"Mənə bu yerin xəzinələrini tapşır. Çünki mən hifz edən və bilənəm.”
Nöqtələr
Sual: Nə üçün Yusif məsuliyyət tələb etdi? Başqa sözlə, nə üçün rəyasət istədi?
Cavab: Yusif Misir padşahının yuxusuna əsasən xalq üçün təhlükə hiss edirdi. Özünü layiq bildiyindən bu təhlükələrin aradan qaldırılması üçün məsuliyyətin qəbuluna hazırlığını bildirdi.
Sual: Nə üçün Yusif özünü təriflədi?
Məgər Quran insanın özünü tərifləməsini pisləmirmi?
Cavab: Yusifin öz qabiliyyət və imkanlarını dilə gətirməsinin səbəbi lovğalıq və sui-istifadə yox, qarşıdakı çətinliklərin aradan qaldırılması idi.
Sual: Nə üçün Yusif kafir hökumətlə həmkarlıq etdi? Məgər Quran belə bir həmkarlığa qarşı çıxmırmı?
Cavab: Yusifin məqsədi zalım hakimi himayə etmək yox, xalqı çətinlikdən qurtarmaq idi. Yusif bir kəlmə olsun yalan danışmadı. Siyasətçilər adətən təhlükə zamanı xalqı atıb aradan çıxırlar. Amma Yusif xalqı hifz etmək fikrində idi. O, zalım rejimi aradan götürə bilməsə də müəyyən dəyişikliklər apara bildi. İmkan həddində azğınlığın qarşısını almaq zəruridir. O, işlərin bir hissəsini ələ alıb fəaliyyətə başladı.
"Təfsire-Nümunə”də deyilir: "Əhəm və mühüm” prinsipi ağıl və şəriətin qəbul etdiyi bir prinsipdir. Bu prinsipə əsasən işlər əhəmiyyət dərəcəsinə görə fərqlənir. İki mühüm iş arasında biri o birindən daha mühüm ola bilər. Şirk hakimiyyətində iştirak etməyə icazə verilmir. Amma bir milləti qıtlıqdan qurtarmaq daha mühümdür. Bu səbəbdən də Yusif siyasi məsuliyyəti yox, iqtisadi məsuliyyəti öz öhdəsinə götürdü. İmam Riza (ə) buyurur: "Xəzinə məsuliyyətini öhdəyə götürmək zərurəti yarandıqda Yusif özünü təklif etdi.”
Əli ibn Yəqtin imam Kazimin (ə) tövsiyəsi ilə Bəni-Abbas hökumətində vəzirliyi qəbul etdi. Hakimiyyətdəki ilahi insanlar məzlumlar üçün sığınacaq ola bilərlər. İmam Sadiq (ə) buyurur: "Hökumət işinin kəffarəsi din qardaşlarının ehtiyaclarını ödəməkdir.”
İmam Rizadan (ə) soruşurlar ki, nə üçün Riza Məmunun canişinliyini qəbul edib? Həzrət buyurur: "Yusif peyğəmbər idi, bununla belə müşrik hakimiyyətdə iştirakı vardı. Mən isə peyğəmbər canişiniyəm və müsəlmanlıq iddiasında olan şəxsin hökumətində iştirakım var. Əgər mən bu məsuliyyəti qəbul etməyə məcbur olmuşamsa, Yusif məsələnin mühümlüyünü nəzərə alaraq azad şəkildə həmin məsuliyyəti qəbul edib.”
Yusif məqama çatdığı vaxt valideynləri ilə görüş yox, xəzinənin məsuliyyətini istədi. Çünki valideynlərlə görüş daxili hisslərin tələbidirsə, xalqın qurtuluşu ictimai bir vəzifədir.
İmam Sadiq (ə) zahidlik iddiasında olan bir qrupa buyurdu: "Yusif peyğəmbər haqqında nə düşünürsünüz? O Misir padşahından xəzinənin məsuliyyətini istədi. Bütün ölkəni və Yəmənədək ətrafı öz ixtiyarına götürdü... Eyni zamanda, bu işi ona eyb tutan bir kəs görmədik.”
İmam Rizadan (ə) nəql olunmuş bir rəvayətdə deyilir: Həzrət Yusif (ə) 7 il müddətində taxıl topladı və ehtiyat yığdı. İkinci 7 ildə qıtlıq oldu və ehtiyata yığılmış taxıl tədricən xalqın istifadəsinə verildi. Yusif diqqət və etibarla Misir ölkəsini bədbəxtlikdən qurtardı. O, 7 illik qıtlıq dövründə heç vaxt doyunca yemədi. Məqsədi acları yaddan çıxarmamaq idi.
"Məcməul-bəyan” və "Əl-Mizan” təfsirlərində Yusifin əməli haqqında belə deyilir: Elə ki, qıtlıq başladı, həzrət Yusif taxılı birinci il qızıl-gümüşə, ikinci il qaş-daşa, üçüncü il mal-qaraya, dördüncü il qullara, beşinci il evlərə, altıncı il əkin sahələrinə, yeddinci il xalqın özünə dəyişdi. Yeddinci il başa çatdıqda Misir padşahına dedi: "Bütün xalq və onların sərmayələri mənim ixtiyarımdadır. Amma Allahı şahid tuturam və sən də şahid ol ki, bütün xalqı azad edib, var-dövlətini onlara qaytarıram. Sənin taxt-tacını da, möhürünü də sənə verirəm. Hakimiyyət mənim üçün xalqın qurtuluş vasitəsi idi. Xalqla ədalətli rəftar et.”
Padşah Yusifin bu sözlərini eşidib özünü onun qarşısında o qədər kiçik hiss etdi ki, "əşhədu ən la ilahə illəllah və ənnəkə rəsuluhu”, mən də iman gətirdim, amma sən hakim olmalısan” deyə söylədi.
Fərdləri seçərkən Quran meyarlarından istifadə edək. Quranda "həfiz və əlim” məqamlarından əlavə, meyarlar da zikr olunmuşdur. O cümlədən: iman, insanın keçmişi, hicrət, fiziki və elmi qüdrət, ailə əsası, cihad və mübarizə.
Bildirişlər
1. Zəruri olan məqamda könüllü şəkildə məsuliyyət qəbul olunmalıdır.
2. Peyğəmbərlik hökumət və siyasətdən ayrı deyil. Dəyanət də siyasətdən ayrı sayılmamalıdır.
3. Layiqli insanlardan istifadə edərkən onların şəxsi marağı nəzərə alınmalıdır.
4.Öncə ləyaqət qazanmaq, sonra məsuliyyət tələb etmək lazımdır.
5. Bir işdə məharətiniz varsa özünüzə inanın və məsuliyyət istəyin.
6. İnsan özündən aşağı pillədə fəaliyyət göstərənlərə nəzarət etməli, etibarlı müşavirlərə qarşı diqqətli olmalıdır.
7. Hansı məntəqədə olmaq əsas deyil. Yusif misirli deyildi, amma Misir hökumətində məsuliyyət daşıyırdı.
8. Zəruri hallarda ləyaqəti bəyan etmək təvəkkül və ixlasa zidd deyil.
9. Padşahın Yusifdəki iki xüsusiyyəti (qüdrət və etibar) və Yusifin özündəki iki sifəti (hifz edən və bilən) bəyan etməsində layiqli işçinin xüsusiyyətləri ilə bağlı nəticə çıxarmaq olur. Belə ki, layiqli işçi qüdrətli, etibarlı, hifz edən və mütəxəssisdir.
10. Məsrəflə bağlı planlaşdırmada və bu işə nəzarətdə gələcək nəslin payı qorunmalıdır.