Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əl-İsra surəsi" üzrə
111 ayə tapıldı.
(41 - 60 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-İsra surəsi
Ayə 41
Həqiqətən Biz bu Qur’anda onların xatırlamaları və öyüd-nəsihət almaları üçün (Allahın tovhidi, şərikinin olmaması və digər məsələlər barəsində) müxtəlif açıqlamalar gətirdik. Lakin (bu) onlarda nifrət və uzaqlaşmaqdan başqa bir şey artırmır.
Əl-İsra surəsi
Ayə 42
De: «Əgər onların dediyi kimi Allahla birgə (başqa) məbudlar (da) olsaydı, onda onlar (qalib gəlib Onu aradan götürmək və ya Onun mülkündə şərik olmaq və yaxud heç olmasa Onun dərgahına yaxın olmaq üçün) mütləq ərşin sahibi olan Allaha bir yol axtarardılar.
Əl-İsra surəsi
Ayə 43
(Allah) onların dediklərindən pakdır və uca, çox-çox ucadır!
Əl-İsra surəsi
Ayə 44
Yeddi göy, yer və onlarda olan hər bir kəs Onu pak sifətlərlə mədh edir. Və (cansız təbiət, bitkilər aləmi, heyvanlar və onlardan üstün) elə bir şey yoxdur ki, (adi bəşər eşitmədiyi dilləri və vəziyyətləri ilə nöqsansızlığını) tərifləyərək Onu pak sifətlərlə mədh etməsin. (Çünki hər bir məxluqun vücudu Onun vücuduna, mümkün olması Onun vacibliyinə, hadisliyi m sonradan yaranması Onun qədimliyinə d elə əzəldən, həmişə olmasına, naqisliyi Onun kamalına və məhdudluğu Onun qeyri-məhdud olmasına dəlalət edir.) Və lakin siz onların (həmin) mədhini başa düşmürsünüz (dilləri ilə etdikləri mədhi başa düşməməyinizin səbəbi ona qüdrətinizin çatmaması, vəziyyətləri ilə etdikləri mədhi başa düşməməyinizin səbəbi isə səhlənkarlığınızdır). Həqiqətən O həlim və bağışlayandır (başa düşməyiniz üçün sizə möhlət verir, əgər başa düşməsəniz bağışlayır).
Əl-İsra surəsi
Ayə 45
Qur’an oxuduğun zaman səninlə axirətə inanmayanların arasında görünməz bir pərdə çəkərik (onların rəzil əxlaqı, itaətsizlikləri və küfrləri görünməz bir pərdədir və onların Qur’an maarifinə diqqət yetirmələrinə mane olur).
Əl-İsra surəsi
Ayə 46
Və (küfrlərinin cəzası olaraq) onların qəlblərinə onu (Qur’anı) başa düşməmələri üçün (qürur, mal, və məqam məhəbbətindən ibarət) örtüklər çəkmişik və qulaqlarında bir ağırlıq (qoymuşuq). Və Qur’anda Rəbbinin birliyini yad etdiyin zaman, nifrətlə arxa çevirirlər.
Əl-İsra surəsi
Ayə 47
Biz onlar (istehza və məsxərə üçün) sənə qulaq asan zaman səni nə məqsədlə dinlədiklərini, həmçinin bu zalımların (bir-birlərinə) «siz yalnız ovsunlanmış bir kişiyə tabe olursunuz» deyən zaman onların bir-birləri ilə pıçıldaşmalarını daha yaxşı bilirik.
Əl-İsra surəsi
Ayə 48
Gör sənə (şair, sehrbaz, kahin, divanə və ovsunlanmış kimi) necə məsəllər çəkdilər. Beləliklə onlar azıblar və (haqqa tərəf gedən) heç bir yol(u tapmağ)a (və onunla getməyə) qüdrətləri yoxdur.
Əl-İsra surəsi
Ayə 49
Və dedilər: «Məgər biz bir ovuc sümüklər və çürümüş üzvlər olduğumuz zaman, yeni bir məxluq surətində dirildiləcəyik?»
Əl-İsra surəsi
Ayə 50
De: «Siz (istəyirsiniz) daş olun, yaxud dəmir,
Əl-İsra surəsi
Ayə 51
ya zehinlərinizdə (möhkəmlik və həyat qəbul etməmək baxımından) böyük görünən hər hansı bir məxluq (Allah ona yenə ruh verib dirildəcəkdir). Onlar tezliklə «bizi (yeni həyata) kim qaytaracaqdır?» deyəcəklər. De: «Sizi ilk dəfə yoxluqdan var edən!» Onda dərhal (təəccüb və istehza ilə) başlarını sənə tərəf (uzadıb) bulayar və «bu (dirilmə) nə vaxt olacaqdır?» deyərlər. De: «Ümid var ki, yaxın olsun.»
Əl-İsra surəsi
Ayə 52
O gün ki, sizi (sizin Bərzəx ruhlarınızı və torpaqda dağılmış cəsədlərinizi yaradılış iradəsi ilə) çağıracaq, beləliklə siz (bədən üzvlərinizin bir yerə toplanması, dünyada olduğu şəkli alması və Bərzəx ruhlarının onlara daxil olması ilə) Ona sitayiş edən halda (Onun dəvətinə) cavab verəcək (və əmrini yerinə yetirəcək)siniz. Və (həmin vaxt dünyada və Bərzəx aləmində) yalnız az bir zaman qaldığınızı güman edərsiniz (dünya və Bərzəxin hər ikisi sizin nəzərinizdə axirət əbədiyyəti müqabilində az görünəcəkdir).
Əl-İsra surəsi
Ayə 53
Və Mənim bəndələrimə de ki, sözün ən gözəlini söyləsinlər (hər bir məqam üçün o məqama münasib sözün ən gözəlini seçsinlər). Həqiqətən Şeytan (fəsad yaradan sözlərin vasitəsi ilə) onların arasını vurur. Çünki Şeytan həmişə insana açıq-aşkar düşmən olmuşdur (və indi də belədir).
Əl-İsra surəsi
Ayə 54
Rəbbiniz sizin halınızı daha yaxşı bilir. Əgər istəsə (xeyir əməllərinizə görə və ya Öz geniş rəhmətinin əsasında) sizə rəhm edər, yaxud əgər istəsə (layiq olduğunuza görə) sizi cəzalandırar. Və səni onlara vəkil göndərməmişik (sənin vəzifən tapşırılan ilahi vəzifəni çatdırmaqdır. Dünyada mükafatlandırmaq və axirətdə mükafat və cəza vermək də sənə deyil, Allaha aid olan işlərdəndir).
Əl-İsra surəsi
Ayə 55
Sənin Rəbbin göylərdə və yerdə olan hər bir kəsin halını kamil şəkildə bilir. Şübhəsiz, Biz peyğəmbərlərin bəzisini (elm və nəfsi fəzilətlərdə, möcüzələrdə, risalətdə, şəriətdə və kitabda) bəzisindən üstün etdik və Davuda Zəbur verdik.
Əl-İsra surəsi
Ayə 56
De: «Barələrində allahlıq gümanında olduğunuz Ondan (Allahdan) qeyrilərini (bütləri, mələkləri, Məsihi və digərlərini) çağırın, onda (görəcəksiniz ki,) sizdən əsla nə bir zərər-ziyanı dəf etməyə malikdirlər, nə də onu başqasına yönəltməyə qadirdirlər.»
Əl-İsra surəsi
Ayə 57
(Bu kafirlərin tanrı kimi) çağırdıqlarının özləri hansının (Allaha) daha yaxın olması(nı bilmək) üçün öz Rəbbinə bir vasitə axtarır, Onun rəhmətinə ümid bəsləyir və Onun əzabından qorxurlar. Həqiqətən sənin Rəbbinin əzabı qorxulası və çəkiniləsidir.
Əl-İsra surəsi
Ayə 58
Biz Qiyamət günündən qabaq hər bir (azğın) cəmiyyəti (öz cari qayda-qanunlarımıza uyğun olaraq, ümumi bir ölümlə) həlak edəcək və ya şiddətli bir əzaba (qıtlığa, vəbaya və digər xəstəliklərə) düçar edəcəyik. [Və ya: Qiyamət günündən qabaq müqəddimə olaraq hər bir cəmiyyətin yaxşılarını adi ölümlə və pislərini şiddətli bir əzabla həlak edəcəyik ki, yer üzündə heç kəs qalmasın.] (Bizim) bu (üsulumuz əzəli elmə əsasən Lövhi-Məhfuz) kitab(ın)da yazılmışdır.
Əl-İsra surəsi
Ayə 59
Möcüzələri (Qüreyşin istədikləri möcüzələri) göndərməyə Bizə yalnız keçmişdəkilərin onları təkzib etmələri (və əzaba layiq olmaları) mane oldu (və bunlar da təbiətcə onlara oxşar olduqları üçün Biz bunlara möhlət vermək istəyirik). Və Səmud qövmünə aşkarcasına dəvə (möcüzəsi)ni verdik. Beləliklə onlar onunla (dəvəni öldürməklə ona və özlərinə) zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk.
Əl-İsra surəsi
Ayə 60
Və (yada sal) o zaman(ı) ki, sənə «həqiqətən sənin Rəbbin insanları (elm və qüdrət baxımından) əhatə etmişdir, (buna görə də qəm yemə və öz işində möhkəm ol)» dedik. Və Biz sənə (meymunların sənin minbərindən yuxarı çıxmalarını) göstərdiyimiz o yuxunu və Qur’anda lənətlənmiş o ağacı (xəbis Bəni-Üməyyə ağacını) insanlar üçün yalnız bir sınaq etdik. Biz onları qorxuduruq, lakin (bu,) onlarda böyük itaətsizlikdən başqa bir şey artırmır.