"Padşah dedi: «Yusifi mənim yanıma gətirin ki, onu özümə məxsus (müşavir) qərar verim.» Onunla danışarkən dedi: «Həqiqətən, sən bu gün bizim yanımızda böyük məqama maliksən və etibarlı bir fərdsən.»”
Nöqtələr
"Lisanul-ərəb”də deyilir: İnsan öz sirlərini birinə açsa və onu öz işlərinə qatsa, "istəxləsəhu” deyilir.
Yusif zindandan çıxdığı vaxt zindanın qapısına bir neçə cümlə yazır. Bu cümlələr zindanın simasını açıqlayır: "Zindan dirilərin qəbristanlığı, qəm-qüssə evi, dostların sınaq və düşmənlərin şəmatət (pisliyə sevinmə) məhəllidir.”
Padşah Yusifin sədaqət və əmanətdarlığını hiss etdikdə və xəyanət görmədikdə onu özü üçün seçdi. Bəs Allah bəndədən xəyanət görməsə nə edər?! Əlbəttə ki, onu Özü üçün seçər!
Padşah "lədəyna” sözü ilə elan etdi ki, Yusifin təkcə onların qəlbində yox, həm də onların hakimiyyətində yeri var və bütün məsullar ona itaət etməlidirlər.
Elm gücü və etibarlılıq yanaşı olduqda dəyərlidir. Etibarlı insanın heç bir imkanı yoxdursa, bir iş görə bilmir və əgər imkanlı insan etibarlı deyilsə, xalqın malına, namusuna təcavüz edir.
Həzrət Əli (ə) canişin təyin etdiyi vaxt Malik Əştərə buyurur: "İşçiləri tanıyıb seçdikdən sonra onlara ehtiyaclarını ödəyəcək qədər maaş ver.”
Bildirişlər
1. Allah istəsə dünənki məhbusu bu günün hökmranı edər.
2. İnsanların xidmətlərini dəyərləndirmək və onlara təşəkkür etmək lazımdır. (Yusif yuxu təbirinə görə azad edildi.)
3. Müşrik və kafirlər də mənəvi kamillikdən ləzzət alırlar. Kamillik sevgisi bütün insanlarda mövcuddur.
4. Mühüm və aparıcı məqamlarda əyləşmək üçün müdiriyyət bacarığı ilə yanaşı sevilmək və qəbul olunmaq da mühümdür. (Yusif öz iffəti, tədbiri və təbirləri sayəsində xüsusi bir məhəbbət qazandı. Bu səbəbdən padşah onu özü üçün seçdi.)
5. Paklıq, əmanət, sədaqət, iffət padşahları da təvazöyə məcbur edir.
6. Nə qədər ağzını açmamış kişi,
Nə yaxşı, nə yaman – bilinməz işi.
7. Seçim vaxtı birbaşa müsahibələr də faydalıdır.
8. Böyük vəzifələrə təyinat zamanı bəzən nəzərdə tutulmuş şəxsi məmləkətin birinci şəxsi danışdırmalıdır.
9. Böyük və aparıcı vəzifələri ləyaqətli və imtahandan çıxmış insanlara tapşırın.
10. Sədaqətli və etibarlı insan kafirlər arasında da möhtərəm olur.
11. Misir qadınları Yusifin gözəlliyini görüb özlərini itirdilər və əllərini kəsdilər. Misir padşahı isə Yusifin etibarını və paklığını görüb Misir mülkünü onun ixtiyarına verdi. Əgər Yusifin bütün kamillikləri aşkar olsaydı, ona hansı münasibət göstərərdilər?
12. Bir şəxsin güc və sədaqətinə əmin olduğunuz vaxt ona iş tapşırmaqda yubanmayın.
13. Ölkə məsulunun xüsusi müşaviri təqvalı, tədbirli, plan hazırlaya bilən və əmanətdar bir şəxs olmalıdır.
14. Etibarlı və işbilən adamlara vəzifə verərkən qətiyyətli olun.
15. Etibarlı görüb inandığınız insana imkan verin.
16. Yusif qeyd-şərtsiz qüdrətə çatdı.
17. İmkanlı və etibarlı olmaq yanaşı şəkildə zəruridir.