"de" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "de" üzrə 1793 ayə tapıldı.
Yaxud (evlərinin damı çökmüş və) divarları damlarının üzərinə uçmuş (və sakinlərinin cəsədləri çürüyüb dağılmış) kənddən keçən (kəs) kimisini (görmüsənmi)? (O, təəccüblə öz-özünə) dedi: «Allah bunları ölümlərindən sonra necə dirildəcək?!» Buna görə də Allah onu yüz il öldürdü, sonra diriltdi (və) dedi: «(Burada) nə qədər qalmısan?» Dedi: «Bir gün, ya günün bir hissəsini (qalmışam)». Dedi: «Xeyr, yüz il qalmısan; yemək-içməyinə bax ki, heç dəyişməyib və uzunqulağına bax (gör necə çürüyüb dağılıb). Biz (bunu sənin istəyini yerinə yetirmək və) səni insanlara (Öz tovhid və qüdrətimizin) nişanə(si) etmək üçün (etdik). Bax (gör uzunqulağının) sümükləri(ni) necə götürür (və onları bir-birinə birləşdirir), sonra onların üstünə ət örtürük! Beləliklə (dirilməyin necəliyi) ona aydın olduqda, dedi: «İndi bilirəm ki, Allah hər şeyə qadirdir (və indi bunu öz gözlərimlə görüb yəqinlik əldə etdim).
(Yada sal) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, ölüləri necə diriltməyini mənə göstər». Dedi: «Məgər (Mənim qüdrətimə və ya axirət gününə) imanın yoxdur?» Dedi: «Əksinə (imanım var)! Lakin qəlbimin (gözlə görərək) rahatlıq tapması üçün (istədim)». Dedi: «Belə isə, dörd (növ) quş götür, (cismlərində olan əlamətləri dəqiq görə bilməyin üçün) onları özünə yaxınlaşdır və (onları) tikə-tikə doğra(yıb bir-birinə qat). Sonra (bu ətrafdakı) hər dağın başına onlardan bir parça qoy. Daha sonra onları çağır, sürətlə sənin yanına gələcəklər. Bil ki, Allah yenilməz qüdrət və hikmət sahibidir».
Mallarını Allah yolunda xərcləyənlərin (bu xərclərinin) misalı yeddi sünbül cücərdən və sünbüllərinin hər birində yüz (ədəd) dən olan toxum kimidir. (Deməli Allah yolunda sərf edilən hər bir şeyin yeddi yüz qat mükafatı vardır.) Allah istədiyi (və hikmətinin tələb etdiyi) şəxs üçün neçə qat artırır. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və biləndir.
Onların (batini) hidayətləri sənin öhdəndə deyildir (sənin vəzifən çatdırmaq, qorxutmaq, müjdə vermək və dəlil gətirməkdən ibarətdir). Lakin (Öz hikmət və rəhmətinə uyğun olaraq) istədiyini hidayət edən Allahdır. (Allah yolunda) nə mal xərcləyirsinizsə öz xeyrinizədir və Allahın razılığını qazanmaqdan başqa bir şey üçün xərcləmirsiniz. (Odur ki, malların ən yaxşısını xərcləyin və minnət də qoymayın). (Allah yolunda) xərclədiyiniz hər bir mal (onun mükafatı və ya onun eynilə özü axirətdə) kamil surətdə sizə veriləcək, sizə əsla zülm olunmayacaq, haqqınızdan kəsilməyəcəkdir.
Sələm yeyən kəslərin (insanlar arasındakı) duruş və rəftarları şeytanın toxunaraq dəli etdiyi (davranışının tarazlığını pozduğu) kəsin rəftarı kimidir. Bu onların «şübhəsiz, alış-veriş də sələm kimidir» demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmi isə haram etmişdir. Buna görə də kimə Rəbbi tərəfindən bir nəsihət gəlsə və o (sələm yeməkdən) çəkinsə, keçənlər onundur (onun sələm hökmünün nazil olmasından qabaq götürdüyü qazanc özününküdür) və işi (axirət cəzası baxımından) Allaha aiddir. (Sələm yeməyə) qayıdan kəslər isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
Ey iman gətirənlər, (borc almaq və ya alver etməklə) müəyyən müddətə qədər bir-birinizə borclu olduqda, onu yazın. (Borc sənədini) sizin aranızda bir katib ədalətlə yazmalıdır. Katib onu Allahın ona öyrətdiyi kimi yazmaqdan əsla imtina etməməlidir. O yazmalı və boynunda haqq olan şəxs (borclu) imla etməli, Rəbbi olan Allahdan qorxmalı və haqqdan heç nəyi azaltmamalıdır. Əgər boynunda haqq olan şəxs səfeh ya (yaş baxımından) zəif olsa, ya (dilində olan qüsur səbəbindən) imla etməyə qadir olmasa, onun qəyyumu ədalətlə imla etsin. Və kişilərinizdən (müsəlman kişilərdən) iki nəfəri şahid tutun. Əgər iki kişi olmasa, şahidlər içərisindən (dinlərindən) razı olduğunuz bir kişi və iki qadını şahid tutun ki, əgər o iki qadından biri unutsa, o biri onun yadına salsın. Şahidlər (şahid durmaq və ya şəhadət vermək üçün) dəvət olunduqda, boyun qaçırmamalıdırlar. Az və ya çox olmasından asılı olmayaraq müəyyən bir müddətə qədər möhləti olan borcu yazmaqdan usanmayın. Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha möhkəm və şəkkə düşməməyinizə (çəkişməyə düçar olmamağınıza) daha yaxındır. Aranızda nəqd yolla dövr etdirdiyiniz alış-veriş istisnadır ki, onu yazmamağınız sizə günah deyildir. Və həmişə alış-veriş edən zaman şahid tutun (belə etsəniz daha yaxşı olar). Katib (yazan) və şahid (azaldıb-çoxaltmaqla haqq sahibinə) zərər vurmamalıdırlar və katibə və şahidə (haqlarını verməməklə) zərər dəyməməlidir. Əgər belə etsəniz (deyilənlərin əksini etsəniz və tərəflərdən hər hansı birinə ziyan dəysə), bu sizin üçün (Allaha qarşı) itaətsizlik və günahdır. Allahdan qorxun! Allah sizi öyrədir və Allah hər şeyi biləndir.
Göylərdə və yerdə olanların hamısı (göylər və yer də daxil olmaqla) Allahın həqiqi mülküdür. Qəlbinizdə olanı (qeyri-ixtiyari fikir və adətlər deyil, pis əqidələr və yaramaz adətləri) aşkar etsəniz də gizlətsəniz də Allah sizinlə onun hesabını aparacaqdır. Beləliklə, (rəhmətinin tələbi əsasında) istədiyini bağışlayacaq, (ədalətinə əsasən) istədiyinə əzab verəcəkdir. Allah hər şeyə qadirdir.
Peyğəmbərimiz Rəbbi tərəfindən ona nazil olana iman gətirdi və möminlər hamılıqla Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə (peyğəmbərlərə) iman gətirdilər (və dedilər): «Onun elçilərinin heç biri arasında fərq qoymuruq». Həmçinin dedilər: «Eşitdik və itaət etdik; ey Rəbbimiz, Sənin bağışlamanı diləyirik; (hamının) qayıdış(ı) Sənə tərəfdir»!
Allah heç bir kəsin boynuna güc və qüvvəsindən artıq vəzifə qoymur. Kim nə xeyir iş görübsə öz xeyrinə, nə pis iş görübsə öz ziyanınadır. (Möminlər deyirlər:) «Ey Rəbbimiz, əgər biz unutsaq, ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, (günahlarımızın cəzası olaraq) ağır vəzifələr yükünü bizdən əvvəlkilərin boynuna qoyduğun kimi bizim (də) boynumuza qoyma! Ey Rəbbimiz, (axirət əzabı kimi) taqətimiz çatmayan şeyləri bizə yükləmə, bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim mövlamızsan, odur ki, bizə kafirlərin dəstəsi üzərində (qələbə çalmağa) kömək et».
Şübhəsiz, yerdə və göydə olanlardan heç bir şey (o cümlədən sizin iman və küfrünüz) Allaha gizli deyildir.
Bu kitabı sənə nazil edən Odur. Onun (kitabın) bir hissəsi kəlmələri aşkar (və mənası aydın) olan «möhkəm» ayələrdir ki, onlar kitabın əsası və anasıdırlar (başqa ayələrdə olan qaranlıq məqamlar onların vasitəsi ilə aradan qaldırılır). Digər bir hissəsi «mütəşabih» (bir neçə mənası olan) ayələrdir (və onların mənası məzmununun genişliyi, məfhumunun dərinliyi və ondan nəzərdə tutulan məqsədlərin çoxluğu səbəbindən ilk nəzərdə aydın deyildir və onlar «möhkəm» ayələrin və sağlam ağlın köməyi ilə təfsir olunmalıdırlar). Amma qəlblərində (haqdan) dönüklük olan kəslər, fitnəkarlıq və təvil etmək (düzgün olmayan məna vermək) üçün bu kitabın mütəşabihinə tabe olarlar. Halbuki, onun tə'vilini (və həqiqi mənasının nə olduğunu) Allahdan başqa heç kəs bilmir. Elmdə qüvvətli olanlar (isə) deyərlər: «Biz (möhkəm və mütəşabih olmasından və bizim mənasını bilib bilməməyimizdən asılı olmayaraq) ona iman gətirdik, (onun) hamısı bizim Rəbbimiz tərəfindəndir». (Bunu) sağlam ağıl sahiblərindən başqa heç kəs başa düşməz.
(Onlar deyərlər:) «Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma və bizə Öz tərəfindən bir rəhmət bəxş et, çünki, çox-çox bağışlayan Sənsən!»
Kafirlərə de: «Tezliklə (İslama) məğlub olacaqsınız və (axirətdə özünüzün pərakəndə qəbirlərinizdən) Cəhənnəmə doğru toplanacaqsınız». Ora qalmaq üçün çox pis yerdir.
De: «Sizə bunlardan da xeyirlisini xəbər verimmi? Təqvalılar üçün Rəbbi yanında (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər vardır ki, orada əbədidirlər. Həmçinin (orada cismi və ruhi çirkinliklərdən) pak olan zövcələr və Allah tərəfindən razılıq vardır. Allah Öz bəndələrini görəndir».
«Ey Rəbbimiz, həqiqətən biz iman gətirdik, belə isə günahlarımızı bağışla və bizi odun əzabından qoru» deyən kəslər
Odur ki, əgər səninlə mübahisə edərək höcətləşsələr de: «Mən vücudumu Allaha təslim etmişəm və həmçinin, mənə tabe olanlar (da özlərini təslim ediblər)!» Və (səmavi) kitab verilmiş kəslərə və savadsızlara (kitabsız müşriklərə) de: «İslamı qəbul etmisiniz?» Beləliklə, əgər İslamı qəbul etsələr mütləq hidayət olunublar və əgər arxa çevirsələr, onda sənin vəzifən (öz vaxtı olan vuruşma və ya Allaha aid olan cəzalandırma deyil) yalnız (peyğəmbərliyi və ondan doğan vəzifələri) çatdırmaqdır. Allah Öz bəndələrini görəndir.
Bu onların «(axirətdə Cəhənnəm) od(u) bizə bir neçə gündən artıq əsla dəyməz» demələrinə görədir. (Onların yəhudilərin cəhənnəmdə babalarının buzova sitayiş etdikləri günlərin sayı qədər qalacağı barəsində) uydurduqları iftira onları dinlərində aldatmışdır.
De: «Allahım! Ey hər bir mülkün həqiqi sahibi! Ey bütün hökumətlər üzərində mütləq hakim! İstədiyin kəsə hökmdarlıq verir və istədiyin kəsdən hökmdarlığı alırsan, istədiyinə izzət verir və istədiyini xar edirsən! Xeyir(in həqiqəti) Sənin əlindədir. Doğrudan da Sən hər bir şeyə qadirsən».
De: «Əgər sinələrinizdə olanı (fikir və qəlbinizdən keçirdiklərinizi, əqidələrinizi, hallarınızı və adətlərinizi) gizlətsəniz, yaxud (dil və əməllə) aşkar etsəniz, Allah onu bilir. Həmçinin göylərdə olanı da, yerdə olanı da bilir və Allah hər bir şeyə qadirdir».
De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır».
1793 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
90 Səhifə