«Əsanı at! (Musa əsasını yerə atdı.) Onun – iti sürünən ilan kimi sürətlə hərəkət etdiyini gördükdə, arxaya döndü və (elə getdi ki,) heç arxasına belə baxmadı. (Səs gəldi:) «Ya Musa, qorxma! Həqiqətən, peyğəmbərlərim Mənim yanımda qorxmazlar».
Həqiqətən, Biz Davuda və Süleymana bir elm verdik (şəriət, qəzavət, siyasət, sənət və quşların dilini başa düşmək elmi) və onlar dedilər: «Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!».
Süleyman onun sözünə gülümsəyib (onun kəlamını duyduğuna, məqsədini başa düşdüyünə görə şükr edərək) dedi: «Ey Rəbbim, mənim özümə və ata-anama əta etdiyin nemətə şükr etmək və Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver (qüvvət ver) və məni Öz rəhmətinlə saleh bəndələrinin sırasına daxil et».
«Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan onların (küfrlü) əməllərini nəzərlərində zinətləndirmişdir, beləliklə haqq yoldan onları saxlamışdır. Buna görə də əsla düz yolu tapa bilmirlər».
Beləliklə, (elçi) Süleymanın yanına gəldikdə (və hədiyyəni təqdim etdikdə, Süleyman) dedi: «Yoxsa mənə (azacıq) bir mal ilə yardım edirsiniz? Halbuki Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən daha yaxşıdır; (hədiyyənin dəyərsizliyi bir yana dursun) hələ bir siz öz hədiyyənizlə sevinirsiniz».
«Onların (mələkə və tayfasının) yanına qayıt! Biz mütləq elə bir ordu ilə onların üstünə gələcəyik ki, onun qarşısında durmağa qüdrətləri yoxdur və şübhəsiz, onları o torpaqdan əsir və zəlil halında çıxaracağıq».