Quranda Axtarış Edin

Axtarış nəticələri: "isa" üzrə 536 ayə tapıldı. (221 - 240 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Məsih Allahın qulu olmaqdan əsla imtina etmir və (bundan Allahın dərgahına) yaxın olan bütün mələklər də imtina etmirlər. Kim Ona ibadət etməkdən imtina etsə və təkəbbürlük göstərsə, (Allah Qiyamət günü) onların hamısını (layiq olduqları kimi cəzalandırmaq üçün) Öz hüzuruna toplayacaqdır.
Lakin iman gətirib yaxşı işlər görmüş kəslərin mükafatlarını kamil şəkildə verəcək və onlara Öz lütf və rəhmətindən artıracaqdır. (İbadət etməkdən) imtina edən və təkəbbür göstərən kəsləri isə ağrılı bir əzabla cəzalandıracaqdır və onlar (orada) özlərinə Allahdan başqa bir başçı və yardımçı tapmayacaqlar.
Ey insanlar, həqiqətən Rəbbinizdən sizə (peyğəmbər, din və onun möcüzələri kimi) bir dəlil-sübut gəlmişdir. Və sizin üçün aşkar və aydınlıq gətirən bir nur (Qur’an) nazil etdik.
Allah tezliklə Ona iman gətirmiş və sığınmış kəsləri Öz tərəfindən olan bir rəhmət və mərhəmətə daxil edəcək və Özünə tərəf olan doğru yola hidayət edəcəkdir.
Səndən hökm verməyini istəyirlər, de: «Kəlalə (ata-anaları bir olan, yaxud yalnız atadan bir olan bacılar) barəsində sizə Allah hökm verir: Əgər övladı (atası, anası və babası) olmayan bir kişi ölsə və onun yalnız bir bacısı olmuş olsa, onun mirasının yarısı (şəriətin ilkin qaydasına əsasən) ona məxsusdur (qalan hissələr ikinci qaydaya əsasən irs olaraq ona düşür). Bu qardaş da, əgər bacının övladı yoxdursa onun (malının hamısının) varisi olur. Amma əgər bacılar iki nəfər olsalar, ölənin mirasının üçdə ikisi onlara məxsusdur (və qalan hissələr də şəriətin ikinci qaydasına əsasən irs kimi onlara düşür). Əgər onlar bir neçə bacı və qardaş olsalar (bütün miras onlara məxsusdur, lakin) kişiyə iki qadının payı qədər düşür. Allah (məsələləri) sizə (bu cür) bəyan edir ki, məbada azasınız. Allah hər şeyi biləndir.
Ey iman gətirənlər, Allahın (həcc və ümrə əməlləri və o ibadətlərin məkanları kimi tovhid və pərəstiş) nişanələrinə, haram aylara (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarına), nişansız qurbanlığa və boynunda boyunluq olan qurbanlığa və Rəbblərindən lütf və razılıq diləyən Beytül-Həram zəvvarlarına hörmətsizlik etməyin. Ehramdan çıxdıqdan sonra ov ovlaya bilərsiniz. Məscidül-Hərama girməyinizə mane olmuş bir dəstənin ədavəti sizi (onlara qarşı) həddi aşmağa vadar etməsin. Bütün xeyir iş(lərdə) və təqvada bir-birinizə kömək edin və günah və həddi aşmaqda bir-birinizlə köməkləşməyin. Allahdan qorxun ki, həqiqətən Allah ağır cəzalandırandır.
Beləliklə öz əhd-peymanlarını pozduqlarına görə onlara lənət etdik (surət, qəlb və təbiətlərini eybəcərliyə və hökümətlərini süquta məhkum etdik) və qəlblərini sərtləşdirdik. (Belə ki,) (Allahın) sözlərin(in) yerini dəyişib təhrif edirdilər və xəbərdar edildikləri şeylərdən (Tövrat elmləri və İslam Peyğəmbərinin peyğəmbərlik nişanələrindən) olan layiqli pay(ların)ı unutdular. Sən həmişə onların – az bir qismi istisna olmaqla –xəyanətkarlıqlarından xəbərdar olacaqsan. Buna görə də (hələlik, nə qədər ki, cihada əmr olunmamısan) onlardan keç və üz döndər ki, həqiqətən Allah yaxşıları və yaxşı iş görənləri sevir.
Ey kitab əhli, şübhəsiz, sizə Bizim peyğəmbərimiz gəlib ki, o, sizin üçün öz kitabınızdan (İslam peyğəmbərinin xüsusiyyətləri və Onun peyğəmbərliyinin nişanələri kimi) gizlətdiklərinizin bir çoxunu bəyan edir və bir çoxuna (Allahın cism olması barəsindəki sözlərə və peyğəmbərlərə günah nisbət verilməsinə də hələlik) göz yumur. Həqiqətən Allah tərəfindən sizə bir nur və (özü) aydın (olan) və aydınlıq gətirən bir kitab gəlib.
Ey kitab əhli, həqiqətən (Qiyamət günü) «bizə heç bir müjdə verən və qorxudan gəlmədi» deməməyiniz üçün Bizim peyğəmbərimiz sizin yanınıza gəldi ki, o, peyğəmbərlər silsiləsinin arası kəsildiyi dövrdə (İsa ilə Muhəmmədin – səlləllahu əleyhi və alihi və səlləm – peyğəmbərlik dövrləri arasındakı zaman fasiləsində dini maarifi) sizə bəyan edir. Deməli doğrudan da sizə müjdə verən və qorxudan gəldi. Allah hər şeyə qadirdir.
Bu səbəbdən (belə bir faciə baş verdiyi üçün) İsrail övladlarına (və tarix boyu olacaq bütün millətlərə belə) yazdıq və qərara aldıq ki, kim can qisası (haqqına malik) olmadan və ya yer üzündə fitnə-fəsad törətməmiş bir insanı öldürsə (ya İslamdan küfrə aparsa), sanki bütün insanları öldürmüşdür (və azdırmışdır və o, günahsızların qatillərinə məxsus Cəhənnəmdə olacaqdır) və kim bir insana həyat bəxş etsə (ölümdən nicat versə, yaxud küfrdən İslama gətirsə), sanki bütün insanları diriltmiş (və hidayət etmiş)dir. Doğrudan da Bizim peyğəmbərlərimiz onlar (İsrail övladları) üçün aydın dəlillər gətirdilər, sonra onların çoxu onun ardınca yer üzündə həddən artıq fəsad və qan tökməyə başladılar.
Həqiqətən Biz onda hidayət və nur olan Tövratı nazil etdik. (Musanın zamanından İsanın zamanına qədər Musanın dininə) təslim olan peyğəmbərlər onun əsasında yəhudilər üçün hökm çıxarırdılar. Həmçinin rəbbani (Allahpərəst) alimlər və (Tövratşünas) bilik sahibləri onlardan Allahın kitabının qorunması istənildiyi və onlar onun (qalması və toxunulmazlığına) şahid olduqları üçün (onun əsasında hökm çıxarırdılar). Odur ki, (ey yəhudi alimləri,) insanlardan qorxmayın, Məndən qorxun və Mənim ayələrim(i təhrif etmək) vasitəsilə az bir qazanc əldə etməyin! Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır kafirlər!
Biz o kitabda onlar üçün (belə) qərara aldıq ki, canın müqabilində can, gözün müqabilində göz, burunun müqabilində burun, qulağın müqabilində qulaq və dişin müqabilində dişdir (və bunların hər birinin qisası alınır). Yaraların da qisası vardır. Kim qisas alınmasına boyun qoysa bu, (onun həmin günahı üçün) bir kəffarədir. Kim qisas almaqdan keçsə, bu, (onun günahları üçün) bir kəffarədir. Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır zalımlar!
Onların (qabaqkı peyğəmbərlərin) ardınca Məryəm oğlu İsanı göndərdik ki, o, özündən əvvəlki Tövratı təsdiqləyirdi. Və ona içində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən və pəhrizkarlar üçün hidayət və nəsihət olan İncil verdik.
Məryəm oğlu Məsih yalnız bir peyğəmbərdir ki, ondan əvvəl də peyğəmbərlər keç(ib-get)mişlər. Onun anası çox doğruçu və əməli düz bir qadın olub. Onların hər ikisi yemək yeyirdilər (dünyaya gəlməsi, peyğəmbərliyi və yemək yeməsi, bunların hər üçü İncildə var. Deməli onlar Allah olmayıblar). Gör Biz ayə və (Öz tovhidimizin və İsanın bəndə olmasının) nişanələri(ni) necə bəyan edirik, sonra (da) gör onlar necə və hara qaytarılırlar?!
İsrail övladlarından kafir olanlar Davudun və Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, onların itaətsizlik etmələri və həmişə (Allahın təyin etdiyi) həddi aşmalarına görə idi.
Kafir olub ayələrimizi və nişanələrimizi inkar və təkzib edən kəslər isə Cəhənnəmin yoldaşlarıdır.
Allah Kə’bəni – o möhtərəm və təhlükəsiz evi, haram ayı (Həcc ayını və ya dörd haram ayı), nişanəsiz qurbanlığı və nişanəli qurbanları insanların (din və dünyasının) dayaq və bərqərarlıq vasitəsi etdi. Bu (böyük və hikmətli qanunvericilik) ona görədir ki, siz biləsiniz (ki): Şübhəsiz, Allah göylərdə olanı və yerdə olanı bilir və Allah hər bir şeyi biləndir.
(Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey Məryəm oğlu İsa, Mənim sənə və anana olan nemətimi xatırla, o zaman ki, səni Ruhul-Qudusla qüvvətləndirdim və sən camaatla beşikdə ikən (möcüzə yolu ilə) və orta yaşlarında (vəhy yolu ilə) danışırdın; o zaman ki, sənə kitab (öz kitabını və səmavi kitabları), şəriət hökmlərini, əqli elmləri, Tövratı və İncili öyrətdim; o zaman ki, Mənim (yaradılış) iznimlə gildən quş şəklinə bənzər (bir şey) düzəldir, sonra ona üfürürdün və o, Mənim iznim və iradəmlə quş olurdu; Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin; o zaman ki, Mənim iznimlə ölüləri (qəbirdən diri) çıxarırdın; o zaman ki, İsrail övladları üçün (peyğəmbərliyə dair) aydın dəlillər gətirdiyin vaxt, onların (şərrinin sənə dəyməsinin) qarşısını aldım, beləliklə, onlardan kafir olanlar dedilər: «Bu (möcüzələr), aşkar cadudan başqa bir şey deyildir!»
Həvarilərə (İsanın vəzirlərinə və xas səhabələrinə) «Mənə və Mənim peyğəmbərimə iman gətirin» deyə vəhy göndərən zaman onlar «iman gətirdik, şahid ol ki, biz Sənin əmrinə təslim olanlarıq» dedilər.
(Və yada sal) o zaman(ı) ki, həvarilər dedilər: «Ey Məryəm oğlu İsa, sənin Rəbbin bizə göydən «maidə» (tabaq, yaxud yeməklə dolu bir süfrə) göndərə bilərmi (zamanın məsləhəti bunu tələb edirmi)?» Dedi: «Əgər möminsinizsə, Allahdan qorxun». (Olmaya mənim peyğəmbərliyimdə şəkkiniz var və bu səbəbdən möcüzə istəyirsiniz?!)
114 Sürə
6236 Ayə
536 Tapılan Nəticə
27 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar