"Dayaqlı və dayaqsız bağları, xurma ağaclarını, müxtəlif qidaları olan əkinləri, bəziləri oxşar, bəziləri oxşar olmayan zeytun və narı vücuda gətirən kəs Odur. Bağlar səmərə verən kimi meyvəsindən yeyin, yığım günü (məhrumlara) onun haqqını verin və israf etməyin. Çünki Allah israf edənləri sevməz.”
"Cənnat” çoxağaclı bağlar və əkinlə örtülü torpaqlardır. "Məruş” dayağa ehtiyacı olan ağacdır. "Ukul” yeməli mənasını bildirir.
Uyğun surənin 99-cu ayəsində oxuyuruq: "Ağaclar bar verəndə ona diqqətlə baxın.” Bu ayədə oxuyuruq: "...Elə ki bar verdi, ondan yeyin.” Belə bir nəticəyə gəlmək olar ki, insan kor-koranə yeməməli, yeyərkən düşünməlidir.
İmam Baqir (ə) bu ayəni oxuduqdan sonra buyurdu: "Bir şəxs bağının bütün məhsulunu sədəqə verirdi və ailəsi ehtiyac içində yaşayırdı. Allah onun bu əməlini israf adlandırdı.”
Bu ayə allahşünaslıq dərsini nemətlərdən məsrəf icazəsi, məhrum təbəqəyə əl tutmaq, onlara infaq, orta həddi gözləmək və ifrata varmamaqla yanaşı bəyan edir.
İmam Sadiq (ə) bu ayə haqqında buyurmuşdur: "Əgər müsəlman tapılmasa, məhsulun haqqını fəqir müşrikə ödəyin.” Digər rəvayətdə buyurulur: "Məhsulun haqqı zəkatdan fərqli bir haqdır.”
İmam Sadiq (ə) buyurmuşdur: "Meyvəni gecə yığmayın. Məhsulu gündüz yığın ki, fəqirlər də gəlib bir şey götürə bilsinlər.”
"Nun vəl-qələm” surəsində oxuyuruq ki, Allah başqalarının görməməsi üçün məhsulu gecə yığanların bağını yandırar.”
1. Eyni torpaq və sudan çeşidli meyvələrin və əkin məhsullarının götürülməsi Allahın qüdrət nişanəsidir.
2. Allah məhsullarda Özü üçün haqq müəyyənləşdirmişdir.
(Bəli nur, hava, su, torpaq, güc, düşüncə, istedad hər biri Allahdandır və Onun hər şeydə haqqı var.)
3. İnfaq edərkən orta həddi gözləyin.
4. İslam orta dindir. Həm yersiz qadağanı qəbul etmir (ötən ayədə), həm də yersiz məsrəfi.
5. Məhrumların haqqını ödəmək maldan istifadə üçün şərtdir.
6. Məsrəf miqdarı israfın olmaması ilə məhdudlaşır.
7. Məhsul yığarkən məhrumlar haqqında düşünək.
8. Məhsulu elə bir vaxt yığaq ki, başqaları da gəlib ondan bəhrələnə bilsin.
9. Məhsul yığan zaman insanın infaq etməyə hazırlığı daha çox olur. Gəlin bu fürsəti əldən çıxarmayaq.
10. Kal meyvə yeməyin, hər meyvədən istifadə edin.
11. İsrafçı insan Allahın qəzəbinə gəlmişdir.