Ət-Tövbə surəsi - Ayə: 67

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 67
Münafiq kişilərlə münafiq qadınların bəziləri bəzilərindəndirlər (etiqad və əməldə bir-birləri ilə bağlıdırlar). Pis işlər görməyi əmr edərlər, yaxşı işləri qadağan edərlər və öz əllərini (mallarını haqq yolunda xəcləməyə) bağlayarlar. Onlar Allahı unutdular, Allah da onları unutdu (bütün dəlil-sübutları göndərdikdən sonra onları öz başlarına buraxdı). Şübhəsiz münafiqlər həmin itaətsizlərdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 67. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 67 MÖHSÜN QƏRAƏTİ.

"Münafiq kişilər və qadınlar bir-birlərindəndirlər. Onlar pis işə çağırır, yaxşı işə qadağa qoyurlar. Öz əllərini (bəxşiş və infaqda) bağlayırlar. Onlar Allahı yaddan çıxarmışlar. Allah da onları yaddan çıxarmışdır. Həqiqətən, münafiqlər həmin fasiqlərdir.”
Nöqtələr
İlkin İslam dövründə kişilər kimi fəsada uğramış münafiq qadınlar da var idi.
Sual: Allahda unutqanlıq olmadığı halda Onun münafiqləri unutmasını necə başa düşmək olar?
Cavab: Allahın kimlərisə unutması məcazi məna daşıyır. Yəni Allah onlarla yaddan çıxmış kimi rəftar edir.
İmam Riza (ə) buyurmuşdur: "Allahı və qiyaməti unutmuş kəsin cəzası onun özünü unutmasıdır.”  Həzrət Əli (ə) buyurmuşdur: "Allahın unutması dedikdə Onun kimlərisə xeyirdən məhrum etməsi nəzərdə tutulur.” 
Bildirişlər
1. Cəmiyyətin islahında həm qadın, həm də kişinin rolu var.
2. Münafiqlərdən bəziləri rəhbər, bəziləri ardıcıl rolunu oynayır.
3. Nifaq əhli müxtəlif dərəcələrə malik olsalar da, onların üsul və əməlləri müştərəkdir.
4. Münafiqlər sizinlə olduqlarına and içsələr də, onlara inanmayın.
5. Münafiqlər arasında möhkəm rabitə var.
6. Pis işlərin yayılması, günaha dəvət və yaxşılığa qadağa nifaq nişanələridir.
7. Münafiq düşüncəsində xeyirxahlığa yer yoxdur.
8. "Əmr be məruf və nəhy əz münkər”in, eləcə də, Allah yolunda infaqın tərki Allahı unutmaq nişanəsidir.
9. İlahi lütfdən məhrum qalmaq və unudulmaq Allahı unutmağın nəticələridir.
10. İlahi cəzalar insanın əməllərinə münasibdir.
11. Münafiqlər öz hesablarında Allahı yox, xalqı nəzərə alırlar.
12. Nifaq və ikiüzlülük azğınlıqdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.