Ət-Tövbə surəsi - Ayə: 55

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 55
Odur ki, onların malları və övladları(nın çoxluğu) səni təəccübləndirməsin! Həqiqətən Allah onların (mal və övladlarının əldə edilməsi və qorunması) vasitəsilə dünya həyatında onlara əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 55. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 55 MÖHSÜN QƏRAƏTİ.

"Münafiqlərin var-dövləti və övladları səni təəccübləndirməsin. Allah bu vasitə ilə yalnız onu istəyir ki, onlara dünya həyatında əzab versin, canları küfr halında çıxsın.”
Nöqtələr
"Təzhəq” deyərkən çətinlik və təəssüflə xaric olmaq nəzərdə tutulur.
Allahın təəccüb etməməyə çağırışı peyğəmbərin təəccüb etməsinə dəlil sayılmır. Bu çağırışda məqsəd gözlənilən halı qabaqlamaqdır.
"Nəhcül-bəlağə”də bəzilərinin canvermə halı təsvir olunmuşdur. Onlar ölən zaman var-dövlətləri gözlərinin önündə cilvələnir və onlar bu ayrılıqdan əzab duyurlar. 
Var-dövlət vasitəsi ilə əzab yollarına nəzər salaq: var-dövləti qazanmaq əzabı, var-dövləti oğrudan, yanğından qorumaq əzabı, can verən zaman var-dövlətdən ayrılmaq əzabı, qiyamətdə var-dövlətin necə qazanılıb, necə sərf olunması ilə bağlı sorğu əzabı.
Bildirişlər
1. Peyğəmbərlərin müasiri olmuş möminlərin maddi durumu münafiqlərlə müqayisədə zəif idi.
2. Bəzən nemət də insana bədbəxtlik gətirir və iqtisadi imkanlar insanın məhvinə səbəb olur.
3. Münafiq varlıları zillətə salmaq ilahi sünnələrdəndir.
4. İlahi əzab təkcə axirətə aid deyil, dünyada da insanın sorağına gəlir.
5. Ölüm yoxluq yox, ruhun bədəndən ayrılmasıdır.
6. Münafiqin canında çıxarılma ləyaqəti yoxdur, o özü xaric olur.
7. Varlı münafiq çətin can verir.
8. Münafiqin malik olduğu var-dövlət və övladlar onun dünyadan kafir getməsinə zəmin yaradır.
9. İşlərin gedişini yox, aqibətini nəzərə alın.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.