"Şirkə uğrayanlar tezliklə deyəcəklər: "Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olmazdıq və heç nəyi özbaşına) haram etməzdik. Onlardan qabaqkılar da (ötən peyğəmbərləri) bu sayaq təkzib etdilər ki, Bizim qəhr və əzabımızı dadsınlar. De ki, bir şey bilirsinizmi? Onu bizə aşkar edin! Siz yalnız zənn-gümana, xəyala tabe olursunuz. Siz yalnız ehtimal edən və yalançılarsınız.”
Bu ayədə gələcəklə bağlı qeybi bir xəbər verilir. Bu, müşriklərin gələcəkdəki rəftarları ilə bağlıdır. Bu xəbər gerçəkləşdi və öncədən xəbər verilən həqiqət oldu.
"Əgər Allah istəsəydi, biz və atalarımız müşrik olmazdıq” bəhanəsi müşriklər tərəfindən dəfələrlə təkrarlanmışdır.
Sual: Ayədə müşriklərin dilindən nəql olunur ki, əgər Allah bizim şirkimizə razı deyilsə, nə üçün onun qarşısını almır? Yoxsa bizim şirkimiz Allahın razılığı ilə baş verir?
Cavab: İstənilən bir insanın gördüyü istənilən bir iş ilahi qüdrət dairəsindən kənarda deyil. Amma Allah hər kəsin öz yolunu azad şəkildə seçməsini istəmişdir. Əgər dövlət bizim mənzilimizə su, işıq və qaz çəkmişsə, bu o demək deyil ki, dövlət onları israf etməyimizə razıdır. Allah insana əql və vəhy əta etmiş, haqq və batil yolu göstərmiş, ona seçim azadlığı vermişdir. Amma iradə və ixtiyar, Allahın xilaf işlərimizə razı olması nişanəsi deyil.
Allah insanların məcburi yox, azad şəkildə iman gətirməsini istəyir. Quranda dəfələrlə buyurulur ki, Allah istəsəydi, hamını hidayət edərdi. Hətta peyğəmbərin də xalqı məcburi şəkildə imana gətirməsinə icazə verilmir.
1. Din rəhbərləri və alimləri özlərini mümkün irad və bəhanələrə cavab verməyə hazırlamalıdırlar.
2. Peyğəmbərlərin və səmavi kitabların göndərilməsində məqsəd xalqın azad şəkildə müvəhhid, təkallahçı olmasıdır. Demək, Allahın istəyi ilə bağlı müşriklərin məntiqləri yanlışdır.
3. Günahdan da pis olan şey günaha don geyindirməkdir. Müşriklər öz şirklərinə don geyindirir, onu Allahın iradəsi kimi təqdim edirdilər. (Cəbrilik, yəni insanın gördüyü işlərdə məcbur olmasına iman məsuliyyətdən qaçmaq üçün bir bəhanədir.)
4. Müşriklər öz azğınlıqlarını babalarının tarixi ilə pərdələyirdilər.
5. Cəbrə (məcburiyyətə) əqidə azğınların əsassız bəhanələrindəndir. Azğınların rəhbəri olan şeytan da öz azğınlığını Allahın adına yazırdı.
6. Müxaliflər daim cəbr məsələsi vasitəsi ilə peyğəmbərləri təkzib edirdilər.
7. Quran müxaliflərdən də dəlil istəyir.
8. Tale yazısı bəhanəsi ilə məsuliyyətdən qaçanlar ilahi qəzəb intizarında olsunlar.
9. Cəbr tərəfdarları məntiqə əsaslanmırlar, zənn-gümana uyurlar.
10. Əgər elm və yəqin əvəzinə zənn-gümana qapılsaq yolumuzu azacağıq.