Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Əl-Əraf surəsi" üzrə 206 ayə tapıldı. (161 - 180 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əl-Əraf surəsi

Ayə 161
Və (yada sal) o zaman(ı) ki, onlara (belə) deyilmişdi: «Bu şəhərdə (Beytül-Müqəddəsdə) məskunlaşın, onun istədiyiniz yerindən istifadə edin, «(ey Rəbbimiz), bizim günahlarımızı tök» deyin və bu qapıdan səcdə halında (təvazökarlıqla) daxil olun ki, sizin günahlarınızı bağışlayaq. (Onda) tezliklə yaxşılara artıq bağışlayarıq.» (Bəqərə surəsinin 58-ci ayəsinə mürəciət edin).

Əl-Əraf surəsi

Ayə 162
Beləliklə, onlardan zülm etmiş kəslər (həmin sözü) onlara deyiləndən başqa sözə dəyişdilər (tövbə yerinə buğda istədilər). Belə olduqda, zülm etmələrinin cəzası olaraq göydən onlara əzab göndərdik. (Bəqərə surəsinin 59-cu ayəsinə müraciət edin).

Əl-Əraf surəsi

Ayə 163
Və onlardan dəniz sahilində yerləşən cəmiyyətin (Mədyən əhalisinin və ya Fələstinin Təbəriyyə dənizinin kənarındakı Əylə şəhərinin əhalisinin) halını soruş: o zaman onlar şənbə günü həddi (balıq ovunun həmin gün haram olması hökmünü) aşırdılar; o zaman onların balıqları şənbə günündə aşkar surətdə suyun üzünə çıxır, şənbə olmayan gündə isə gəlmirdilər. Biz onları itaətsizliklərinin müqabilində belə imtahan edirdik.

Əl-Əraf surəsi

Ayə 164
Və o zaman onlardan bir dəstə (digərlərini çəkindirən dəstəyə) dedi: «Nə üçün Allahın mütləq həlak edəcəyi və ya şiddətli əzab verəcəyi bir qövmə öyüd-nəsihət verirsiniz?» Dedilər: «Rəbbinizin dərgahında üzrümüzün olması üçün və bəlkə onlar çəkindilər deyə!». (Deməli Musanın qövmü üç dəstədən - günahkarlar, onları çəkindirənlər və sükut edənlərdən ibarət idi.)

Əl-Əraf surəsi

Ayə 165
Beləliklə, elə ki, onlara verilən öyüd-nəsihəti unutdular, Biz pis işdən çəkindirənləri xilas etdik, zülm edənləri isə itaətsizliklərinə görə ağır bir əzaba düçar etdik.

Əl-Əraf surəsi

Ayə 166
Beləliklə, elə ki, çəkindirildikləri şeydən boyun qaçırdılar, onlara «meymunlar və qovulmuşlar olun!» dedik (qəti iradə ilə surətlərinin meymun şəklində, ruhlarının isə xar və rəhmətdən uzaq olmasını istədik və elə də oldular).

Əl-Əraf surəsi

Ayə 167
Və (yada sal) o zaman(ı) ki, Rəbbin Qiyamət gününədək onlara (yəhudilərə) həmişə mütləq ağır əzab verən kəslər göndərəcəyini elan etdi. Həqiqətən sənin Rəbbin tez cəza verən və (eyni zamanda) çox bağışlayan və mehribandır.

Əl-Əraf surəsi

Ayə 168
Və onları yer üzündə müxtəlif dəstələr şəklində səpələdik. Onlardan bəzisi yaxşı əməl sahibləridir, bəzisi isə onlardan aşağıdır. Onları yaxşı-yamanlıqlarla sınadıq, bəlkə (haqqa tərəf) qayıtsınlar.

Əl-Əraf surəsi

Ayə 169
Beləliklə, onlardan sonra kitabın (Tövratın) varisi olmuş (saleh olmayan) canişinlər(i) onların yerinə keçdilər. Onlar (rüşvət və ya kitabı təhrif etmək yolu ilə) bu alçaq dünyanın malını alır və «tezliklə (tövbə edəcək və) bağışlanacağıq» deyirlər. Əgər onlara elə bir mal yetişsə, yenə də götürərlər! Məgər onlardan kitabın möhkəm əhd-peymanı alınmadımı ki, Allaha haqdan başqa bir şey nisbət verməsinlər? Halbuki, onlar kitabda olanları oxuyublar (və onun hökmlərindən xəbərdardırlar). (Bilin ki,) axirət evi təqvalılar üçün daha yaxşıdır, məgər düşünmürsünüz?

Əl-Əraf surəsi

Ayə 170
Həmişə (öz səma) kitab(ların)dan yapışan və namaz qılan kəslər (bilsinlər ki,) həqiqətən Biz salehlərin və islah edənlərin mükafatını zay etməyəcəyik.

Əl-Əraf surəsi

Ayə 171
Və (yada sal) o zaman(ı) ki, Biz dağı (yerindən qopararaq) bir kölgə kimi onların başı üzərində saxladıq və onlar onun mütləq başlarına düşəcəyini güman etdilər. (Və dedik:) «Sizə verdiyimiz (kitab və din)i (ruhi və cismani) qüvvətlə tutun və orada olanları yadda saxlayın, bəlkə təqvalı oldunuz». (Bəqərə surəsinin 63-cu ayəsinə müraciət edin).

Əl-Əraf surəsi

Ayə 172
O zaman sənin Rəbbin Adəm övladlarından – onların bellərindən övladlarını çıxartdı (tarix boyu tədricən onları bir-birinin belindən dünyaya gətirdi) və onları (ağıllarının dərk etməsi və peyğəmbərlərin təbliği vasitəsilə) özlərinə şahid tutdu ki: «Mən sizin Rəbbiniz deyiləmmi?» (Ağıl nemətindən və peyğəmbərlərin dəvətindən məhrum olanlardan başqa) onların hamısı: «Bəli, (Rəbbimiz olmağına) şəhadət verdik» dedilər. (Allah belə etdi ki,) məbada Qiyamət günü «biz bundan (tovhid və rübubiyyətdən) qafil idik» deyəsiniz.

Əl-Əraf surəsi

Ayə 173
Yaxud «həqiqətən atalarımız bizdən əvvəl (Allaha) şərik qoşdular və biz onlardan sonra olan övladlar (və təbii ki, onlara tabe) idik, məgər bizi batilə yönələnlərin etdiklərinə görə həlakmı edəcəksən?!».

Əl-Əraf surəsi

Ayə 174
Biz (öz tovhid və din) nişanələri(mizi) bu cür ətraflı açıqlayırıq (ki, onların barəsində fikirləşsinlər) və bəlkə qayıtdılar.

Əl-Əraf surəsi

Ayə 175
Və onlara ayələrimizi (səmavi kitabın maarifini, yaxud duanın qəbul olunması məqamını) verdiyimiz, lakin (etiqadda küfr və əməldə nankorluq nəticəsində) onlardan xaric olan, beləliklə şeytan təqibinə məruz qalan və nəhayət yolunu azanlardan olan şəxsin (Musanın zamanında yaşamış alim Bəl’əm Bauranın) hekayətini oxu.

Əl-Əraf surəsi

Ayə 176
Əgər istəsəydik, həmin ayələrin vasitəsi ilə onu(n məqamını) mütləq (məcburi şəkildə) ucaldardıq. Lakin o(nu bəşəriyyətin yol seçməkdə ixtiyar sahibi olması ənənəsinə uyğun olaraq azad qoyduq və o) alçaqlığa meyl edərək yerə ürək bağladı və öz nəfsi istəklərinə tabe oldu. Buna görə də onun hekayəti (o) susuz və ya yorğun itin hekayətinə bənzəyir ki, ona hücum etsən də dilini çıxarar, boşlasan da dilini çıxarar (bu şəxsi qorxutmağınla nəsihət verməyin birdir). Bu, Bizim ayələrimizi təkzib etmiş dəstənin məsəlidir. Odur ki, bu hekayəti nəql et, bəlkə düşündülər.

Əl-Əraf surəsi

Ayə 177
Bizim ayələrimizi təkzib etmiş və özlərinə zülm edən dəstə(nin məsəli) necə də pis bir məsəldir.

Əl-Əraf surəsi

Ayə 178
Allah kimi hidayət etsə, o əsl hidayət olunmuşdur və kimi öz azğınlığında boşlasa, həqiqətən ziyana uğrayanlar onlardır!

Əl-Əraf surəsi

Ayə 179
Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər.

Əl-Əraf surəsi

Ayə 180
(Mənalarının gözəlliyi və məfhumlarının ucalığı baxımından) ən gözəl adlar Allaha məxsusdur. Buna görə də Onu həmin adlarla çağırın və Onun adları barəsində doğru yoldan çıxanları (o adları bütlərə qoyanları, yaxud Allaha layiq olmayan şəkildə təfsir edənləri) boşlayın. Onlar tezliklə əməlləri ilə cəzalandırılacaqlar (danışıqlarının və əməllərinin əyani təzahürü onların cəzaları olacaqdır).
114 Sürə
6236 Ayə
206 Tapılan Nəticə
11 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar