Əl-Ənam ‏ surəsi - Ayə: 151

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 151
De: «Gəlin Rəbbinizin sizə haram etdiyini oxuyum (və o budur ki): heç bir şeyi Ona şərik qoşmayın, valideynlərə yaxşılıq edin, övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Sizə və onlara ruzini Biz veririk. Və pis işlərə – istər aşkar olsun, ya gizlin (əməli və etiqadi günahlara, yaxud camaatın gördüyü və görmədiyi günahlara) – yaxınlaşmayın. Həmçinin Allahın möhtərəm saydığı və öldürülməsini haram buyurduğu canı - (qisas, şəriətin müəyyənləşdirdiyi cəza hədlərinin icrası və ya müdafiə məqsədli) haqq (öldürmələr) istisna olmaqla – öldürməyin. Bəlkə düşünəsiniz deyə Allahın sizə tapşırdıqları bunlardır.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 151. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 151 MÖHSÜN QƏRAƏTİ.

"De ki, gəlin Rəbbinizin sizə haram buyurduqlarını deyim: Bir şeyi Ona şərik qoşmayın, ata-anaya yaxşılıq edin, övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Sizə və onlara ruzi verən Bizik. İstər aşkar, istər gizli, çirkin işlərə yaxınlaşmayın. Allahın (öldürməyi) haram etdiyi insanı nahaqdan öldürməyin. Allahın sizə tövsiyə etdiyi bunlardır. Olsun ki, düşünəsiniz.”
Nöqtələr
Bu və bundan sonrakı iki ayədə bir neçə əsas məsələyə işarə olunmuşdur. Bu məsələlər səmavi dinlər arasında müştərəkliklə bağlıdır. Tövratda da oxşar göstərişlərlə rastlaşmaq olar.
Mədinə başçılarından iki şəxs həzrət Peyğəmbərin (s) hüzuruna gəldi. Həzrət Peyğəmbər (s) bu ayələri oxuduqdan sonra onlar İslamı qəbul edib, təbliğatçı istədilər. Peyğəmbər Müsəb ibn Üməyri onlarla göndərdi və bu gediş Mədinə əhlinin İslamı qəbul etməsində mühüm rol oynadı.
Quran dörd ayədə ata-ana haqqında tövsiyələr verir.  Bu dörd tövsiyənin hər birində tövhid və şirkdən çəkinmə məsələsinə toxunulur. Belə ki, yaranışda ilkin Allahdır, sonra ata-ana. Bu ayələrdə də əvvəlcə tövhid, sonra valideynə yaxşılıq məsələsi bəyan olunur. Bu ayə haramları sadalayır və valideynə ehsanın tərk olunmasını haram bildirir.
Bu ayədəki beş göstəriş bir-birinə o qədər bağlıdır ki, sanki vahid bir göstərişdir.
İmam Sadiq (ə) buyurmuşdur: "Valideynə ehsan odur ki, onları bizə ağız açmağa vadar edəcək bir iş görməyək. 
Bildirişlər
1. İlahi hökmləri xalqa bəyan etmək peyğəmbərlik vəzifələrindəndir.
2. Əksər şey halal olduğundan, halallar sadalanmamış, yalnız haramlar haqqında danışılmışdır.
3. Dindəki haramları müəyyənləşdirən Allahdır. Peyğəmbər heç bir şeyi özbaşına haram etmir.
4. Pis işlərin qadağa səbəbi insanların təkamül və tərbiyəsidir.
5. Şirk fəsadların kökü olduğundan haramlar arasında öndə gəlir.
6. Tövhiddən sonra valideynə ehsan gəlir.
7. Bu ayədəki göstərişlər qadağalardan ibarətdir. Yalnız ata-anaya yaxşılıq əmr kimi bəyan olunur. Yəni nəinki "incitməyin”, əksinə "ehsan edin”.
8. Yoxsulluq qorxusundan övladı öldürmək və ya abort (siqt) cahilanə əməldir. Əgər Allah ruziyə zamindirsə, nə üçün yoxsulluqdan qorxaq?
9. Həm cəmiyyəti fəsadlardan qorumaq, həm də ruhu çirkinliklərdən təmizləmək lazımdır.
10. Bəzi günahlar o qədər təhlükəlidir ki, onlara yaxın da getmək olmaz.
11. İlahi göstərişlər əql və onun çiçəklənməsinə uyğundur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.