Ət-Tövbə surəsi - Ayə: 54

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 54
Onların sədəqələrinin qəbul olunmasına Allaha və Onun Peyğəmbərinə kafir olmalarından başqa bir şey mane olmadı. Onlar namazı yalnız tənbəlcəsinə qılarlar və yalnız narazılıqla sədəqə verərlər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 54. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 54 MÖHSÜN QƏRAƏTİ.

"Münafiqlərdən infaqın qəbul olunmamasının səbəbi yalnız Allah və Onun rəsuluna kafir olmaları, namazı süstlüklə, halsız qılmaları və ikrahla infaq etmələridir.”
Nöqtələr
Ötən ayədə bəyan olundu ki, münafiqlərin istər könüllü, istər könülsüz infaqları qəbul deyil. Burada isə bəyan olunur ki, onların infaqı ikrahla müşayiət olunur.
İslam dövlətinin xüms, zəkat, sədəqə və infaq kimi gəlirlərinin digər dövlət gəlirlərindən üstünlükləri:
1. Fərdlər həmin gəlirləri öz istək və iradələri, dini vicdanları əsasında ödəyirlər;
2. Bu gəlir qorxusuz və Allaha yaxınlıq məqsədi ilə ödənir;
3. Xüms, zəkat, sədəqə və infaq verənlər öz verdiklərini qiyamət ehtiyatı sayırlar;
4. Dini ödənc almaq üçün ədalətli alim seçirlər;
5. Məsrəf yeri bilinir və nəzarətdə saxlanılır;
6. Alan üçün sadə həyat tərzi şərt sayılır və Allaha şükr edilir.
Bildirişlər
1. Xeyir əməl küfr, süstlük və ikrahla müşayiət olunduqda qəbul olunmur.
2. Allah-təala Qurani-kərimdə münafiqi dəfələrlə kafir saymışdır.
3. Təbuk döyüşünə qarşı çıxanlar zahirən müsəlman, əslində isə kafirdirlər.
4. İşi dəyərli edən insanın niyyəti, razılığı və eşqidir. Bəli, əsas məsələ fiziki hərəkətlər yox, hərəkət amilidir. (Züleyxa qapıları bağlayıb Yusifi günaha çağırdığı vaxt Yusif qapıya doğru qaçdı. Züleyxa da onu təqib etdi. Zahirdə onlar hər ikisi qaçırdı. Amma bu qaçışlardakı məqsədlər kökündən fərqlənirdi.)
5. İnfaqda İslamın məqsədi seçim inkişafı və mənəvi təkamüldür. İnfaq təkcə qarın doyurmaq məqsədi daşımır. Bu səbəbdən də münafiqlərin yardımı qarın doyurur, amma mənəvi təkamülə səbəb olmur.
6. Namazın süstlüklə qılınması və ikrahla infaq edilməsi nifaq nişanələrindəndir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.