Ət-Tövbə surəsi - Ayə: 61

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 61
Onların bəziləri Peyğəmbəri incidir və «o (başdan-başa) qulaqdır (hər bir kəsin sözünü qəbul edir)!» deyirlər. De: «O, sizin üçün yaxşı bir qulaqdır, (bütün danışıqlarında) Allahı təsdiqləyir, möminlərə etimad göstərir və sizdən iman gətirənlər üçün bir rəhmətdir». Allahın Peyğəmbərini incidən kəslər üçün ağrılı bir əzab olacaqdır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 61. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 61 MÖHSÜN QƏRAƏTİ.

"Münafiqlərdən bəziləri Peyğəmbəri incidir və deyirlər: "O, başdan-ayağa qulaqdır (hər kəsin dediyinə qulaq asır.) De ki, onun dinləməyi sizin xeyrinizədir. O, Allaha inanır, möminləri təsdiq edir və sizlərdən iman gətirmiş hər bir kəs üçün rəhmət səbəbidir. Allahın rəsulunu incidənlər üçün ağrılı əzab vardır.”
Nöqtələr
"Minhum” deyilərkən ya münafiq bir dəstə, ya da qorxudan cəbhədə iştirak etməyib döyüşdən sonra üzr və bəhanə gətirən süst imanlı fərdlər nəzərdə tutulur.
Rəvayətlərin bildirdiyinə görə, Peyğəmbər (s) Həzrət Əli (ə) ilə daimi təmasda olduğundan bəzi münafiqlər onu sadəlövh və tez inanan kimi tanıtdırırdılar. 
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Allahın lənəti olsun mənim əhli-beytimi incidən kəsə.”
Həzrət (s) öz qızı Fatimə (s) haqqında belə buyurmuşdur: "Fatiməni incidən məni incitmişdir.” 
Bildirişlər
1. Həzrət Peyğəmbəri (s) ardıcıl şəkildə incidənlər vardı.
2. Peyğəmbərin (s) səhabələri arasında ədalətli olmayanlar, onu incidənlər vardı.
3. Ümmətin rəhbəri həm özününkülərin, həm də biganələrin əziyyətinə məruz qalır.
4. Peyğəmbəri (s) incitmək küfrdür. 
5. Münafiqlər hətta Peyğəmbərə (s) qarşı təbliğat aparır, quyu qazırdılar.
6. Allah-təala Peyğəmbərini (s) müxaliflərin gizli söhbətlərindən və planlarından xəbərdar edirdi.
7. Sadəlövhlükdə ittiham edilsəniz də, bütün xalqa danışmaq icazəsi verin ki, "bizi dinləyən yoxdur” deyə bilməsinlər.
8. İnsanın bütün vücudu ilə danışana qulaq asması dinləmə ədəblərindəndir.”Başdan-ayağa qulaqdır” təbiri qeyd olunan hala işarədir.
9. Bəzən ümmətin ümumi xeyri üçün müəyyən sözlərdən vaz keçmək lazım gəlir.
10. Bəzən tərbiyəvi, ictimai-siyasi baxımdan sükut danışmaqdan daha əhəmiyyətli olur.
11. Agah rəhbərin xüsusiyyətlərindən biri onun qəlb genişliyi, bütün dəstələrin sözünü dinləməsi, ətrafdakılarla xoş rəftar etməsi, eybləri örtməsi və xalq üçün tövbə yolu qoymasıdır.
12. Xoş üz və açıq qəlblə xalqı dinləyək.
13. Bir sözü eşidib susmaq həmin sözlə razı olmaq nişanəsi deyildir.
14. Əziyyətə düşmüş kəsi himayə edin. Peyğəmbəri (s) ittiham edənlərə Allah-təala o həzrətin dörd səciyyəsini sadalamaqla cavab verir.
15. Mömin şəxslər bir xəbər gətirdikdə onu təsdiq edin.
16. Peyğəmbər (s) bütün aləmdə olanlara rəhmətdirsə də, bu rəhmətdən yalnız iman əhli bəhrələnir.
17. Peyğəmbəri (s) incitməkdən qorxun.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.