Quranda Axtarış Edin

Axtarış nəticələri: "Ətir" üzrə 802 ayə tapıldı. (41 - 60 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz.
Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,) Mən həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar.
Ey iman gətirənlər, hamılıqla (Allaha) təslim və itaətə daxil olun və şeytanın addımlarına tabe olmayın ki, həqiqətən, o sizin aşkar düşməninizdir.
(Şəriət sahibi olan peyğəmbərlərin göndərilmələrindən qabaq) bütün insanlar tək bir dəstə idilər (səmavi şəriətsiz öz ağıllarının tələbi əsasında yaşayırdılar. Amma yavaş-yavaş özlərinin dünya işlərində ixtilafa düçar oldular). Beləliklə Allah peyğəmbərləri (səmavi din və şəriətlə) müjdə verən və qorxudan olaraq göndərdi və onlarla birlikdə insanların arasında onların bir-birləri ilə ixtilafa düçar olduqları şey barəsində hökm çıxarmaq üçün haqq olaraq (və uca, ali və əqlani bir hədəf üçün səmavi) kitab nazil etdi. (Sonra kitabın özü barəsində ixtilaf yarandı, bir dəstə kitabın özünü və ya onda olan təlimlərin bəzilərini qəbul etmədi.) Onda ixtilafı yalnız kitab verilmiş kəslər, özü də onlara (bu barədə) aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq və təkəbbür ucbatından yaratdılar. Beləliklə, Allah iman gətirənləri Öz köməyi ilə barəsində ixtilafa düşdükləri haqqa doğru istiqamətləndirdi. Allah istədiyi şəxsi doğru yola hidayət edir.
Həqiqətən (həm) iman gətirmiş kəslər və (həm də) hicrət edərək Allah yolunda cihad etmiş kəslər Allahın rəhmətinə ümidvardırlar. Allah çox bağışlayan və mehribandır.
Müşrik qadınlarla, iman gətirməyincə evlənməyin. Əlbəttə ki, möminə bir kəniz azad və müşrik bir qadından - hətta o(nun camalı və malı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır. Həmçinin müşrik kişilərə iman gətirməyincə arvad verməyin. Əlbəttə ki, mömin bir qul azad və müşrik bir kişidən - hətta o(nun malı və məqamı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır. Onlar (müşrik kişi və arvad ər-arvadlılıq müddəti boyunca küfr və mənəvi pozğunluq baxımından öz həyat yoldaşlarına təsir edir və nəticədə onları) oda tərəf dəvət edirlər. Allah Öz yardımı ilə Cənnətə və bağışlanmağa doğru dəvət edir və Öz ayələrini insanlara açıqlayır ki, bəlkə (düşünüb) anladılar.
Qadınlara talaq verdikdən və onlar iddənin sonuna çatdıqdan sonra, öz aralarında xoşluqla razılığa gəldikləri təqdirdə onların öz ərləri ilə (əvvəlki ərləri, ya yeni ərə gedəcəkləri kişilərlə) evlənmələrinə mane olmayın. Bununla (bu hökmlə) sizdən Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Bu, sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz.
Beləliklə Talut (Əmaliqə ilə döyüşmək üçün) qoşunla birgə (öz qərargahlarından) ayrılarkən dedi: «Həqiqətən, Allah sizi bir çay ilə imtahan edəcəkdir. Odur ki, kim ondan (doyunca) içsə, məndən deyil və kim ondan içməsə məndəndir, əlinə bir ovuc su götürən istisna olmaqla (ki, o da məndəndir). Beləliklə, onların az bir hissəsi istisna olmaqla hamısı ondan içdilər. Talut və onunla birgə iman gətirənlər çaydan keçdikdən sonra (onlardan bəziləri) dedilər: «Bizim bu gün Calut və onun qoşunu ilə qarşılaşmağa taqətimiz yoxdur». Allaha qovuşacaqlarına inananlar (axirətə imanları olanlar isə) dedilər: «O qədər az (saylı) dəstə Allahın köməyi ilə çox (saylı) dəstəyə qalib gəlib ki! Allah səbirlilərlədir».
Bu peyğəmbərlərdən (adları çəkilən) bəzilərini bəzilərindən üstün etdik. Onlardan eləsi var ki, Allah onunla danışıb (Musa kimi) və bəzilərini bir neçə dərəcə ucaldıb (ulul-əzm peyğəmbərlər kimi). Və Məryəm oğlu İsaya aydın dəlillər (aşkar möcüzələr) əta etdik və onu «Ruhul-Qudus» ilə qüvvətləndirdik. Əgər Allah qəti şəkildə istəsəydi, onlardan sonra (tarix boyu) gələnlər (onların ümmətləri) onlara gəlmiş (bütün bu) aydın dəlillərdən sonra bir-birləri ilə vuruşmazdılar. Lakin ixtilafa düşdülər. Beləliklə onların bəzisi iman gətirdi və bəzisi kafir oldu (və yer üzündə müharibələr törətdilər). Şübhəsiz, əgər Allah istəsəydi, onlar bir-birləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini (bəndələri əqidə və əməllərində ixtiyar sahibi) edir.
Ey iman gətirənlər, nə alış-verişin və nə də dostluq və şəfaətin olmayacağı gün gəlməmişdən qabaq sizə ruzi olaraq verdiklərimizdən (Allah yolunda) xərcləyin. Kafirlərdir zalımlar!
Dində (əqidənin əsasalarında) məcburiyyət yoxdur (çünki, daxili inanc və etiqadlar zorla qəbul etdirilə bilməzlər və dəlil-sübuta tabedirlər). Şübhəsiz, (bu Qur’an vasitəsilə) hidayət yolu azğınlıqdan (seçilib) aydınlaşmışdır. Buna görə də, kim azğın və itaətsizə (şeytan və onun ardıcıllarına) kafir olub Allaha iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən və biləndir.
Allah iman gətirənlərin dostu və başçısıdır. Onları (nadanlıq, küfr və itaətsizliklik) qaranlıqlar(ın)dan (elm, iman və təqva) nur(un)a tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları (hidayət) nur(un)dan (azğınlıq) zülmətlər(in)ə tərəf çıxarırlar. Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
Ey iman gətirənlər, sədəqələrinizi malını riyakarlıq və camaata göstərmək məqsədi ilə xərcləyən və Allaha və axirət gününə imanı olmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. O, üzərinə (azacıq) torpaq oturmuş və sonra leysan yağışın yağıb onu təmiz (torpaq və bitkisiz) bir daş halına saldığı möhkəm və hamar daşa bənzəyir (onun sədəqəsi leysanın yuyub apardığı həmin torpaq kimidir). Onlar (riyakarlar) kəsb etdiklərindən heç bir şey əldə etməyəcəklər. Allah kafir qövmü hidayət etmir.
Ey iman gətirənlər, kəsb etdiklərinizin və sizin üçün yerdən çıxardığımız şeylərin (tarla və mədən məhsullarının) pak və halallarından (Allah yolunda) xərcləyin və pak olmayan (pis və haram) malı xərcləmək fikrinə düşməyin. Halbuki (əgər) onu (sizin haqqınız müqabilində versəydilər) ancaq göz yumaraq (və meylsiz halda) qəbul edərdiniz. Bilin ki, Allah ehtiyacsız və (sifət və işləri) təriflənmişdir.
Onların (batini) hidayətləri sənin öhdəndə deyildir (sənin vəzifən çatdırmaq, qorxutmaq, müjdə vermək və dəlil gətirməkdən ibarətdir). Lakin (Öz hikmət və rəhmətinə uyğun olaraq) istədiyini hidayət edən Allahdır. (Allah yolunda) nə mal xərcləyirsinizsə öz xeyrinizədir və Allahın razılığını qazanmaqdan başqa bir şey üçün xərcləmirsiniz. (Odur ki, malların ən yaxşısını xərcləyin və minnət də qoymayın). (Allah yolunda) xərclədiyiniz hər bir mal (onun mükafatı və ya onun eynilə özü axirətdə) kamil surətdə sizə veriləcək, sizə əsla zülm olunmayacaq, haqqınızdan kəsilməyəcəkdir.
Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verən kəslərin Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır və (axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar.
Ey iman gətirənlər, Allahdan qorxun və əgər imanınız varsa, sələmin qalanından (sərmayədən artıq aldığınız miqdardan) əl çəkin.
Ey iman gətirənlər, (borc almaq və ya alver etməklə) müəyyən müddətə qədər bir-birinizə borclu olduqda, onu yazın. (Borc sənədini) sizin aranızda bir katib ədalətlə yazmalıdır. Katib onu Allahın ona öyrətdiyi kimi yazmaqdan əsla imtina etməməlidir. O yazmalı və boynunda haqq olan şəxs (borclu) imla etməli, Rəbbi olan Allahdan qorxmalı və haqqdan heç nəyi azaltmamalıdır. Əgər boynunda haqq olan şəxs səfeh ya (yaş baxımından) zəif olsa, ya (dilində olan qüsur səbəbindən) imla etməyə qadir olmasa, onun qəyyumu ədalətlə imla etsin. Və kişilərinizdən (müsəlman kişilərdən) iki nəfəri şahid tutun. Əgər iki kişi olmasa, şahidlər içərisindən (dinlərindən) razı olduğunuz bir kişi və iki qadını şahid tutun ki, əgər o iki qadından biri unutsa, o biri onun yadına salsın. Şahidlər (şahid durmaq və ya şəhadət vermək üçün) dəvət olunduqda, boyun qaçırmamalıdırlar. Az və ya çox olmasından asılı olmayaraq müəyyən bir müddətə qədər möhləti olan borcu yazmaqdan usanmayın. Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha möhkəm və şəkkə düşməməyinizə (çəkişməyə düçar olmamağınıza) daha yaxındır. Aranızda nəqd yolla dövr etdirdiyiniz alış-veriş istisnadır ki, onu yazmamağınız sizə günah deyildir. Və həmişə alış-veriş edən zaman şahid tutun (belə etsəniz daha yaxşı olar). Katib (yazan) və şahid (azaldıb-çoxaltmaqla haqq sahibinə) zərər vurmamalıdırlar və katibə və şahidə (haqlarını verməməklə) zərər dəyməməlidir. Əgər belə etsəniz (deyilənlərin əksini etsəniz və tərəflərdən hər hansı birinə ziyan dəysə), bu sizin üçün (Allaha qarşı) itaətsizlik və günahdır. Allahdan qorxun! Allah sizi öyrədir və Allah hər şeyi biləndir.
Peyğəmbərimiz Rəbbi tərəfindən ona nazil olana iman gətirdi və möminlər hamılıqla Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə (peyğəmbərlərə) iman gətirdilər (və dedilər): «Onun elçilərinin heç biri arasında fərq qoymuruq». Həmçinin dedilər: «Eşitdik və itaət etdik; ey Rəbbimiz, Sənin bağışlamanı diləyirik; (hamının) qayıdış(ı) Sənə tərəfdir»!
Əlif, Lam, Mim. (Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur və heç kəsin onun bənzərini gətirmək qüdrəti yoxdur. Bu kitab Əlifdən (Allahdan) Lam (Cəbrail) vasitəsi ilə Mimə (Muhəmmədə-səlləllahu əleyhi və alihi və səlləm) təlqin olunmuşdur. Bu kitabın möhkəm və bu cür mütəşabih (neçə cür yozulan, təfsir oluna bilən) ayələri vardır.)
114 Sürə
6236 Ayə
802 Tapılan Nəticə
41 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar