əqidəsi ilə gəlib və (elə) həmin əqidə ilə də xaric olublar! Allah onların həmişə gizlətdiklərini daha yaxşı bilir.
Əgər kitab əhli (İslama) iman gətirsəydi və təqvalı olsaydılar, şübhəsiz, onların günahlarını təmizləyər və onları neməti bol olan Cənnətlərə daxil edərdik.
Həqiqətən, (İslama) iman gətirənlər, yəhudilər, Sabiilər (Nuhun, yaxud Yəhyanın ardıcılları) və xaçpərəstlərdən (bu dəstələrin öz peyğəmbərinin əsrində) Allaha və axirət gününə iman gətirib yaxşı işlər görən kəslər üçün (Qiyamət günü) bir qorxu yoxdur və onlar qəmgin olmazlar.
Həqiqətən, Biz İsrail övladlarından (tovhid və peyğəmbərlərə iman barəsində) əhd-peyman aldıq və onlara peyğəmbərlər göndərdik. Nə vaxt (hansısa) bir peyğəmbər onlara ürəkləri istəməyən bir şey gətirirdisə, (həmin peyğəmbərlərin) bir qismini təkzib edir, bir qismini öldürürdülər.
Əgər onların Allaha və Peyğəmbərə və ona nazil olana imanları olsaydı, onları (müşrikləri) dost tutmazdılar. Lakin onların çoxu itaətsizdirlər.
Şübhəsiz, insanların iman gətirənlərə qarşı düşmənçilikdə ən qatısının yəhudilər və müşriklər olmasını görəcəksən. Onların möminlərlə dostluqda ən yaxın olanlarının isə «biz xaçpərəstlərik» deyənlər olduğunu görərsən. Bu, ona görədir ki, onların bir qismi keşişlər və rahiblərdir və onlar təkəbbürlənmir, özlərini yuxarı tutmurlar.
Onlar Peyğəmbərə nazil olanı eşidən zaman haqqı tanıdıqları üçün gözlərindən yaş axdığını görərsən. Onlar deyərlər: «Ey Rəbbimiz, iman gətirdik, odur ki, bizi (daim Sənin hüzurunda) şahid olanlardan (və axirət aləminin şahidlərindən) et»!
«Rəbbimizin bizi salehlərin dəstəsinə daxil və onlarla birgə etməsinə göz tikdiyimiz halda bizə nə olub ki, Allaha və haqdan bizə gələnə iman gətirməyək?»
Ey iman gətirənlər, Allahın sizə halal etdiyi pak şeyləri (haram edilməmiş müxtəlif yaşayış vasitələrini) özünüzə haram etməyin və həddi aşmayın (halalın hədlərini aşaraq harama da keçməyin) ki, həqiqətən Allah həddi aşanları sevmir.
Və Allahın ruzi olaraq sizə verdiklərinin halal və pak olanlarından yeyin (və şəriətin haram buyurduqlarından və zatən murdar olan şeylərdən çəkinin) və iman gətirdiyiniz Allahdan qorxun.
Ey iman gətirənlər, həqiqətən şərab, qumar və asılmış bütlər(ə ibadət etmək, onlar üçün qurban kəsmək və həmin qurbanın ətindən yemək) və qumardakı püşk oxları nəcis və murdardır və Şeytanın ixtiralarındandır. Buna görə də onlardan çəkinin, bəlkə nicat tapasınız.
114 Sürə
6236 Ayə
639 Tapılan Nəticə
32 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar