Yusif surəsi - Ayə: 58

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 58
Və (qıtlıq illərində) Yusufun qardaşları (Misrə) gəldilər və onun hüzuruna daxil oldular. O, (Yusuf) onları tanıdı. Onlar isə (yaşı, məqamı və dili dəyişdiyinə görə) onu tanımadılar.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 58. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 58 MÖHSÜN QƏRAƏTİ.

"(Kənan məntəqəsinə qıtlıq hakim oldu və azuqə əldə etmək üçün) Yusifin qardaşları (Misirə) gəldilər. (Qardaşlar) onun (Yusifin) hüzuruna daxil oldular. Həmin vaxt onları tanıdı, amma onlar Yusifi tanımadılar.”
Nöqtələr
Yusifin öncədən gördüyü kimi, xalq 7 il bolluq içində yaşadı. Amma növbəti 7 ildə qıtlıq və quraqlıq hakim oldu. Qıtlıq Misirdən Fələstin və Kənanadək genişləndi. Yəqub öz övladlarına dedi: "Buğda əldə etmək üçün Misirə yola düşün.” Onlar Misirə daxil olub öz məqsədlərini bildirmək istədilər. Yusif müraciət edənlərin arasında qardaşlarını gördü. Amma qardaşları Yusifi tanımadılar. Çünki Yusifin quyuya atıldığı gündən onun Misirdə hakimiyyətə çatdığı vaxtadək 23 ilə yaxın zaman keçmişdi. Yusif quyudan çıxanda növcavan idi. O, Əzizin evində bir neçə il xidmətçi oldu, neçə illər də zindanda qaldı. Onun zindandan çıxdığı gündən 7 il ötmüşdü, qardaşları isə qıtlıq və quraqlıq illərində Misirə gəlmişdilər.
Bildirişlər
1. Qıtlıq zamanı dövlət xalqın yaşaya bilməsi üçün pay sisteminə keçməlidir. Hər kəs öz payını almaq üçün özü müraciət etməlidir. Əks-təqdirdə, başqaları onun adından sui-istifadə edə bilər. Qardaşlar bir nəfər nümayəndə də göndərə bilərdilər, amma onlar hamılıqla gəldilər.
2. Qıtlıq illərində başqa bir məntəqə sizdən yardım istəsə, öz köməyinizi əsirgəməyin.
3. Ehtiyac zamanı sakit oturmayın. Hətta başqa ölkələrdən də yardım alın.
4. Bəzən zalım məzluma möhtac olur. (Dağ dağa yox, insan insana rast gəlir.)
5. Hətta Misirdən olmayanlar da Yusiflə asanlıqla görüşə bilirdilər. (Hökumət başçıları proqram tərtib edib, xalqın qəbula düşməsi üçün şərait yaratmalıdırlar.)
6. Uşaqlıq dövrünün xatirələri yaddaşda iz salır və unudulmur. (Qardaşları Yusifdən ayrılarkən yaşlı idilər. Yusif isə onları uşaq yaşında görmüşdü. Bu səbəbdən də Yusif onları tanıdı, amma onlar Yusifi tanımadılar.)
Müəllif: MÖHSÜN QƏRAƏTİ.