"Mən nəfsimə bəraət qazandırmıram. Çünki insanın nəfsi, şübhəsiz, daim pisliyə əmr edir. Yalnız Rəbbim rəhm etsə (belə olmaz). Həqiqətən, mənim Rəbbim bağışlayan və mehribandır.”
Nöqtələr
Quranda nəfsə aid bir neçə hal bəyan olunmuşdur. O cümlədən:
1. Əmmarə nəfs; bu nəfs insanı çirkinliyə sövq edir. Bu nəfs ağıl və iman vasitəsi ilə cilovlanmasa, insanı birdəfəlik süquta uğradır.
2. Ləvvamə nəfs; ləvvamə nəfsə malik olan insan yol verdiyi nöqsanlara görə özünü məzəmmət edir, tövbə qılır, üzr istəyir. "Qiyamət” surəsində bu növ nəfs xatırlanmışdır.
3. Mütməinnə nəfs; yalnız peyğəmbərlərdə, övliyalarda və həqiqətən onlar tərəfindən tərbiyələnmiş insanlarda belə bir nəfs olur. Onlar bu nəfs sayəsində bütün vəsvəsə, hadisələrdən qalib çıxır və yalnız Allaha bağlı olurlar.
Yusif bu ilahi sınaqda xəyanət etməməsini və üzüağ çıxmasını Allahın lütf və rəhmi bilir. O insan təbiətinə malik bir fərd olaraq özünü paka çıxarmır.
Çoxsaylı rəvayətlərdə nəfsin təhlükələrindən danışılır, nəfsdən razılıq ağılın fəsad nişanəsi və şeytanın ən böyük tələsi sayılır. İmam Səccad "Şakkin” münacatında nəfsin 15 təhlükəsini bəyan edir. Bu təhlükələrdən xəbərdar olmaq faydalıdır.
Bildirişlər
1. Heç vaxt özümüzə bəraət qazandırıb, nəfsimizi pak göstərməyək.
2. Kamillik şərti budur ki, bütün insanlar səni kamil saysalar da, sən özünü kamil saymayasan. Həzrət Yusifin macərasında qardaşları, Əzizi-Misrin zövcəsi, şahid, padşah, şeytan, zindandakılar hər biri Yusifin kamalına şəhadət versələr də, Yusif özünə bəraət qazandırmır.
3. Nəfs istəyinin təhlükəsi ciddi təhlükədir, onu yüngül saymayın. Ayədə 4 növ təkiddən istifadə olunmuşdur ("İnnə”, "Lam” təkidi, mübaliğə siğəsi, ismiyyə cümləsi).
4. Peyğəmbərlər məsum olsalar da, insani meyillərə malikdirlər.
5. İnsan özünə qarşı yönəlmiş böhtanlar müqabilində iffətini qorumalı, həm də nəfsin təhlükəsini etiraf edib, Allaha pənah aparmalıdır.
6. Nəfs öz istəklərini təkrarlayır ki, insanı bədbəxt etsin.
7. İnsan Allahın lütfündən məhrum olsa, təbii şəkildə mənfi işlərə meyl göstərəsidir.
8. Qurtuluşun əsası yalnız Allahın rəhmətidir. İnsan özbaşına buraxılarsa, süqut edər.
9. Yusif Allahın xüsusi tərbiyəsi altında idi. "Rəbbi” sözü ayədə təkrarlanır.
10. Tərbiyəçi rəhmət və bəxşiş sahibi olmalıdır.
11. İlahi rəhmətə çatmaq üçün bağışlanmaq müqəddimədir. Ayədə öncə bağışlanma sifəti qeyd olunur.
12. İstənilən bir təhlükəyə baxmayaraq, Allahın rəhmətindən ümidimizi üzməyək.