"Münafiqlər könüllü olaraq müstəhəb sədəqə verən, eləcə də, gücündən artıq bir şey tapmayan möminlərə eyb tutur, onları məsxərəyə qoyurlar. (Bilsinlər ki,) Allah onlara rişxənd edər və onlar üçün ağrılı əzab var.”
Həzrət Peyğəmbər (s) xalqdan cəbhəyə kömək istədi. İmkanlılar yetərincə, yoxsullar isə cüzi yardım göstərdi. Münafiqlər varlıların yardımını riyakarlıq sayaraq onlara tənə etməyə başladılar. İmkansızların da cüzi yardımı məsxərəyə qoyuldu. Münafiqlər həzrət Peyğəmbərin (s) hüzuruna cəbhəyə yardım üçün bir miqdar xurma gətirmiş Əbu-Əqil Ənsarini də lağa qoydular.
İnsanın infaq etməsi, yoxsullara əl tutması üçün onun var-dövlətli olması şərt deyil. İnfaq üçün ixlas, iman və səxavət kimi səciyyələrin olması zəruridir. 70-cu ayədə oxuduq ki, böyük var-dövlətə malik olan Sələbə vacib dini haqları ödəmədi. Amma yoxsulluq içində yaşayan Əbu-Əqil tam ixlasla, səmimi qəlbdən bir neçə xurma gətirdi.
İmam Riza (ə) buyurmuşdur: "Allah məsxərə edər” deyərkən Onun istehza edənləri cəzalandırması nəzərdə tutulur.”
1. Məsxərə etmək münafiqlərin sifətidir. Onlar özləri yardım göstərmir, başqalarının da yardımını şübhə altına alırlar.
2. Möminlər səmimi qəlbdən infaq edirlər.
3. Cəbhəyə yardım ruhiyyəsini zəiflətmək haramdır və münafiqlərə məxsus bir işdir.
4. Münafiqlər təbliğat və istehza vasitəsi ilə xalqın cihada marağını öldürürlər.
5. Münafiqlərin nəzərincə niyyət və məqsəd yox, malın miqdarı əhəmiyyətlidir. Bu səbəbdən də onlar fəqir möminlərin cüzi infaqını əhəmiyyətsiz sayırdılar.
6. Cəmiyyətin ehtiyaclarını aradan qaldırmaq üçün bütün imkanlardan istifadə olunmalıdır.
7. Hər bir insan özü gücü həddində məsuldur.
8. Öz vəzifəmizlə məşğul olaq və düşmənin istehzasına əhəmiyyət verməyək. Çünki onların cəzasını Allah verəcək.
9. Cəza əmələ münasib olmalıdır.