"De ki, mənə vəhy olanda ölü heyvan, tökülmüş qan, donuz əti və ya günah üzündən, Allahdan qeyrisinin adına kəsilmiş heyvandan savay ki, həqiqətən çirkinlikdir, bir şey yeyən üçün haram görmürəm. Hər kəs (onları yeməyə) çarəsiz və məcbur olsa, həddi aşmamaqla zəruri qədər (yeməyin eybi yoxdur). Həqiqətən, sənin Rəbbin bağışlayan və mehribandır.”
"Məytətən” təkcə öz-özünə ölmüş heyvan deyil. İslam göstərişi əsasında zibh olmamış istənilən bir heyvan ölü və haram hökmündədir.
Ölü heyvan və qanın haramlığı Quranda dörd dəfə bəyan olunmuşdur. Bu bəyanatlardan ikisinə Məkkə, ikisinə isə Mədinə surələrində rast gəlirik.
"Uhill” "ihlal” sözündən olub ayın əvvəlində səmada ayı görən zaman səsi ucaltmaq mənasını bildirir. Bundan əlavə, hər bir uca səs də "uhill” adlanır. Müşriklər heyvanları kəsərkən bütlərin adını bərkdən çəkərdilər. Ona görə də həmin məqamla bağlı "uhillə” sözü işlədilmişdir.
Ayənin birinci hissəsi müşriklərin cahilanə qadağalarına cavabdır. Əslində bu ayədə adı çəkilməmiş bir çox quşlar və heyvanlar da haramdır.
İslam baxımından "müztərr”, yəni çıxılmaz vəziyyətə düşmüş kəs o kəsdir ki, özü özünü günah yolla çətin vəziyyətə salmışlar. "Ğəyrə bağin” təbiri yalnız "müztərr” vəziyyətindən çıxmaq üçün zəruri olan miqdara işarədir.
1. Hökmlərin bəyanında peyğəmbərin yeganə elm mənbəyi vəhydir.
2. Əsl və ilkin (dəlilsiz qəbul olunan) qanun heyvanların halal olmasıdır.
3. Yalnız ayə və rəvayətlərdə haramlığı bildirilənlər məsuliyyət yaradır. Əgər araşdırmalardan sonra bir şeyin haram olmasına dəlil tapmasaq, demək halaldır.
4. Yeyib-yeməmək məsələsində peyğəmbər vəhydən göstəriş alırsa, başqaları hansı əsasla nəyisə haram edə bilərlər?
5. Donuz ətinin haram olmasının dəlili onun çirkinliyidir.
6. Qidalanma hökmləri kişi və qadın üçün eynidir. 139-cu ayədə isə bildirilirdi ki, xurafat əqidəsinə əsasən, kişilər üçün halal sayılan bəzi ətlər qadınlar üçün haram sayılırdı.
7. Qanunda "əhəm” və "mühüm” (əhəmiyyətli və ən əhəmiyyətli) prinsipinə riayət olunmalıdır. İnsanın öz həyatını, canını qoruması haram yeməməkdən daha mühümdür.
8. İslamda çıxılmaz vəziyyət yoxdur. Fövqəladə, sıxıntılı vəziyyət yarandıqda haramdan müəyyən miqdarda istifadə etməyə icazə verilir.
9. İstisna hallarda qanundan sui-istifadə etmək qadağandır. Yalnız məcburi vəziyyətlər əsas götürülür.
10. Heyvan kəsildikdən sonra ətdə qalan qan haram deyil. Amma kəsim zamanı axan qan haramdır.
11.Əgər insan özü özünü çıxılmaz vəziyyətə salmayıbsa, həmin vəziyyətdə haram ətdən istifadə edə bilər. Amma qəsdən özünü çıxılmaz vəziyyətə salan üçün belə deyil.
12. Qanunlarda güzəşt və yüngülləşdirmə ilahi bağışlama və rəhmət göstəricisidir.