"(Münafiqlər) Allaha and içirlər ki, (küfr sözlər) danışmamışlar. Halbuki şübhəsiz, küfr demişlər. Onlar İslamı qəbul etdikdən sonra kafir oldular. Elə bir qərara gəldilər ki, ona əlləri çatmadı. (Peyğəmbəri qətlə yetirə bilmədilər.) Allah və rəsulunun onları öz lütfündən ehtiyacsız etməsindən savay (peyğəmbər və möminlər üçün) bir eyb tapmadılar. (Bununla belə,) əgər tövbə etsələr, onlar üçün daha yaxşıdır. Əgər üz döndərsələr, Allah onları dünya və axirətdə ağrılı əzaba düçar edər və yer üzündə onlar üçün heç bir dost və yardımçı tapılmaz.”
66-cı ayədə peyğəmbərin dili ilə münafiqlərə belə deyildi: "İman gətirdikdən sonra kafir oldunuz.” Bu ayədə isə Allah-təala belə buyurur: "Onlar İslamı qəbul etdikdən sonra kafir oldular.” Peyğəmbər "iman”, Allah isə "İslam” təbirlərini işlətmişdir. Çünki peyğəmbər onları zahirən mömin sayırdı. Amma Allah onların içindən xəbərdar olduğu üçün öz buyruğunda həmin tərəfi "mömin” yox, "müsəlman kimi təqdim edir.
Ayədə münafiqlərin peyğəmbər və İslam ziddinə yönəlmiş bütün fitnələri nəzərdə tutulur. Amma əksər şiə və sünni təfsirlərində "ləylətul-əqəbə” fitnəsi yada salınır. Münafiqlər həmin plana əsasən peyğəmbərin dəvəsini hürkütməklə onu aşırıma yuvarladıb qətlə yetirməli idilər. Amma onların qurğuları faş oldu və öz məqsədlərinə çata bilmədilər.
Nəql edirlər ki, Təbuk savaşında həzrət Peyğəmbər (s) çıxış etdiyi vaxt Həllas adlı bir münafiq dedi: "Əgər peyğəmbərin dedikləri düzdürsə, biz ulaqdan da pisik.” Amir ibn Qeys adlı səhabə onun sözlərini Peyğəmbərə (s) çatdırdı. Həzrət Peyğəmbər (s) münafiqi bu məsələ ilə bağlı sorğuya çəkdikdə, o, Amirin sözlərini inkar etdi. Peyğəmbərin göstərişi ilə hər iki şəxs minbərə yaxınlaşıb and içdi. Amma ayə nazil oldu və münafiqin yalanı üzə çıxdı.
1. Yalan və yalan and münafiqlik nişanələrindəndir.
2. Münafiqlər naşükürdürlər. Onlar İslam sayəsində xoş günə çatsalar da, eyb axtarmaqdan əl çəkmirlər.
3. Allahla yanaşı peyğəmbərin adını çəkib, hər hansı işi onların ikisinə də aid etmək şirk deyil.
4. Fəzilət qaynağı yalnız Allahdır. (62-ci ayədə də deyildiyi kimi.)
5. İslam ideoloji və əxlaqi tərbiyə ilə yanaşı maddi durumu da yaxşılaşdırdı.
6. Hətta peyğəmbəri qətlə yetirmək istəyənlər üçün də tövbə yolu açıqdır.
7. Münafiqlərin dünya həyatı da əzab içində keçir. Çünki yaranış nizamı sədaqət üzərində qurulmuşdur.
8. Münafiqlərin dünya əzabı onları daim iztirabda saxlayan himayəsizlik və mövqesizlikdir.
9. Münafiqlər işin sonunda tənha qalar, onların təşkilatları dağılar. Onları nə xalq, nə də hakimiyyətlər himayə edər.