"İmanlı kişilər və qadınlar bir-birlərinin köməkçisi və himayədarıdırlar. (Onlar) yaxşılığı əmr edir, pisliyə qadağa qoyur, namazı iqamə edir, zəkat ödəyir, Allah və Onun rəsuluna itaət göstərirlər. Tezliklə Allah onları Öz rəhmətində qərar verəcəkdir. Həqiqətən, Allah qalibdir (qüvvəli) və hikmət sahibidir.”
67-ci ayədə münafiqlər haqqında "bəzuhum min bəz” ("bir-birlərindəndir”) təbiri işlədilmişdi. Bu ayədə isə möminlər haqqında buyurulur: "Bir-birlərinin köməkçisi və himayədarıdırlar.” Ola bilsin ki, bu fərq münafiqlər arasında dərin vəhdət, vilayət bağlılığının olmamasından doğur. Münafiqlərin birliyi zahiridir və onlar bu birliyi şəxsi mənafeyə qurban verirlər. Quran buyurur: "Onların vəhdətdə olduğunu güman edirsən, halbuki qəlbləri dağınıqdır.”
Yaxşılıq əmri və pisliyə qadağa digər vacib göstərişlərin icrasına şərait yaratdığından bu ayədə həmin əmr namaz və zəkat əmrindən öndə gəlir.
1.Cəmiyyətin islahında həm qadın, həm də kişinin rolu var.
2. İslam cəmiyyətində möminlər arasında himayə, yardım, nəzarət haqqı müəyyənləşdirilmişdir. Möminlər bir-birlərinə biganə deyillər.
3. Bütün imanlı kişi və qadınlara vacib buyurulmuş yaxşılıq əmri və pisliyə qadağa vəzifəsi qarşılıqlı himayə haqqına əsaslanır.
4. "Əmr be məruf” və "nəhy əz münkər” (yaxşılıq əmri və pisliyə qadağa) zəif mövqedən bəyan olunmamalıdır.
5. Əmr və qadağa yalnız məhəbbət və vilayət sayəsində gerçəkləşə bilər.
6. Bütün ibadətlər yoxsullara diqqət və qayğı ilə müşayiət olunmalıdır.
7. Fərd və cəmiyyətin islahında imanın mühüm rolu var.
8. Əmr və qadağa, namazın bərpası, zəkat ödənməsi, Allah və Onun rəsuluna itaət möminlərin daimi vəzifələrindəndir.
9. Başqalarını xeyir əmələ çağıran özü də xeyir əhli olmalıdır.
10. Allah və Onun rəsuluna həvəslə itaət edilməlidir.
11. İbadi proqramlarda Allaha, hökumət proqramlarında peyğəmbərə itaət zəruridir.
12. İlahi rəhməti doğuran amil insanın öz əməlləridir.
13. İlahi rəhmətin əldə olunmasında qadın və kişi barabərdir.