Quranda Axtarış Edin

Axtarış nəticələri: "İsra" üzrə 195 ayə tapıldı. (121 - 140 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

De: «Hər bir kəs öz vəziyyəti və nəfsi quruluşu əsasında davranır (çünki əməllərin mənşəyi insanın təbiəti və ya vərdişləridir). Lakin sizin Rəbbiniz (saf təbiəti əsasında) daha doğru yolda olanın halını daha yaxşı bilir.»
Səndən (hər bir canlının həyat mənbəyi olan) ruh(un həqiqəti və sifətləri) barəsində soruşurlar, de: «Ruh mənim Rəbbimin əmrindən (meydana gəlmiş)dir (və onun hər hansı bir canlıda qalması və yox olması da Onun əmri ilədir) və sizə elmdən (xüsusilə ruhun həqiqəti barəsində olan elmdən) yalnız az (bir miqdar) verilmişdir».
Əgər istəsək şübhəsiz, sənə (əslində cəmiyyətin ruhu olan) vəhy etdiyimizi aradan apararıq (və zehn səhifən boş qalar), sonra Bizim müqabilimizdə onu geri almaq üçün bir vəkil tapa bilməzsən.
Lakin (sənə verilən) Rəbbin tərəfindən bir rəhmətdir (və geri alınası deyildir). Çünki doğrudan da Onun sənə lütf və mərhəməti daim böyükdür.
De: «Şübhəsiz, əgər insan və cin tayfası bu Qur’anın (kəlmə və məna baxımından) bənzərini gətirmək üçün bir yerə toplaşsa, hətta bir-birlərinə kömək və arxa olsalar belə, onun bənzərini gətirə bilməzlər (çünki onu vücud, qüdrət və elm baxımından bütün varlıq aləmini əhatə etmiş bir qüvvə yaratmışdır).»
Həqiqətən Biz bu Qur’anda insanlar üçün təkrar və müxtəlif (şəkillərdə) hər məsəldən çəkdik, lakin insanların çoxu inkar və nankorluqdan başqa bir şey istəmədilər.
Və (müşriklər möcüzələrin müqabilində aciz qaldıqdan sonra, tərslik üzündən qeyri-məntiqi bir təklif irəli sürərək) dedilər: «Bizim üçün yerdən (Məkkə torpağından) qaynayan və sabit bir bulaq çıxarıb axıtmayınca, sənə əsla iman gətirmərik».
«Yaxud da sənin xurma və üzüm ağaclarından elə bir bağın olsun ki, onların arasından çoxlu çaylar axıdasan».
«Yaxud da göyü, güman etdiyin (və bizi onunla qorxutduğun) kimi parça-parça bizim başımıza tökəsən və ya Allahı və mələkləri dəstə-dəstə bizim qarşımıza gətirəsən».
«Yaxud da sənin qızıldan (və rəngarəng zinət əşyalarından) bir evin olsun, ya da göyə tərəf qalxasan. Və bizə, oxuya biləcəyimiz bir yazı gətirməyincə göyə qalxmağına (da) əsla iman gətirmərik». De: «Mənim Rəbbim pak və nöqsansızdır (kimsə Onu mələkləri ilə birlikdə öz hüzuruna çağıra bilməz və bu işləri Onun istək və iradəsi olmadan heç kəs yerinə yetirə bilməz)! Məgər mən yalnız peyğəmbərliyə göndərilmiş bir bəşər deyiləm?» (Peyğəmbərin, hətta millət istəsə belə, möcüzə seçmək haqqı yoxdur və o, Allahın seçdiyi möcüzə ilə dəvət edir).
İnsanlara hidayət (Peyğəmbərin və Qur’anın dəvəti) gələn zaman onların iman gətirmələrinə yalnız «Allah peyğəmbərliyə bəşər göndərib?» demələri mane oldu. (Belə ki, onların əqidələrinə görə, peyğəmbər mələklərdən olmalı idi.)
De: «Əgər yer üzündə arxayın hərəkət edənlər (Allah xofu olmayan və peyğəmbərlərin göndərilməsinə möhtac) mələklər olsaydı, göydən onlar üçün peyğəmbərliyə mütləq bir mələk nazil edərdik» (çünki yer əhli göydən hidayət olunmalı və peyğəmbərlə onun ümməti arasında cinsi uyğunluq olmalıdır).
(Dəvət və möcüzələrin onlara təsir edəcəyindən naümid olduqdan sonra) de: «Allahın (cəza günü mənim Onun Peyğəmbəri olmağıma və peyğəmbərlik tapşırıqlarını çatdırmağıma şəhadət vermək üçün) mənimlə sizin aranızda şahid olması kifayətdir. Çünki şübhəsiz O, həmişə bəndələrindən xəbərdar və (onları) görəndir.»
Allah kimi hidayət etsə, odur (əsl) doğru yolda olan və kimi öz azğınlığında boşlasa, onlar üçün Allahdan başqa heç bir köməkçi və başçı tapmazsan. Qiyamət günü onları kor, lal və kar halda üzləri üstə məhşərə gətirəcəyik (onlar üzləri üstə yeriyərlər, yaxud üzləri üstə süründürülərlər). Onların yeri Cəhənnəmdir. Hər zaman onun alovu azalsa, onlara bir şölə artırarıq.
Bu (əzab) Bizim ayə və nişanələrimizə küfr etdiklərinə və «biz bir ovuc sümük və çürümüş üzvlər olan zaman yeni bir yaradılışla diriləcəyik?!» dediklərinə görə onların cəzasıdır.
Məgər onlar göyləri və yeri yaradan Allahın onlar(ın dünyadakı cismləri) kimisini (axirətdə də) yaratmağa (və onların eynilə Bərzəx ruhunu ora daxil etməyə) qadir olduğunu və (həmçinin) onlar üçün (dünya həyatında və Qiyamət gününədək Bərzəxdə) barəsində heç bir şəkk-şübhə olmayan müəyyən bir müddət qoymasını bilmədilər?! Lakin bu zalımlar inkar və küfrdən başqa hər bir şeydən boyun qaçırdılar.
De: «Əgər siz mənim Rəbbimin rəhmət xəzinələrinə malik olsaydınız, onda, xərcləmək (vasitəsilə xəzinələrin qurtarması) qorxusundan mütləq xəsislik edərdiniz.» İnsan (zatı ehtiyac və yoxsulluq üzündən təbiətcə) həmişə xəsisdir.
Həqiqətən Musaya (tovhidin və onun peyğəmbərliyinin isbatı üçün) doqquz aydın nişanə və möcüzə verdik. Buna görə də İsrail övladlarından (Musanın möcüzələrlə) onların yanına gəldiyi zamanı soruş. Firon (möcüzələri müşahidə edərək ona) dedi: «Ey Musa, şübhəsiz, mən səni ovsunlanmış zənn edirəm».
Musa dedi: «Şübhəsiz, sən bilirsən ki, bu möcüzələri aydın dəlillər olmaq üçün yalnız, göylərin və yerin Rəbbi nazil etmişdir. Və əlbəttə b ey Firon mən səni (artıq) həlak olmuş sanıram».
Beləliklə, Firon onları (öldürməklə) yer (üzün)dən (və ya sürgün etməklə Misir torpağından) çıxartmaq qərarına gəldi. Belə olduqda Biz onu və onunla birlikdə olanların hamısını suda batırdıq.
114 Sürə
6236 Ayə
195 Tapılan Nəticə
10 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar