Quranda Axtarış Edin

Axtarış nəticələri: "Nisa" üzrə 416 ayə tapıldı. (141 - 160 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Onların gizli söhbətləri və (bir-birlərinin qulaqlarına) pıçıldadıqlarının çoxunda - sədəqəyə, ya xeyir bir işə və yaxud insanların arasını düzəltməyə əmr edən kəslər(in gizli söhbətləri) istisna olmaqla - bir xeyir yoxdur. Kim Allahın razılığını qazanmaq üçün belə etsə, tezliklə ona böyük bir mükafat verəcəyik.
Kim hidayət yolu ona aydın olduqdan sonra Bizim göndərdiyimiz peyğəmbərlə müxalifət və düşmənçilik etsə və möminlərin yolundan başqa bir yola tabe olsa, onu elə üz tutduğu tərəfə yönəldər, Cəhənnəmə daxil edər və onun hərarətini ona daddırarıq. Ora pis bir dönüş yeridir.
Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı, tövbəsiz) bağışlamaz və ondan başqasını (ondan başqa və ya aşağı günahları) istədiyi şəxs üçün (bəzi şərtlərlə, hətta tövbəsiz belə,) bağışlayar. Allaha şərik qoşan kəs, həqiqətən uzun-uzadı bir azğınlığa düşmüşdür.
Onlar Allahdan başqa yalnız qızları (qəbilələrin ögey qızları hesab edilən bütləri) çağırır və (əslində) yalnız azğın və itaətsiz Şeytanı səsləyirlər.
Allah ona lənət etdi və onu Öz rəhmətindən uzaqlaşdırdı. O dedi: «And olsun ki, mən Sənin bəndələrindən (özüm üçün) müəyyən bir pay götürəcəyəm». (Dünyada bütün kafir və fasiqlər, axirətdə isə müqəssir kafirlər və şəfaətin şamil olmadığı fasiqlər onundur.)
«Və şübhəsiz onları azdıracaq və (uzun-uzadı) arzulara düçar edəcəyəm; onlara əmr edəcəyəm ki, dördayaqlıların qulaqlarını (xurafat və bidət üzündən) deşsinlər (Maidə surəsi, 103-cü ayə); Allahın (ruh və cismdəki) xilqətini dəyişdirmələrini (fitri dini küfrə, yaxşı sifətləri rəzilətlərə, ibadətləri itaətsizliyə və təbii cismi başqa bir şəklə salmalarını) əmr edəcəyəm. Kim Allahın yerinə Şeytanı özünə başçı və yardımçı götürsə, doğrudan da aşkar bir ziyana düşmüşdür.
Şeytan onlara vədə verir və arzulara daldırır. Şeytan onlara aldadıcı vəddən başqa bir şey vermir.
Onların yerləri Cəhənnəmdir və ondan qaçmağa əsla bir yol tapmazlar.
İman gətirib yaxşı işlər görənləri tezliklə (ev və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəyik (və onlar) orada əbədi qalacaqlar. (Bu,) Allahın verdiyi haqq bir vəddir. Allahdan daha doğru danışan kimdir?!
(Axirətdə mükafat və cəzanın verilməsi) nə (sonuncu peyğəmbərin ümməti olduğunuza görə) sizin arzunuzladır və nə də (ki, özlərini Allahın dostu və övladları hesab edən) kitab əhlinin arzusuyla. Kim pis bir iş görsə, cəzalandırılacaqdır və özü üçün Allahdan başqa bir dost və kömək edən tapmayacaqdır.
kişi və ya qadınlardan mömin olaraq yaxşı işlərdən (bir şey) yerinə yetirən kəslər, cənnətə daxil olacaqlar və onlar hətta xurma çərdəyinin arxasındakı nöqtə qədər zülmə məruz qalmayacaq və haqlarından kəsilməyəcəkdir.
Kimin dini yaxşı əməl sahibi olub (şəriət baxımından) haqpərəst İbrahimin dininə tabe halda bütün vücudunu Allaha təslim edən şəxs(in dinin)dən daha gözəldir? Allah İbrahimi (Özünə) dost tutmuşdur.
(Hər bir şeyin yaradılışı, qorunması, idarə olunması və nəzərdə tutulan zamanda yox edilməsi Allahın iradə və istəyi ilə olduğu üçün) göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. Allah həmişə (vücud, qüdrət və elm baxımından) hər şeyi əhatə etmişdir.
Səndən qadınlar (onlarla evlənmək və onların irsi) barəsində hökm istəyirlər, de: «Onlar barəsində sizə (surənin əvvəlində gördüyünüz kimi) Allah hökm verir. Həmçinin bu kitabda sizə oxunan şeylər – qərara alınmış haqlarını vermədiyiniz və evlənməyə rəğbət göstərmədiyiniz yetim qızlar barəsində, eləcə də (mallarını yediyiniz) zəif və aciz uşaqlar barəsində (hökm verir). Və (Allah sizə) yetimlərlə ədalətli və insafla davranmağınızı (tövsiyə edir).» Şübhəsiz Allah gördüyünüz hər bir xeyir işi bilir.
Əgər bir qadın öz ərinin itaətsizliyindən ya (ondan) üz döndərməsindən qorxsa, o ikisinə (hətta özlərinin bəzi hüquqlarından keçməklə olsa belə) aralarında bir növ sülh və barışıq etmələrində günah yoxdur. (Əslində) sülh daha yaxşıdır. (Əlbəttə) paxıllıq və gözü götürməzlik təbiətcə (insanların) canların(ın) ayrılmaz bir hissəsinə çevrilmişdir (onların öz haqlarından keçmələri çətindir). Əgər yaxşılıq etsəniz və təqvalı olsanız, şübhəsiz, Allah etdiklərinizdən xəbərdardır.
Siz hər nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında (batini meyllərdə) ədalətə riayət edə bilməzsiniz. Buna görə də (heç olmasa, zahiri vəzifələrdə) onların birindən tamamilə üz döndərib onu qeyri-müəyyən şəraitdə (havada) qoymayın. Əgər sülh və barışıq etsəniz və təqvalı olsanız, şübhəsiz Allah həmişə bağışlayan və mehribandır.
Əgər (təsadüfən) o ikisi (ərlə arvad) bir-birindən ayrılsalar, Allah onların hər birini Öz (rəhmətinin) genişliyi ilə ehtiyacsız edər. Allah həmişə geniş (vücud, qüdrət, elm və rəhmət) və (xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir.
Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. Həqiqətən Biz sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərə, eləcə də sizə tövsiyə etdik ki, Allahdan qorxun və (hamıya xəbərdarlıq etdik ki,) əgər küfr etsəniz (Ona heç bir ziyan vurmazsınız, çünki) göylərdə və yerdə olanlar Allaha məxsusdur. Allah həmişə ehtiyacsız və (sifət və işlərində) təriflənəndir.
Həm göylərdə və həm də yerdə nə varsa (onların hamısı) Allahın həqiqi mülküdür. (Varlıq aləminin işlərini) qaydaya salmaq üçün Allah bəs edər.
Ey insanlar! Əgər istəsə sizin hamınızı aradan aparar və başqa bir dəstəni (vücuda) gətirər. Allah bu işə həmişə qadirdir.
114 Sürə
6236 Ayə
416 Tapılan Nəticə
21 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar