"Yusif onların yükünü hazır etdikdən sonra dedi: "Atabir qardaşınızı mənim yanıma gətirin. Görürsünüzmü ki, mən peymanəni (ölçü qabını) doldurub verirəm və ən yaxşı süfrə sahibiyəm.”
Nöqtələr
Yusif demədi ki, mənim qardaşımı gətirin, dedi ki, atadan bir qardaşınızı gətirin. Məlum olur ki, söhbət zamanı qardaşları Yusifi tanımırdılar. Onlar Yusifə bildirdilər ki, biz İbrahim nəslindən olan Yəqubun övladlarıyıq. Atamız qoca kişidir. Onun övladını canavar yediyindən qəm-qüssə içindədir. İllər uzunudur ki, ağlar vəziyyətdə bir küncdə oturub. Qardaşlarımızdan birini də onun xidmətində qoymuşuq. Əgər mümkün olsa, ata və qardaşımızın da payını ver, xoşhallıqla geri qayıdaq... Yusif göstəriş verdi ki, 10 dəvə yükünə iki yük də əlavə olunsun.
Yusif qardaşlarının diqqətini cəlb etmək üçün dedi: Mən ən yaxşı süfrə sahibiyəm... Qardaşları ona meyl etdilər. Amma xalqın cəzb olunması üçün Allahın çox təbiri var. Məsələn: O ən yaxşı ruzi verəndir, O ən yaxşı bağışlayandır, O ən yaxşı nicat verəndir, O ən yaxşı tədbir tökəndir, O ən yaxşı varisdir, O ən yaxşı hakimdir.
Bununla belə, xalqın böyük bir hissəsi cəzb olunmur.
Bildirişlər
1. Yusif ehtiyata toplanmış ərzağın paylanmasına şəxsən nəzarət edirdi.
2. Yusifin düzgün müdiriyyəti sayəsində nəinki Misir əhli əziyyət çəkmədi, hətta ətrafdan gələnlərə də kömək olundu.
3. Həm sirr saxlamaq, həm də doğru danışmaq lazımdır.
4. Yardım göstərən şəxs, müəssisə və ya ölkə xeyir məqsədlə hansısa şərtlər qoya bilər.
5. Böhran və qıtlıq dövründə də ədalətsizlik və əskik satmaq qadağandır.
6. Müamilədə malın qədəri müəyyən olunmalıdır.
7. Pisliyə yaxşılıqla cavab verək. (Yusif ona zülm etmiş qardaşlarının payını əskiltmədi.)
8. İşçilərin əskik satması və ya ədaləti əsl məsulun ayağına yazılır.
9. Yusifin dövründə Misirdə taxıl məhsulları peymanə (ölçü qabı) ilə ölçülüb satılırdı.
10. Ümumi payı bölən məsullar ədalətli olmalıdırlar.
11. Əlimizdəki imkanlar vasitəsi ilə intiqam almayaq.
12. Qonaqpərvərlik peyğəmbərlərin xüsusiyyətlərindəndir.
13. Məntəqənizə gələn müsafir və karvanlara hətta qıtlıq dövründə belə hörmət göstərin.