|
"(Yəqub) dedi: "Qardaşını sizə etibar etdiyim kimi onu da sizə etibar edimmi? (Sizə yox, Allaha etibar edirəm.) Allah ən yaxşı qoruyandır və rəhm edənlərin ən rəhimlisidir.”
|
|
|
Sual: Oğlanları etibar qazanmadığı halda nə üçün Yəqub o biri övladını onların ixtiyarına verdi?
Cavab: Fəxr Razi bu mövzu ilə bağlı müxtəlif ehtimallar irəli sürür. Əvvəla, qardaşlar birinci işləri ilə atalarının məhəbbətini qazana bilməmişdilər. İkincisi, qardaşlar Benyaminə qarşı bir o qədər də həsəd aparmırdılar. Üçüncüsü, qıtlıq və quraqlıq xüsusi şərait yaratdığından bu səfər zəruri ola bilərdi. Dördüncüsü, əvvəlki hadisədən uzun vaxt keçmişdi və bu hadisə unudula bilərdi. Beşincisi, Allah bu məsələ ilə bağlı Yəquba təsəlli verdi.
12-ci ayədə bildirilirdi ki, Yəqub oğlanlarını etibarlı bilib Yusifi onlara tapşırdı, nəticədə onu əldən verdi və gözləri kor oldu. Benyaminə münasibətdə isə Yəqub Allaha təvəkkül etdi və dedi: "Allah ən yaxşı qoruyandır.” Nəticədə güc tapdı, gözləri açıldı, ayrılığa son qoyuldu.
Bildirişlər
1. Mənfi keçmişə malik insana dərhal etimad göstərmək olmaz.
2. Keçmişin acı xatirəsi insanı gələcək hadisələrdən qoruyur.
3. Bir dəfə uğursuzluğa düşdükdə, əlimiz işdən soyumasın. Yəqub Allaha təvəkkül etməklə növbəti dəfə ikinci oğlunu qardaşlarına təhvil verdi.
4. Yusifin qardaşları özlərini etibarlı sayırdılar. Amma Yəqub xatırlatdı ki, ən yaxşı qoruyan Allahdır.
5. Zahiri və maddi amillərə bir o qədər də arxayın olmayaq. Yalnız Allaha təvəkkül edək.
6. Allahın misilsiz rəhmətinə diqqət və Ona təvəkkül etməklə həyat hadisələrinin istiqbalına çıxaq.
7. Mərhəmət hifz etmə qaynağıdır.