Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əl-Bəqərə surəsi" üzrə
286 ayə tapıldı.
(201 - 220 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Bəqərə surəsi
Ayə 201
Onlardan bəzisi deyər: «Ey Rəbbimiz, bizə dünyada da yaxşılıq əta et, axirətdə də yaxşılıq əta et və bizi (Cəhənnəm) odun(un) əzabından qoru».
Əl-Bəqərə surəsi
Ayə 202
Əldə etdiklərindən payları olacaq kəslər onlardır. Allah çox tez hesab çəkəndir (bir göz qırpımında Qiyaməti bərqərar edəcək və yaradılmışların aşkar və müfəssəl hesabından qabaq, bir anın içində onların hamısının gizlin və müxtəsər hesabını aparacaqdır).
Əl-Bəqərə surəsi
Ayə 203
Sayı müəyyən olan gün (və gecə)lərdə (Zilhiccə ayının hacıların Minada olmalı olduqları on bir, on iki və on üçüncü günlərində zikr etmək, namaz qılmaq və «cəmərə»lərə daş vurmaqla) Allahı yada salın. Beləliklə (əməlləri) iki gün içərisində (yerinə yetirdikdən sonra) köç etməyə tələsən kəsə heç bir günah yoxdur. Həmçinin (üçüncü günə qədər) gecikdirənə heç bir günah yoxdur. (Bu ixtiyar ehram halında ov ovlamaqdan və qadınla yaxınlıq etməkdən) çəkinmiş kəs üçündür. Allahdan qorxun və bilin ki, sizin hamınız (axirətdə) mütləq Onun hüzuruna toplanacaqsınız.
Əl-Bəqərə surəsi
Ayə 204
İnsanların eləsi var ki, onun dünya həyatındakı danışığı səni heyran edir və o, Allahı öz qəlbində olana şahid tutur, halbuki, o, düşmənlərin ən qəddarıdır.
Əl-Bəqərə surəsi
Ayə 205
Üz döndərən (və sənin yanından çıxıb gedən, yaxud iş başına keçən) zaman isə yer üzündə fəsad törətmək, əkin sahələrini və nəsli məhv etmək üçün yola düşər. Allah fəsadı sevmir.
Əl-Bəqərə surəsi
Ayə 206
Və ona «Allahdan qorx!» deyilən zaman, təəssübkeşlik və qürur onu günaha vadar edər (və o, zalımcasına əksül-əməl göstərər). Buna görə də Cəhənnəm ona kifayətdir və əlbəttə (o) çox pis bir yerdir.
Əl-Bəqərə surəsi
Ayə 207
İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır (hicrət gecəsi Peyğəmbərin - səlləllahu əleyhi və alihi və səlləm - yatağında yatmış Əli əleyhissalam kimi Allah yolunda canından keçir). Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır.
Əl-Bəqərə surəsi
Ayə 208
Ey iman gətirənlər, hamılıqla (Allaha) təslim və itaətə daxil olun və şeytanın addımlarına tabe olmayın ki, həqiqətən, o sizin aşkar düşməninizdir.
Əl-Bəqərə surəsi
Ayə 209
Buna görə də əgər sizə (tovhid və nübuvvətin) aydın dəlillər(i) gəldikdən sonra səhv etsəniz (və şirk və küfrü seçsəniz), bilin ki, Allah qüdrətli və hikmətlidir (və sizə Öz hikməti əsasında əzab verəcəkdir).
Əl-Bəqərə surəsi
Ayə 210
Məgər (sənin dəvətini inkar edənlər hərtərəfli dəlillər göstərilib tamamlandıqdan sonra) Allahın (əmrinin) ağ buluddan olan kölgəliklər içərisində onlara gəlməsini, (əzab) mələklərin(in) gəlib yetişmələrini və işin (onların həlak olmalarının) bitməsini istəyirlər?! Bütün işlər Allaha qaytarılacaqdır.
Əl-Bəqərə surəsi
Ayə 211
İsrail övladlarından onlara nə qədər aşkar dəlil verdiyimizi soruş. (Onlara əsa, düm ağ əl, dənizin yarılması, bir növ ağac şirəsindən hazırlanmış yemək və bildirçin və Tövrat kimi nemət və rəhmət vasitəsi verildi, lakin onlar öz naşükürlükləri ilə həmin nemətlərin hamısını əzab amillərinə çevirdilər)! Kim Allahın neməti ona çatdıqdan sonra həmin neməti dəyişdirsə, onda (bilsin ki,) Allah çox ağır cəzalandırandır.
Əl-Bəqərə surəsi
Ayə 212
Dünya həyatı kafirlərin gözündə (şeytanın və pis işlərə əmr edən nəfsin vasitəsi ilə) zinətlənmişdir və onlar (yoxsul) möminlərə məsxərə edirlər, halbuki, təqvalılar Qiyamət günü onlardan üstündürlər. Allah istədiyi şəxsə saysız-hesabsız ruzi verir.
Əl-Bəqərə surəsi
Ayə 213
(Şəriət sahibi olan peyğəmbərlərin göndərilmələrindən qabaq) bütün insanlar tək bir dəstə idilər (səmavi şəriətsiz öz ağıllarının tələbi əsasında yaşayırdılar. Amma yavaş-yavaş özlərinin dünya işlərində ixtilafa düçar oldular). Beləliklə Allah peyğəmbərləri (səmavi din və şəriətlə) müjdə verən və qorxudan olaraq göndərdi və onlarla birlikdə insanların arasında onların bir-birləri ilə ixtilafa düçar olduqları şey barəsində hökm çıxarmaq üçün haqq olaraq (və uca, ali və əqlani bir hədəf üçün səmavi) kitab nazil etdi. (Sonra kitabın özü barəsində ixtilaf yarandı, bir dəstə kitabın özünü və ya onda olan təlimlərin bəzilərini qəbul etmədi.) Onda ixtilafı yalnız kitab verilmiş kəslər, özü də onlara (bu barədə) aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq və təkəbbür ucbatından yaratdılar. Beləliklə, Allah iman gətirənləri Öz köməyi ilə barəsində ixtilafa düşdükləri haqqa doğru istiqamətləndirdi. Allah istədiyi şəxsi doğru yola hidayət edir.
Əl-Bəqərə surəsi
Ayə 214
Yoxsa siz (möminlər,) sizdən əvvəl köçmüş kəslərin başlarına gələnlər hələ sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızı güman edirsiniz?! Onlara maddi və cismani ziyanlar dəydi, sarsıntı və narahatçılıq keçirdilər, o yerə kimi ki, Allahın elçisi və onunla birgə olan möminlər «Allahın köməyi və yardımı nə vaxt yetişəcək?» deyirdilər. (Dedik:) «Bilin, Allahın köməyi həqiqətən yaxındır».
Əl-Bəqərə surəsi
Ayə 215
Səndən (Allah yolunda) nə xərcləmələrini soruşurlar, de: «(Malın növü mühüm deyil, mühüm odur ki,) xərclədiyiniz mal ata, ana, yaxınlar, yetimlər, yoxsullar və yolda qalmışlar üçün olsun. Şübhəsiz Allah etdiyiniz hər bir yaxşı işi bilir.
Əl-Bəqərə surəsi
Ayə 216
Sizin üçün (kafirlərlə) döyüş yazıldı və qərara alındı, halbuki (bu,) sizin xoşunuza gəlmir. Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki o sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki o sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz.
Əl-Bəqərə surəsi
Ayə 217
(İslam döyüşçülərindən bir neçəsi səhvən haram ayda vuruşduqları üçün) səndən haram ayda (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarında) döyüşmək barəsində soruşurlar, de: «Onda hər növ döyüş böyükdür (böyük günahdır), lakin Allah yolunun (insanların İslamı qəbul etmələrinin) qarşısının alınmasının bütün növləri, Ona kafir olmaq, (camaata) Məscidül-Həram(a girməyə mane olmaq) və onun əhalisini oradan çıxarmaq (kafirlərin etdikləri bu işlərin günahı) Allah yanında (haram ayda vuruşmaqdan) daha böyükdür. Və fitnə (Allaha şərik qoşmaq və müsəlmanları incitmək) öldürməkdən daha böyükdür! (Müşriklər) daim sizinlə vuruşacaqlar ki, əgər bacarsalar sizi dininizdən döndərsinlər. Sizdən kim öz dinindən dönsə və küfr halında ölsə, belə şəxslərin (yaxşı) əməlləri dünyada və axirətdə puça çıxacaqdır (bu dünyada camaatın onların qoyub getdikləri yaxşı nişanələrə görə onları xoşluqla xatırlamaları, barələrində dua etmələri və onlar üçün rəhmət diləmələri əks nəticələnəcəkdir). Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
Əl-Bəqərə surəsi
Ayə 218
Həqiqətən (həm) iman gətirmiş kəslər və (həm də) hicrət edərək Allah yolunda cihad etmiş kəslər Allahın rəhmətinə ümidvardırlar. Allah çox bağışlayan və mehribandır.
Əl-Bəqərə surəsi
Ayə 219
Səndən şərab və qumar barəsində soruşurlar, de: «O ikisində (onlara mürtəkib olmaqda) böyük günah və insanlar üçün (maddi) mənfəətlər vardır və onların günahı mənfəətlərindən böyükdür». Həmçinin səndən nə xərcləmələrini soruşurlar. De: «(Sizə) müyəssər olanı». Allah öz ayələrini sizə bu cür açıqlayır ki, bəlkə düşünəsiniz,
Əl-Bəqərə surəsi
Ayə 220
Dünya və axirət (işləri) barəsində! Və səndən yetimlər(in işlərinə müdaxilə etmək) barəsində soruşurlar, de: «Onların vəziyyətinin düzəldilməsi daha yaxşıdır. Əgər onlarla bir yerdə yaşasanız (eybi yoxdur), onlar sizin (din) qardaşlarınızdır. Allah islah edəni fəsad törədəndən seçir. Əgər Allah istəsəydi, sizi çətinliyə salardı (onların mallarının və canlarının qorunmasını ayrı-ayrılıqda hər birinizə vacib edərdi). Həqiqətən Allah qüdrətli və hikmətlidir.