Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əl-Bəqərə surəsi" üzrə
286 ayə tapıldı.
(21 - 40 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Bəqərə surəsi
Ayə 21
Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin, bəlkə (bununla) təqvalı olasınız.
Əl-Bəqərə surəsi
Ayə 22
Həmin O Allah ki, yeri sizin üçün (sərilmiş) döşənəcək və göyü (ucaldılmış) bina etdi, göydən (yağış, qar və dolu şəklində) su endirdi və onun vasitəsilə sizin üçün meyvələrdən ruzi çıxartdı. Buna görə də, (bütlərin bu cür varlıqları yaratmaq və ruzi vermək qüdrətinə malik olmamalarını) bilə-bilə Allaha şəriklər qoşmayın.
Əl-Bəqərə surəsi
Ayə 23
Əgər Bizim Öz bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, doğruçusunuzsa siz də (fəsahət, kəlmələrinin gözəlliyi, bəlağət, mənalarının dərinliyi baxımından və ya onun kimi heç kimdən dərs almayan bir şəxs tərəfindən) bir surə gətirin və (bu işdə) Allahdan başqa bütün köməkçilərinizi və şahidlərinizi də çağırın (ki, onlar sizin surənizin Bizim surəmiz kimi olmasına şəhadət versinlər).
Əl-Bəqərə surəsi
Ayə 24
Və əgər (belə bir işi) etməsəniz - heç vaxt edə bilməyəcəksiniz də - onda, kafirlər üçün hazırlanmış və yanacağı insanlar və daşlar olan oddan çəkinin.
Əl-Bəqərə surəsi
Ayə 25
İman gətirib yaxşı işlər görən şəxslərə müjdə ver ki, onlar üçün (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər (və ya bağlar) vardır. Həmin bağlardan onlara ruzi olaraq bir meyvə verilən zaman deyərlər: «Bu, əvvəldən (dünyada) bizim ruzimiz olmuş şeydir.» Və onların yanına bütün meyvələr (gözəllik və lətafət baxımından) bir-birinə oxşar gətirilər. Orada onlar üçün (aybaşı, xəstəlik və pis xasiyyətdən) pak zövcələr vardır və onlar orada əbədi qalacaqlar.
Əl-Bəqərə surəsi
Ayə 26
Şübhəsiz, Allah hər hansı bir misalı çəkməkdən - ağcaqanad olsun, ondan böyüyü, ya balacası- utanmaz. İman gətirənlər (fikirləşərək məqsədi dərk etməklə və ya mütləq itaət və tabeçilik vasitəsi ilə) bilirlər ki, bu onların Rəbbi tərəfindən olan bir həqiqətdir. Kafirlər isə deyərlər: «Görəsən Allahın bu məsəldən məqsədi nədir?!» (Bəli, Allah) onunla (bir həqiqəti bəyan etməklə) çoxlarını azdırır (onların ixtiyari azğınlığa düşmələrinə səbəb olur) və çoxlarını onunla hidayət edir. (Allah) onunla ancaq fasiqləri azdırır.
Əl-Bəqərə surəsi
Ayə 27
Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, məsumlar və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır.
Əl-Bəqərə surəsi
Ayə 28
Allaha necə kafir olursunuz, halbuki siz ölü idiniz (bədəninizi təşkil edən ilk maddələr bir-birinə birləşməmişdən və ruh üfürülməmişdən qabaq cansız hissələr idi), O, sizi diriltdi, sonra sizi öldürəcək və yenidən dirildəcək. Daha sonra isə Ona tərəf qaytarılacaqsınız.
Əl-Bəqərə surəsi
Ayə 29
Yer üzündə olanların hamısını sizin üçün yaradan, sonra isə səmaya (onun yaradılışına) başlayan, beləliklə onları (hikmətə uyğun və yaradılışında heç bir nöqsan olmadan) yeddi səma halında nizama salan Odur. O, hər şeyi biləndir.
Əl-Bəqərə surəsi
Ayə 30
Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam». Dedilər: «Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi (canişin) qoyursan?! Halbuki biz Səni kamilliklərlə vəsf edərək zikr oxuyur və (bütün eyb və nöqsanlardan) pak bilirik.» Allah buyurdu: «Şübhəsiz, Mən sizin bilmədiyiniz bir şey bilirəm.»
Əl-Bəqərə surəsi
Ayə 31
Və bütün adları Adəmə öyrətdi (dünyanın bütün varlıqlarının nəsli kəsilənədək adlarını bir dildə və ya bəşəriyyətin gələcəkdə olacaq bütün dillərində və yaxud bütün ad sahiblərinin həqiqətlərini, xüsusiyyətlərini və nişanələrini ona öyrətdi). Sonra onları (bu mənaları) mələklərə göstərərək buyurdu: «Əgər doğruçusunuzsa bunların adlarını (və ya həqiqət və sirlərini) Mənə xəbər verin.»
Əl-Bəqərə surəsi
Ayə 32
Dedilər: «Sən (bütün eyb və nöqsanlardan) paksan! Bizim Sənin bizə öyrətdiklərindən başqa bir elmimiz yoxdur; doğrudan da, bilən də Sənsən, hikmət sahibi də!»
Əl-Bəqərə surəsi
Ayə 33
Allah buyurdu: «Ey Adəm, onların adlarını (ya onların həqiqətlərini və sirlərini) mələklərə xəbər ver.» Elə ki, (Adəm onların) adlarını (ya həqiqətlərini) mələklərə xəbər verdi, Allah buyurdu: «Sizə demədimmi ki, həqiqətən Mən göylərin və yerin gizlinliklərini bilirəm və sizin həm aşkar etdiyinizdən, həm də gizlətdiyinizdən xəbərdaram?!»
Əl-Bəqərə surəsi
Ayə 34
Və (yadına sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə və təzim edin!» buyurduq. İblisdən başqa onların hamısı səcdə etdi. O (isə) boyun qaçırtdı və təkəbbür göstərdi. O, (öz küfrünü gizli saxlayan) kafirlərdən idi.
Əl-Bəqərə surəsi
Ayə 35
Və dedik: «Ey Adəm, sən və zövcən bu bağda məskunlaşın, onun (meyvə və nemətlərinin) istədiyiniz yerindən bolluca yeyin və bu ağaca (buğda, üzüm, ya əncir ağacına) yaxınlaşmayın ki, zalımlardan olarsınız.»
Əl-Bəqərə surəsi
Ayə 36
Beləliklə, şeytan o ikisini həmin ağac vasitəsi ilə azdırdı və onları olduqları yerdən (kəramət zirvəsindən və nemətlər məkanından) çıxartdı. Biz dedik: «(Şeytanla birlikdə bu məkan və məqamdan) həmişəlik bir-birinizə düşmən olaraq yerə enin. Yerdə sizin üçün müəyyən bir zamanadək sığınacaq və yaşayış vasitələri olacaqdır. (Onun zamanı hər bir bəşər övladı üçün ömrünün müddəti, bütün bəşər nəsli üçün isə dünyanın sonuna qədərdir.)
Əl-Bəqərə surəsi
Ayə 37
(Yer üzündə bir müddət qaldıqdan) sonra, Adəm öz Rəbbi tərəfindən bəzi kəlmələr aldı (ona tövbə təlqin olundu və ya öyrədilən adlarla ona tövbə ilham olundu və o, tövbə etdi). Allah da ona nəzər edərək tövbəsini qəbul etdi. O, çox tövbə qəbul edən və mehribandır.
Əl-Bəqərə surəsi
Ayə 38
Dedik: «Hamılıqla oradan (o uca məqamdan) yerə enin. Beləliklə, əgər Mənim tərəfimdən sizə (peyğəmbərlər və səma kitabları vasitəsilə) bir hidayət gəlsə, Mənim hidayətimə tabe olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar.»
Əl-Bəqərə surəsi
Ayə 39
. «Kafir olan və Bizim (tovhid və təkliyimiz barəsindəki əqli və nəqli) nişanələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.»
Əl-Bəqərə surəsi
Ayə 40
Ey İsrail övladları (ey Yəqubun yəhudi və xaçpərəst övladları, Yəqubun vaxtından İsanın vaxtına kimi), sizə verdiyim nemətləri yadınıza salın və Mənim əhd-peymanıma vəfa edin ki, Mən də sizin əhd-peymanınıza vəfa edim (sizin əhd-peymanınız itaət, Mənimki isə savab və mükafat verməkdir). Və yalnız Məndən qorxun!