Quranda Axtarış Edin

Axtarış nəticələri: "Ətir" üzrə 802 ayə tapıldı. (121 - 140 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Həqiqətən Allah iman gətirib sonra kafir olan, (daha sonra) yenə iman gətirib bir daha kafir olan, daha sonra küfrlərini artıran kəsləri, əsla bağışlayan və (doğru) yola hidayət edən deyildir. (İman və küfr halları bir neçə dəfə təkrar olunmuş və nəhayət küfr üzərində dayanan kəslər iman gətirməyə nail ola bilməzlər.)
(Həmin) o kəslər(i) ki, həmişə sizə bir hadisə (üz verməsini) gözləyirlər. Beləliklə, əgər Allah tərəfindən sizə bir qələbə yetişsə, «məgər biz sizinlə birgə deyildik? (Odur ki, qənimətlərdən bizim də payımızı verin)» deyərlər. Əgər (qələbədən) kafirlərə bir pay düşsə, (kafirlərə) deyərlər: «Məgər biz (söhbətdə) sizə qalib gəlmirdik (ki, qələbə çalmaq üçün öz əqidələrinizdən möhkəm yapışın)?; məgər döyüşlərdə sizə qalib gəlmirdik və sizdən əl götürərək, sizi möminlərdən (onların zərər-ziyanlarından)qorumurduq? (Buna görə bizi də qənimətə şərik edin)». Allah Qiyamət günü sizin aranızda hökm edəcəkdir. Allah heç zaman kafirlərin (dəlil-sübut gətirməkdə) möminlərə qalib gəlmələrinə bir yol qoymayacaqdır.
Ey iman gətirənlər, möminlərin yerinə kafirləri özünüzə başçı, yardımçı və dost tutmayın! Məgər Allaha öz əleyhinizə (nifaqınıza dəlalət edən) aydın bir sübut və (əzabınıza dair) bir dəlil vermək istəyirsiniz?
Əgər şükr etsəniz və iman gətirsəniz, Allah sizə əzab verməyi neyləyir (Onun buna nə ehtiyacı və bunun Ona nə xeyri var)?! Allah həmişə qədirbilən (əməli qiymətləndirərək yaxşı mükafatlandıran) və (hər şeyi) biləndir.
Əlbəttə Allaha və Onun peyğəmbərlərinə kafir olan, Allahla Onun peyğəmbərləri arasında (peyğəmbərlərin haqq olmaları və onlara etiqad bəslənilməsi baxımından) ayrılıq salmaq istəyən, «biz bəzilərinə iman gətirir, bəzilərinə isə kafir oluruq» deyən və onların (hamısına iman gətirməklə hamısına kafir olmaq) arasında bir yol tutmaq istəyən kəslər –
Allah tezliklə Ona və Onun peyğəmbərlərinə iman gətirib onların heç biri arasında ayrı-seçkilik salmayan (onların hamısını təsdiq edən) kəslərin mükafatlarını verəcəkdir. Allah həmişə çox bağışlayan və mehribandır.
Beləliklə (Biz İsrail övladlarını) əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, (Allahın) peyğəmbərləri(ni) haqsız yerə öldürdüklərinə, eləcə də «qəlblərimiz pərdədədir (və sənin sözlərini dərk etmir)» demələrinə görə (lənət və əzaba düçar etdik). (Lakin bu onların dedikləri kimi deyil) əksinə, Allah ona (onların qəlblərinə) küfrlərinə görə (bədbəxtlik) möhür(ü) vurmuşdur. Buna görə də onlar, az bir hissəsinin azacıq imanı istisna olmaqla iman gətirməyəcəklər.
Həmçinin (İsaya qarşı olan) küfrlərinin və Məryəmin (İsanı haradan gətirməsi) barəsində dedikləri böyük böhtanın cəzası olaraq;
Kitab (Tövrat və İncil) əhlindən elə bir nəfər yoxdur ki, ölümündən (bir neçə an) qabaq ona (İsanın Allahın elçisi və qulu olmasına) iman gətirməsin (lakin bu imanın heç bir xeyri yoxdur). (Yaxud: Kitab əhlinin hamısı (dünyanın sonunda İsa göydən yerə gələndən sonra və) ölümündən qabaq ona iman gətirəcək.) O da Qiyamət günü onlara şahid olacaqdır.
Lakin onların elmdə qüvvətli olanlarına (Tövrat və İncilin həqiqi alimlərinə), sənə və səndən əvvəl (keçmiş peyğəmbərlərə) nazil olana iman gətirən bütün möminlərə, xüsusilə namaz qılanlara, həmçinin zəkat verənlərə və Allaha və axirət gününə iman gətirənlərə - onların hamısına tezliklə böyük bir mükafat verəcəyik.
Ey insanlar, həqiqətən Bizim elçimiz sizə Rəbbiniz tərəfindən haqq (din və kitab)ı gətirmişdir. Buna görə də iman gətirin ki, (bu) sizin xeyrinizədir. Əgər kafir olsanız, onda (bilin ki, Allahın sizə ehtiyacı yoxdur, çünki) həqiqətən göylər və yer Allahın həqiqi mülküdür və Allah həmişə bilən və hikmət sahibidir.
Ey kitab əhli (ey xaçpərəstlər), öz dininizdə həddi aşmayın və Allaha qarşı haqq və həqiqətdən başqa bir şey deməyin («Allah allahlıqdan İsanın vücuduna çevrilmişdir» və ya «Allah ruh kimi İsanın bədəninə daxil olmuşdur» deməyin). Həqiqətdə Məryəm oğlu İsa Məsih Allahın elçisi, Məryəmə təlqin etdiyi bir kəlmə («ol!» kəlməsi ilə onu Məryəmin bətnində yaradıb) və Onun tərəfindən olan (və canlara həyat bəxş edən) bir ruhdur. Odur ki, Allaha və Onun peyğəmbərlərinə iman gətirin və «(Allah) üçlükdür (Allahın zatının cövhəri üç mövcuda – ata, oğul və Ruhul-Qudusa bölünüb)» deməyin. (Bu sözdən) çəkinin ki, sizin xeyrinizədir. Həqiqətən Allah tək olan tanrıdır, övladı olmaqdan pak (və uzaq)dır. Göylərdə və yerdə olanlar Onun həqiqi mülküdür. Allah (varlıq aləminin işlərini) düzəltmək üçün kifayətdir.
Lakin iman gətirib yaxşı işlər görmüş kəslərin mükafatlarını kamil şəkildə verəcək və onlara Öz lütf və rəhmətindən artıracaqdır. (İbadət etməkdən) imtina edən və təkəbbür göstərən kəsləri isə ağrılı bir əzabla cəzalandıracaqdır və onlar (orada) özlərinə Allahdan başqa bir başçı və yardımçı tapmayacaqlar.
Ey insanlar, həqiqətən Rəbbinizdən sizə (peyğəmbər, din və onun möcüzələri kimi) bir dəlil-sübut gəlmişdir. Və sizin üçün aşkar və aydınlıq gətirən bir nur (Qur’an) nazil etdik.
Allah tezliklə Ona iman gətirmiş və sığınmış kəsləri Öz tərəfindən olan bir rəhmət və mərhəmətə daxil edəcək və Özünə tərəf olan doğru yola hidayət edəcəkdir.
Ey iman gətirənlər, əhd-peymanlarınıza (nəzr, əhd və and içmək kimi özünüzlə olan peymanlara, müqavilə və digər sazişlər kimi camaatla bağladığınız peymanlara və dinin hökmlərinə riayət etməyi boyuna götürmək kimi Allahla olan peymanlara ki, bəzi şeylərin halallığına və haramlığına riayət etmək də bu qəbildəndir) vəfa edin. Dördayaqlı heyvanlar(ın ətləri və kəsilərkən analarının qarınlarından ölü halda çıxan balaları) sizə oxunan istisna olmaqla, ehram halında ov etməyi halal hesab etməyən sizlərə halal edildi. Həqiqətən Allah istədiyini hökm edir.
Ey iman gətirənlər, Allahın (həcc və ümrə əməlləri və o ibadətlərin məkanları kimi tovhid və pərəstiş) nişanələrinə, haram aylara (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarına), nişansız qurbanlığa və boynunda boyunluq olan qurbanlığa və Rəbblərindən lütf və razılıq diləyən Beytül-Həram zəvvarlarına hörmətsizlik etməyin. Ehramdan çıxdıqdan sonra ov ovlaya bilərsiniz. Məscidül-Hərama girməyinizə mane olmuş bir dəstənin ədavəti sizi (onlara qarşı) həddi aşmağa vadar etməsin. Bütün xeyir iş(lərdə) və təqvada bir-birinizə kömək edin və günah və həddi aşmaqda bir-birinizlə köməkləşməyin. Allahdan qorxun ki, həqiqətən Allah ağır cəzalandırandır.
Bu gün, pak olan şeylər sizə halal oldu. (Səmavi) kitab verilmiş kəslərin yeməyi sizə halal, sizin yeməyiniz onlara halaldır. (Həmçinin) zina əhli olmadan və gizlində qeyri-qanuni aşna saxlamadan, ismətli olub mehriyyələrini ödəyəcəyiniz təqdirdə möminələrdən olan azad və ismətli qadınlar(la), eləcə də sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən olan azad və ismətli qadınlar(la evlənmək sizə halaldır). Kim iman gətirməli olduğu şeyə kafir olsa, həqiqətən onun əməli puç olub və o, axirətdə ziyana uğrayanlardan olacaqdır.
Ey iman gətirənlər, namaza durarkən (dəstəmazınız olmayanda) üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məsh edin. Əgər cənabətli olsanız yuyunun (qüsl edin). Əgər xəstə və ya səfərdə ikən sizlərdən biri ayaqyolundan gəlmiş, yaxud qadınlarla yaxınlıq etmiş olsa və su tapmasanız, onda pak torpaq axtarın. (Hər iki əlinizin içini ona vurduqdan sonra) həmin torpaqdan üzünüzə və əllərinizə çəkin (təyəmmüm edin). Allah əsla sizə çətinlik yaratmaq istəmir, lakin sizi paklaşdırmaq və Öz nemətini sizə tamamlamaq istəyir (ki,) bəlkə şükr edəsiniz.
Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır.
114 Sürə
6236 Ayə
802 Tapılan Nəticə
41 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar