Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Ən-Nisa surəsi" üzrə 176 ayə tapıldı. (61 - 80 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Ən-Nisa surəsi

Ayə 61
Onlara «Allahın nazil etdiyinə və Onun peyğəmbərinə tərəf gəlin» deyildikdə, münafiqlərin səndən tam üz döndərmələrini və başqalarını da saxlamalarını görərsən.

Ən-Nisa surəsi

Ayə 62
Belə isə, öz əlləri ilə etdiklərinin cəzası olaraq onlara bir müsibət gələn zaman (onların üzrxahlıq və rüsvayçılıqları) necə olacaq? Sənin yanına gələrək Allaha and içirlər ki, bizim (kafirlərin yanına mühakiməyə getməkdə) yaxşılıqdan və (iki tərəf arasında) barışıq yaratmaqdan başqa bir məqsədimiz yox idi!

Ən-Nisa surəsi

Ayə 63
Allah onların qəlblərindəkini (ikiüzlülük və düşmənçiliyi) bilir. Buna görə də onlardan üz çevir (mübarizə və döyüş fikrində olma), onlara nəsihət ver və yetərli və canlarına təsir edən söz de.

Ən-Nisa surəsi

Ayə 64
Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər.

Ən-Nisa surəsi

Ayə 65
Amma belə deyildir (onların imanları yoxdur). Sənin Rəbbinə and olsun ki, onlar aralarındakı ixtilaflarda səni hakim etməyincə, sonra isə sənin verdiyin hökmə görə özlərində heç bir sıxıntı və narahatlıq duymayıb tamamilə təslim olmayınca iman gətirməzlər.

Ən-Nisa surəsi

Ayə 66
Əgər Biz onlara «(cihad cəbhəsində hazır olmaqla) özünüzü öldürün və ya öz vətən və evlərinizdən çıxın» (deyə) qərar versəydik, (bunu) onların az bir qismi istisna olmaqla, yerinə yetirməzdilər. Əgər onlara verilən nəsihətlərə əməl etsəydilər, şübhəsiz bu, onlar üçün daha yaxşı və imanın sabitliyi və ruhun güclənməsi baxımından daha möhkəm olardı.

Ən-Nisa surəsi

Ayə 67
Onda Biz də mütləq onlara Öz tərəfimizdən böyük bir mükafat əta edərdik.

Ən-Nisa surəsi

Ayə 68
Və şübhəsiz, onları (etiqad, əxlaq və əməldə) doğru yola hidayət edərdik.

Ən-Nisa surəsi

Ayə 69
Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə) Allahın nemət verdiyi kəslərlə – peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlarla – birlikdədirlər. Onlar gözəl dostlardır.

Ən-Nisa surəsi

Ayə 70
(Həmin şəxslərlə) bu (dostluq) Allah tərəfindən olan bir əta və bəxşişdir. Allahın (hər kəsin layiq olduğu dərəcəni və ona münasib olan savabı) bilməsi kifayətdir.

Ən-Nisa surəsi

Ayə 71
Ey iman gətirənlər, (din düşmənləri qarşısında) öz hazırlığınızı qoruyaraq silahlarınızı götürün. Beləliklə (şəraitə uyğun olaraq) dəstə-dəstə və ya hamılıqla hərəkət edin və köçün.

Ən-Nisa surəsi

Ayə 72
Şübhəsiz, sizin aranızda (cihada yola düşməkdə) ağır tərpənən (və başqalarını da ağır tərpənməyə vadar edən), beləliklə sizə bir müsibət üz verdikdə «Allah mənə lütf və kömək etdi ki, orada onlarla birgə olmadım» deyən də var.

Ən-Nisa surəsi

Ayə 73
Və əgər sizə Allah tərəfindən (qələbə və qənimət kimi) bir lütf və mərhəmət gəlsə, o, sizinlə onun arasında əsla bir dostluq və məhəbbət olmamış (və sizinlə birgə döyüşdə iştirak edə bilməzmiş) kimi deyər: «Kaş mən də onlarla birgə olub böyük bir feyzə nail olaydım!»

Ən-Nisa surəsi

Ayə 74
Odur ki, gərək dünya həyatını axirətə satan kəslər Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşaraq öldürülsə, yaxud qalib gəlsə, tezliklə ona böyük bir mükafat əta edəcəyik.

Ən-Nisa surəsi

Ayə 75
Sizə nə olub ki, Allah yolunda və (o günlərdə müşriklərin hakimiyyəti altında olan Məkkə müsəlmanlarının, eləcə də bütün əsrlərdə zəmanə imperiyalarının hakimiyyəti altında olan) kişi, qadın və uşaqlardan ibarət müstəzəflərin (zəif hala salınıb həmin halda saxlanılan təbəqənin) - həmişə «ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə Öz tərəfindən bir başçı ver və bizə Öz tərəfindən bir köməkçi təyin et» deyən kəslərin (nicatı) uğrunda vuruşmursunuz?!

Ən-Nisa surəsi

Ayə 76
İman gətirənlər Allah yolunda vuruşurlar. Küfr edənlər isə azğının (haqqa itaətsizlik edən tüğyançının) yolunda vuruşurlar. Buna görə də siz Şeytanın köməkçiləri və dostlarına qarşı vuruşun. Şübhəsiz Şeytanın məkr və hiyləsi həmişə (Allahın tökdüyü tədbir müqabilində) zəifdir.

Ən-Nisa surəsi

Ayə 77
Məgər (cihad hökmündən qabaq Məkkədə) «(müşriklərlə döyüşdən) əl saxlayın, namaz qılın və zəkat verin» deyilən (lakin döyüşə tələsən), amma (Mədinədə) döyüş yazılan və qərara alınan zaman, bir dəstəsi insanlardan Allah qorxusu qədər və ya ondan da artıq qorxan və «ey Rəbbimiz, nə üçün bizə döyüş qərara aldın (yazdın)? Nə üçün bizə azacıq bir möhlət vermədin?» deyən kəsləri görmədinmi?! De: «Dünyanın mənfəəti azdır və təqvalılar üçün axirət daha yaxşıdır. (Orada) sizə hətta xurma çərdəyinin yarığındakı nazik tel qədər zülm olunmayacaq və haqqınızdan kəsilməyəcəkdir.»

Ən-Nisa surəsi

Ayə 78
Harada olsanız, hətta ucaldılmış hasarlar və qəsrlərin içində olsanız belə, ölüm sizi haqlayacaqdır. Onlara (münafiqlərə) bir yaxşılıq (sərvət, firavanlıq və qənimət) yetişəndə «bu, Allah tərəfindəndir» deyərlər, bir pislik (yoxsulluq, xəstəlik və məğlubiyyət) yetişəndə isə «bu, sənin tərəfindəndir (sənin nəhsliyinin ucbatındandır)» deyərlər. De: «Bunların hamısı Allah tərəfindəndir» (dünyada baş verən bütün hadisələr birbaşa Onun istək və iradəsi ilədir, lakin onları yaradan səbəblər müxtəlifdir). Bəs bu qövmə nə olub ki, sözü dərk etmək istəmirlər?

Ən-Nisa surəsi

Ayə 79
(Ey insan,) sənə yetişən hər hansı bir yaxşılıq Allah tərəfindəndir (onun səbəbi Allahın rəhmətidir) və sənə yetişən hər hansı bir pislik sənin öz tərəfindəndir (onun səbəbi sənin günahlarındır). (Ey Peyğəmbər,) Biz səni insanlara elçi olaraq göndərdik. Allahın (sənin peyğəmbərliyinə) şahid olması kifayətdir.

Ən-Nisa surəsi

Ayə 80
Allahın peyğəmbərinə itaət edən kəs, əslində Allaha itaət edib və kim üz döndərsə, Biz səni onların (əməlləri) üzərində gözətçi göndərməmişik.
114 Sürə
6236 Ayə
176 Tapılan Nəticə
9 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar