Ət-Tövbə surəsi - Ayə: 60

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 60
Həqiqətən sədəqələr (malların və canların zəkatı, səkkiz yerə sərf olunmalıdır, yəni) yoxsulların, miskinlərin (daha yoxsul olanların), onun (toplanması, qorunması və paylanılması) icraçılarının, (kafirlərdən, yaxud əqidələri zəif olan müsəlmanlardan bəzilərini dinə cəlb etmək, ya onlardan döyüşdə istifadə etmək üçün) ürəklərinin ələ alınması lazım olan kəslərin, qulların (azad olunmasının), borcluların (borclarının ödənilməsinin), Allah yolundakı xərclərin (xeyiri ümumi olan hər hansı bir xeyir işin, xüsusilə cihadın) və yolda (İslam və müsəlmanların din və dünyaları üçün lazım olan hər hansı bir hədəf yolunda) qalanlarındır. (Bu hökm,) Allah tərəfindən qəti bir vacibdir. Allah bilən və hikmətlidir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 60. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 60 MÖHSÜN QƏRAƏTİ.

"Həqiqətən, sədəqələr (zəkat) ehtiyaclılar, miskinlər, zəkatı yerbəyer edənlər, qəlblərin cazibəsi, qulların azad edilməsi, borcluların borcunun ödənməsi, Allah yolunda (cihada) sərf və yolda qalanları təmin etmək üçündür. Bu, Allah tərəfindən göstərişdir. Allah biləndir və hikmət sahibidir.”
Nöqtələr
Həm "sədəqə”, həm də "sidaq” sözü "sidq” sözündəndir. "Sədəqə” Allaha imanda sədaqət, "Sidaq” mehriyyə və ya həyat yoldaşına sədaqət nişanəsidir.
Bu ayədə sədəqə deyilərkən vacib zəkat nəzərdə tutulur.
"Fəqir” deyərkən yoxsulluq belini qırmış kəs başa düşülür. "Miskin” isə yoxsulluqdan evdə oturmuş şəxsdir. Rəvayətlərə əsasən, fəqir xalqa əl açmır, miskin isə çarəsizlikdən əl açmağa məcbur olur. 
Ötən ayədə münafiqlərin zəkatın bölünməsi ilə bağlı Peyğəmbərə (s) iradlarından danışılırdısa, bu ayədə sədəqənin ünvanları göstərilir. Elə başa düşülür ki, münafiqlərin zəkatda gözü varmış.
"Əl-amilinə ələyha” deyərkən zəkatı toplayanlar, saxlayanlar, onun hesabını aparanlar, yerinə çatdıranlar nəzərdə tutulur. Onlara zəkatdan zəhmət haqqı verilir.
"Əl-muəlləfəti-qulubuhum” deyərkən İslama meyli olmayanlar nəzərdə tutulur. Belələrini imana sövq etmək üçün zəkatdan pay ayrılır.
Əlbəttə ki, qəlblərin cazibəsi üçün zəkatdan pul xərcləmək o demək deyil ki, insanlar pulla iman gətirsinlər. Həmin məbləğ xərclənir ki, insanlar İslamı dərk etmək üçün təhsil alıb həqiqəti dərk etsinlər. 
"Əl-ğarimin” deyərkən səhvə yol vermədən borca düşənlər nəzərdə tutulur. Məsələn, təbiət hadisələri nəticəsində var-yoxunu əldən verənlər bu zümrəyə aid edilə bilər.
İmam Sadiq (ə) buyurmuşdur: "Günaha yol vermədən borca düşmüş müsəlman öldükdə onun borcunu imam ödəməlidir.” 
"Fi səbilillah” deyərkən Allahın bəyəndiyi bütün işlər nəzərdə tutulur. Dini təbliğat, müsəlmanlara yardım bu qəbildəndir. Təfsirlərdə cihad bu təyinatın əsas ünvanı kimi göstərilir.
"İbnis-səbil” deyərkən vətənində imkanlı olduğu halda, səfərdə əliboş qalmış kəs nəzərdə tutulur.
Zəkatın siması
Zəkat hökmü Məkkədə nazil olmuşdur. Amma həmin vaxt müsəlmanlar azsaylı, zəkat cüzi olduğundan həmin məbləği hər kəs özü ödəyirdi. Mədinədə İslam hökuməti qurulduqdan sonra bu iş mərkəzləşdirildi və həmin büdcə din hakiminin ixtiyarına verildi. 
Zəkat təkcə İslama məxsus deyil. Digər dinlərdə də zəkat olmuşdur. Həzrət İsa hələ beşikdə ikən zəkat haqqında göstəriş vermişdir. Bu barədə həzrət Musanın və bütün digər peyğəmbərlərin buyruqları var. 
Quranda zəkatla bağlı dörd təbir işlədilmişdir: "Malın verilməsi (inail-mal)” ; Sədəqə” ; İnfaq” ; Zəkat” 
Quranda, adətən, zəkat sözü namaz sözü ilə yanaşı işlədilir. Rəvayətlərə əsasən, zəkat namazın qəbul şərtidir. Bu, Allahla bağlılığın xalqla bağlılıqla əlaqəli olduğunu göstərir.
Quranda heç bir dini göstəriş namaza zəkat qədər yaxın bəyan olunmamışdır.
Seyyidlərin zəkat alması haramdır. Bəni-Haşimdən olan bir qrup İslam Peyğəmbərindən (s) zəkat bölgüsü ilə bağlı iş istədilər. Onlar heyvanların zəkatını toplamaq və bu işlərinə görə pay almaq fikrində idilər. Həzrət Peyğəmbər (s) buyurdu: "Zəkat mənə və sizə haramdır.” Seyyid yalnız o zaman zəkat ala bilər ki, zəkatı verən də seyyid olsun.
Zəkat göstərişi İslamın varlı və kasıb zümrələrin mövcudluğuna maraqlı olmasını göstərmir, sadəcə, qarşıda duran gerçək bir problemi həll etməkdir. Bəzən varlılar özləri də təbii fəlakətlər səbəbindən yoxsulluğa düçar olurlar. İslam quruluşunda ictimai ehtiyacların təmini üçün büdcənin olması zəruridir.
Rəvayətdə deyilir: Allah-təala ehtiyaclıların çətinliyini həll etmək üçün varlıların malından pay müəyyənləşdirmişdir. Yetərli olmadıqda bu pay artırılır. Əgər insanlar fəqirlərin haqqını ödəsəydilər, hamı normal yaşayardı. Varlılar zəkat ödəsəydilər, yoxsul tapılmazdı. 
Şəxsi mülkiyyətə məhdudiyyət qoyan bəzi ideologiyaların ziddinə olaraq, İslam insana mülkiyyət azadlığı verir. İslam quruluşunun himayəsində olan hər bir şəxs öz istedad və bacarığını işə salıb istənilən qədər var-dövlət sahibi ola bilər. Amma zəkat ödəmək də zəruridir.
Zəkatın Allah yolunda xərclənməsi deyərkən təkcə yoxsullar nəzərdə tutulmur. İslam quruluşuna faydası olan istənilən bir cəhətdə zəkat sərf oluna bilər. 
İslam cəmiyyətini şər qüvvələrin fitnəsindən qorumaq üçün zəkatdan sərf oluna bilər. 
Əgər bir şəxs diyə ödəməli olarsa və buna gücü çatmazsa zəkatdan ona yardım göstərmək olar. 
Ola bilsin ki, "fir-riqab” təbirinə əsasən, məhbusların azadlığı və onların ehtiyacının təmini üçün zəkatdan xərclənilsin.
Zəkatın səkkiz istiqamətdə bərabər bölünməsi zəruri deyil. İslam hakiminin nəzarəti altında hər sahəyə ehtiyac qədərində pay ayrılmalıdır.
Zəkat sərvətin tarazlıq amilidir.
Zəkat Allahın verdiklərinə əməli təşəkkürdür.
Zəkat təbəqələrarası fərqi azaldır, fəqirlərlə varlılar arasındakı kin-küdurəti aradan qaldırır.
Zəkat insanda səxavət və mərhəmət ruhunu dincəldir, dünyapərəstlik və maddiyyata bağlılıq hissini zəiflədir.
Zəkat məhrumlar üçün ictimai bir təminatdır – fəqirə deyilir ki, nigaran olma, varlıya deyilir ki, yenidən səy et, müsafirə deyilir ki, yolda qalmaqdan qorxma, fəhləyə deyilir ki, sənin payın qorunur, qula azadlıq vəd olunur, ilahi xidmət sahəsi rövnəq tapır, ətrafdakıların qəlbi İslama cəzb olunur.
Allah zikrindən qəflət xalqın istismarına, qəlbin daşlaşmasına, tüğyan və əyyaşlığa, var-dövlətlə öyünməyə səbəb olur. Zəkat bu xəstəliyin dərmanıdır.
Zəkat yoxsulluğu aradan qaldırmaqla yanaşı İslama rəğbət oyadır. Ən azı insanlar İslam düşmənləri ilə həmkarlıqdan çəkinir. Rəvayətlərdə bildirilir ki, maddi yardımlar və İslama yaxınlaşma ilə fərdlərin imanı möhkəmlənir. 
İslam quruluşunun səciyyəsi olan zəkat ictimai ədalətə, fəqirliyin aradan qaldırılmasına, fəhlələrin təminatına, beynəlmiləl yaxınlığa, qulların azad olunmasına, qüvvələrin hərəkətə gətirilməsinə, müsəlman ayinlərinin hifzinə və ümumi xidmətlərin genişlənməsinə zəmin yaradır.
Bildirişlər
1. Zəkat iman izharında sədaqəti göstərir.
2. Zəkat umacaqlar yox, vəhy əsasında bölünür. Ayədə eyb axtaran münafiqlərə cavab verilir.
3. Zəkatı ayədə göstərilən təyinatlardan kənarda sərf etməyə icazə verilmir.
4. İslamın ictimai ədalət prinsiplərindən biri məhrumların dolanışıq təminatıdır.
5. İnsanın var-dövləti bütünlüklə onun deyil. Bu mülkiyyətdə başqalarının da payı var.
6. Zəkat verənlər fəqirlərə minnət qoymamalıdırlar. Çünki zəkat onların öz mülkləri deyildir.
7. Yoxsulluğun aradan qaldırılması İslam quruluşunun ilkin vəzifələrindəndir. Öncə fəqirliyin aradan qaldırılması, sonra digər tədbirlər bəyan olunur.
8. Dini hökmləri yerinə yetirənlərin dolanışığını təmin etmək zəruridir.
9. İnsanın ehtiyaclı olub-olmamasından asılı olmayaraq onun gördüyü işin dəyəri var.
10. Hakimin rüşvət fikrinə düşməməsi üçün onu təmin etmək lazım olduğu kimi, zəkatı yerbəyer edənləri də əyri yoldan çəkindirmək üçün təmin etmək lazımdır.
11. Zəkatın toplanması üçün İslam hökuməti tərəfindən məmurlar təyin olunmalıdır.
12. Maddi və mənəvi məsələlər bir-biri ilə əlaqəlidir.
13. İslam yalançı və boşboğaz istismarçıların xilafına olaraq, cəmiyyətin iqtisadi problemlərini həll etməklə, Allaha yaxınlıq məqsədi ilə, dəlil və çağırışla öz məktəbini genişləndirir.
14. Yardımlar vasitəsi ilə qəlbləri cəzb etmək İslam dövlətinin vəzifələrindəndir.
15. İslam dini qulların azad olunması üçün büdcə müəyyənləşdirmişdir.
16. Zəkat qurumunun xərclərini dövlət ödəmir, bu qurum özü özünü təmin edir.
17. Fəqirlərin birbaşa varlılara müraciət edib özünü alçaltmaması üçün İslam hökuməti zəkatı toplamaq və yerinə çatdırmaq məsuliyyəti daşıyır. 
18. Cihad və ölkənin müdafiə büdcəsi zəkatdan ödənir və xalqın boynunadır.
19. Maddiyyat insanın Allaha yaxınlığı üçün vasitə olmalıdır.
20. İslam yolda qalanlara büdcə ayırmaqla səfər, ticarət və səyahət məsələlərinə əhəmiyyət vermişdir.
21. Zəkat qanunu hesablanmış və hikmətə əsaslanan qanundur.
22. İslam təkcə ibadət dini deyil, onun iqtisadi qanunları da vardır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.