Əl-Ənam ‏ surəsi - Ayə: 138

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 138
Onlar öz gümanlarına əsaslanaraq, Allaha iftira yaxmaq üzündən dedilər: «Bunlar qadağan olunmuş dördayaqlılar və əkindir, bizim istədiyimiz kəslərdən (bütlərin xidmətçilərindən) başqası onlardan yeməməlidir və bunlar minilmələri haram olan dördayaqlılardır.» Həmçinin (kəsərkən başları) üzərində Allahın adını çəkmədikləri dördayaqlılar(ı da var idi). (Allah) tezliklə onları yaxdıqları iftiranın müqabilində cəzalandıracaqdır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 138. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 138 MÖHSÜN QƏRAƏTİ.

"Müşriklər (öz düşüncələri ilə) dedilər: "Bu mal-qara və əkinlər qadağandır. Və bizim istədiklərimizdən (bütxana xadimlərindən) başqaları ondan yeməsin. Bunlar minik üçün haram olmuş heyvanlardır. Bir heyvanlardır ki, onlar üçün (zibh zamanı) Allahın adı çəkilməz.” (Bu hökmləri) yalandan Allaha aid etdilər. Allah tezliklə onları iftiralarının əvəzi olaraq cəzalandıracaq.”
Nöqtələr
"Hicr” qadağa mənasını bildirir. "Hicarə” və "təhcir” isə elə bir məntəqədir ki, başqalarının ora daxil olması üçün daşlarla maneə yaradılmışdır. "Hicre-İsmail” elə bir yerdir ki, daş divarla ətrafdan ayrılmışdır. Ağıl da "hicr” adlanır. Çünki ağıl insanı çirkinliklərdən uzaq saxlayır. 
Ötən iki ayədə əkin və heyvanlardan Allaha və bütlərə ayrılmış payla bağlı müşriklərin xurafi əqidələri bəyan olundu. Bu ayədə isə bütlərin payının necə sərf olunmasından danışılır. Həmin paydan bütxana xidmətçilərindən savay kimsə istifadə edə bilməz.
Bu ayəyə əsasən müşriklər dörd baxımdan yollarını azmışdılar: Bəzi dördayaqlıların haram sayılması; bəzi əkin məhsullarının haram sayılması; bəzi dördayaqlılara süvar olmanın qadağan edilməsi; heyvanları kəsərkən Allahın adının çəkilməməsi.
Quran bildirir ki, Allah dördayaqlıları onlara süvar olmaq və ətindən istifadə etmək üçün yaratmışdır.  Quran əti halal olan heyvanların haram sayılmasını cahil bir bidət kimi tanıtdırır. Bu məsələ "Maidə” surəsinin 103-cü ayəsində də bəyan olunmuşdur.
İslam hətta heyvanlara münasibətdə azğınlıqları qəbul etməyən hərtərəfli bir dindir. Əgər İslam dini heyvanlardan istifadənin qadağasını qəbul etmirsə, təbii ki, insanların, təbii sərvətlərin sərmayə və istedadların istifadəsiz saxlanmasını daha ciddi məzəmmət edəsidir.
Bildirişlər
1. Dinin hökmləri zənn-güman, xəyal, qiyas, bəyənməyə yox, Allahın nəzərlərinə əsaslanır.
2. Peyğəmbərlərin əsas vəzifələrindən biri xurafatla mübarizədir.
3. Halalların qadağası, haramların halal sayılması Allaha iftiradır.
4. Bidətçilər öz uydurma qanunlarının cəzası intizarında olsunlar.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.