Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Ən-Nisa surəsi" üzrə
176 ayə tapıldı.
(161 - 176 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Ən-Nisa surəsi
Ayə 161
Eləcə də çəkindirilmələrinə baxmayaraq sələm aldıqlarına və camaatın mallarını boş və nahaq yerə yemələrinə görə (həmin halal şeyləri onlara haram etdik). Biz onların kafirlərinə ağrılı bir əzab hazırlamışıq.
Ən-Nisa surəsi
Ayə 162
Lakin onların elmdə qüvvətli olanlarına (Tövrat və İncilin həqiqi alimlərinə), sənə və səndən əvvəl (keçmiş peyğəmbərlərə) nazil olana iman gətirən bütün möminlərə, xüsusilə namaz qılanlara, həmçinin zəkat verənlərə və Allaha və axirət gününə iman gətirənlərə - onların hamısına tezliklə böyük bir mükafat verəcəyik.
Ən-Nisa surəsi
Ayə 163
Şübhəsiz, Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi sənə də vəhy göndərdik. Həmçinin İbrahimə, İsmailə, İshaqa, Yəquba, Əsbata (Yəqubun övladlarından olan peyğəmbərlərə), İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana vəhy göndərdik. Və Davuda Zəburu əta etdik (deməli sən peyğəmbərlik iddiası etmək və kitab verilmək baxımından ilk şəxs deyilsən).
Ən-Nisa surəsi
Ayə 164
Həmçinin (başlarına gələnləri) bundan öncə sənə söylədiyimiz və söyləmədiyimiz peyğəmbərləri (göndərdik). Və Allah Musa ilə məxsus bir tərzdə (pərdəsiz və vasitəsiz yetmiş iki saat ayaq üstə durduğu halda bütün Tövratı onun qulağına oxumaqla) danışdı.
Ən-Nisa surəsi
Ayə 165
(Onları) müjdə verən və qorxudan peyğəmbərlər (olaraq göndərdik) ki, bu peyğəmbərlər(in gəlişin)dən sonra insanların Allaha qarşı heç bir dəlil-sübutu olmasın. Allah həmişə yenilməz qüdrət və (bütün işlərində) hikmət sahibidir.
Ən-Nisa surəsi
Ayə 166
(Kitab əhlindən olan kafirlər sənə vəhy və kitab nazil olmasına şəhadət vermirlər) lakin Allah sənə nazil etdiyinə şəhadət verir ki, onu Öz elmi ilə nazil etmişdir (kəlmələrin nəzmlə düzülüşü, məzmunu və bəşər cəmiyyətinə nazil olması – bunların hamısı Onun əzəli elmi ilədir) və (buna) mələklər də şəhadət verirlər. Allahın şahid olması kifayətdir.
Ən-Nisa surəsi
Ayə 167
Həqiqətən kafir olub (başqalarını) Allahın yolundan saxlamış kəslər, şübhəsiz, uzun-uzadı bir azğınlığa düşüblər.
Ən-Nisa surəsi
Ayə 168
Həqiqətən Allah kafir olub (özlərinə və başqalarına) zülm etmiş kəsləri bağışlayan və (doğru) bir yola hidayət edən deyildir.
Ən-Nisa surəsi
Ayə 169
Yalnız Cəhənnəm yoluna (hidayət edər) ki, orada həmişəlik olaraq əbədi qalarlar. Bu iş (saysız-hesabsız insana sonu bilinməyən bir müddət ərzində məhdudiyyəti olmayan bir əzab vermək) Allah üçün asandır.
Ən-Nisa surəsi
Ayə 170
Ey insanlar, həqiqətən Bizim elçimiz sizə Rəbbiniz tərəfindən haqq (din və kitab)ı gətirmişdir. Buna görə də iman gətirin ki, (bu) sizin xeyrinizədir. Əgər kafir olsanız, onda (bilin ki, Allahın sizə ehtiyacı yoxdur, çünki) həqiqətən göylər və yer Allahın həqiqi mülküdür və Allah həmişə bilən və hikmət sahibidir.
Ən-Nisa surəsi
Ayə 171
Ey kitab əhli (ey xaçpərəstlər), öz dininizdə həddi aşmayın və Allaha qarşı haqq və həqiqətdən başqa bir şey deməyin («Allah allahlıqdan İsanın vücuduna çevrilmişdir» və ya «Allah ruh kimi İsanın bədəninə daxil olmuşdur» deməyin). Həqiqətdə Məryəm oğlu İsa Məsih Allahın elçisi, Məryəmə təlqin etdiyi bir kəlmə («ol!» kəlməsi ilə onu Məryəmin bətnində yaradıb) və Onun tərəfindən olan (və canlara həyat bəxş edən) bir ruhdur. Odur ki, Allaha və Onun peyğəmbərlərinə iman gətirin və «(Allah) üçlükdür (Allahın zatının cövhəri üç mövcuda – ata, oğul və Ruhul-Qudusa bölünüb)» deməyin. (Bu sözdən) çəkinin ki, sizin xeyrinizədir. Həqiqətən Allah tək olan tanrıdır, övladı olmaqdan pak (və uzaq)dır. Göylərdə və yerdə olanlar Onun həqiqi mülküdür. Allah (varlıq aləminin işlərini) düzəltmək üçün kifayətdir.
Ən-Nisa surəsi
Ayə 172
Məsih Allahın qulu olmaqdan əsla imtina etmir və (bundan Allahın dərgahına) yaxın olan bütün mələklər də imtina etmirlər. Kim Ona ibadət etməkdən imtina etsə və təkəbbürlük göstərsə, (Allah Qiyamət günü) onların hamısını (layiq olduqları kimi cəzalandırmaq üçün) Öz hüzuruna toplayacaqdır.
Ən-Nisa surəsi
Ayə 173
Lakin iman gətirib yaxşı işlər görmüş kəslərin mükafatlarını kamil şəkildə verəcək və onlara Öz lütf və rəhmətindən artıracaqdır. (İbadət etməkdən) imtina edən və təkəbbür göstərən kəsləri isə ağrılı bir əzabla cəzalandıracaqdır və onlar (orada) özlərinə Allahdan başqa bir başçı və yardımçı tapmayacaqlar.
Ən-Nisa surəsi
Ayə 174
Ey insanlar, həqiqətən Rəbbinizdən sizə (peyğəmbər, din və onun möcüzələri kimi) bir dəlil-sübut gəlmişdir. Və sizin üçün aşkar və aydınlıq gətirən bir nur (Qur’an) nazil etdik.
Ən-Nisa surəsi
Ayə 175
Allah tezliklə Ona iman gətirmiş və sığınmış kəsləri Öz tərəfindən olan bir rəhmət və mərhəmətə daxil edəcək və Özünə tərəf olan doğru yola hidayət edəcəkdir.
Ən-Nisa surəsi
Ayə 176
Səndən hökm verməyini istəyirlər, de: «Kəlalə (ata-anaları bir olan, yaxud yalnız atadan bir olan bacılar) barəsində sizə Allah hökm verir: Əgər övladı (atası, anası və babası) olmayan bir kişi ölsə və onun yalnız bir bacısı olmuş olsa, onun mirasının yarısı (şəriətin ilkin qaydasına əsasən) ona məxsusdur (qalan hissələr ikinci qaydaya əsasən irs olaraq ona düşür). Bu qardaş da, əgər bacının övladı yoxdursa onun (malının hamısının) varisi olur. Amma əgər bacılar iki nəfər olsalar, ölənin mirasının üçdə ikisi onlara məxsusdur (və qalan hissələr də şəriətin ikinci qaydasına əsasən irs kimi onlara düşür). Əgər onlar bir neçə bacı və qardaş olsalar (bütün miras onlara məxsusdur, lakin) kişiyə iki qadının payı qədər düşür. Allah (məsələləri) sizə (bu cür) bəyan edir ki, məbada azasınız. Allah hər şeyi biləndir.