Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Ən-Nur surəsi" üzrə
64 ayə tapıldı.
(41 - 60 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Ən-Nur surəsi
Ayə 41
Məgər göylərdə və yerdə olan hər bir kəsin, həmçinin (göydə) qanad aç(ıb uç)an quşların Allahı pak sifətlərlə mədh etmələrini (qəlb gözü ilə) görmürsən?! Onların hər biri (xilqətdə verilmiş bacarığı və istəyi ilə) öz dua, itaət, namaz və zikrini bilmişdir. Allah onların etdiklərini bilir.
Ən-Nur surəsi
Ayə 42
Göylərin və yerin həqiqi sahiblik və hökmranlığı Allaha məxsusdur. (Çünki onların yaradılmaları, qorunmaları, idarə olunmaları və yox edilmələri – bunların hamısı Onun istəyi ilədir.) Və (həyata gəlib sonra ölən hər bir kəsin) qayıdış(ı) Allaha tərəfdir.
Ən-Nur surəsi
Ayə 43
Məgər görmürsənmi ki, Allah (müxtəlif istiqamətlərdən) buludu yavaş-yavaş qovur sonra onu(n parçalarını) bir-birinə qovuşdurur, daha sonra onları üst-üstə yığır? Beləliklə onun (buludun) arasından yağışın çıxdığını görürsən. Həmçinin (Allah) göydən, onda olan donmuş bulud dağlarından qar və dolu nazil edir. Onun vasitəsi ilə (dünyada cəzalandırmaq) istədiyi qövmə ziyan vurur və onu, istədiyi qövmdən sovuşdurur. Onun şimşəyinin parıltısı az qalır gözləri(n işığını) yox etsin.
Ən-Nur surəsi
Ayə 44
Allah gecə - gündüzü dəyişdirir (onların birini digərinin arxasınca gətirir və yaxud birindən azaldaraq digərinə artırır). Həqiqətən bunda (bu dəyişkənlik və onun mənşəyində) bəsirət sahibləri üçün bir ibrət (və Allahın tovhid, qüdrət və hikmətinə dair bir dəlil) vardır.
Ən-Nur surəsi
Ayə 45
Allah hər bir canlını sudan yaratmışdır. Onların bəzisi (ilan, balıq və digər sürünənlər) qarnı üstə sürünür, bəzisi (insan və quşlar kimiləri) iki ayağı üstə yeriyir və bəzisi dörd ayağı üstə yeriyir. Allah istədiyini yaradır. Həqiqətən Allah hər şeyə qadirdir.
Ən-Nur surəsi
Ayə 46
Şübhəsiz, Biz aydınlıq gətirən ayələr nazil etmişik. Allah (ümumi hidayətdən sonra) istədiyini doğru yola (mənəvi kamilliklərə) tərəf yönəldir.
Ən-Nur surəsi
Ayə 47
(Münafiqlər) «Allaha və bu peyğəmbərə iman gətirdik və itaət etdik» deyir, sonra bunun ardınca onların bir dəstəsi üz döndərirlər. Onların (iman iddiasında olanlarının) heç biri iman gətirən deyildirlər.
Ən-Nur surəsi
Ayə 48
(Mövcud ixtilaf və çəkişmə barəsində) aralarında (peyğəmbərin) hakimlik etməsi üçün Allaha və Onun Peyğəmbərinə tərəf çağırıldıqları zaman onların bir dəstəsi dərhal (Peyğəmbərin yanına getməkdən) üz döndərərlər.
Ən-Nur surəsi
Ayə 49
Və əgər (həmin çəkişmədə) haqq onların tərəfində olsa, təslim və itaətkarlıqla ona tərəf gələrlər.
Ən-Nur surəsi
Ayə 50
Onların qəlblərində xəstəlik (iman zəifliyi xəstəliyi) var, yoxsa (imandan sonra) şəkk-şübhəyə düşüblər? Yoxsa Allahın və Onun Peyğəmbərinin (hakimlik edən zaman) onlara zülm etmələrindən qorxurlar? (Bunların heç biri deyil,) əksinə, onlar (batini nifaqlarına görə) doğrudan da zalımdırlar.
Ən-Nur surəsi
Ayə 51
Möminlər (mövcud ixtilaf və çəkişmə barəsində) aralarında (peyğəmbərin) hakimlik etməsi üçün Allaha və Onun Peyğəmbərinə tərəf çağırıldıqları zaman onların sözləri yalnız «eşitdik və itaət etdik» olar. Həqiqi nicat tapanlar onlardır.
Ən-Nur surəsi
Ayə 52
Kim Allaha və Onun Peyğəmbərinə itaət etsə, Allahdan qorxsa və Ondan çəkinsə, belələri həqiqətən uğur qazananlardır.
Ən-Nur surəsi
Ayə 53
Özlərinin ən möhkəm andları ilə Allaha and içdilər ki, əgər onlara (cihada getməyi və ya evlərindən çıxmağı) əmr etsən, mütləq çıxacaqlar. De: «And içməyin, (sizə) gözəl və səmimi itaət (vacib)dir (and içmək yox)! Əlbəttə, Allah, etdiklərinizdən xəbərdardır.»
Ən-Nur surəsi
Ayə 54
De: «(Bütün hökmlərdə) Allaha itaət edin və (işlərin ixtiyar sahibi kimi verdiyi göstərişlərdə) bu Peyğəmbərə itaət edin. Beləliklə əgər üz döndərsəniz (bilin ki,) onun borcu yalnız boynuna qoyulmuş vəzifəni (ilahi tapşırıqları) çatdırmaq, sizin borcunuz isə boynunuza qoyulmuş vəzifə(ni qəbul edərək ona əməl etmək)dir. Əgər ona itaət etsəniz, doğru yolu taparsınız. Peyğəmbərin vəzifəsi yalnız aşkar (tapşırığı) çatdırmaqdır. (Hökmlərin icrası imamət məqamının, dünya və axirətdə cəza vermək isə Allahın işidir.)
Ən-Nur surəsi
Ayə 55
Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi yer üzündə (Öz) canişin(i) və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir. Belə ki, yalnız Mənə ibadət etsinlər və heç nəyi Mənə şərik qoşmasınlar. Kim bundan (bu böyük nemətdən) sonra nankorluq etsə, belələri doğrudan da itaətsizdirlər.
Ən-Nur surəsi
Ayə 56
Namaz qılın, zəkat verin və bu Peyğəmbərə itaət edin ki, bəlkə rəhm olundunuz (Allah sizə rəhm etdi).
Ən-Nur surəsi
Ayə 57
Küfr edən kəslərin yer üzündə (Allahı Öz hədəflərini gerçəkləşdirməkdə və ya düşmənlərini məhv etməkdə) aciz qoyacaqlarını güman etmə. Onların yeri oddur və (ora) doğrudan da pis bir sonluqdur.
Ən-Nur surəsi
Ayə 58
Ey iman gətirənlər, sizin qullarınız və həddi-buluğa çatmayanlarınız (şəxsi yaşayış yerlərinizə daxil olanda qəflətən girməli deyil,) üç dəfə (üç vaxtda) icazə almalıdırlar: Sübh namazından qabaq, günorta paltarlarınızı çıxardığınız zaman və işa namazından sonra ki, (həmin) üç vaxt sizin xəlvət vaxtlarınızdır. Bundan (həmin üç vaxtdan) sonra sizə və onlara (icazəsiz daxil olmaq) günah deyildir, (çünki) onlar həmişə (ünsiyyət zərurəti üzündən) sizin ətrafınıza dolanırlar (və yaxud sizin bir-birinizlə işiniz olur, get-gəl edirsiniz və hər dəfə icazə almaq çətindir). Allah ayələri (hökmlərini) sizə bu cür bəyan edir. Allah bilən və hikmət sahibidir.
Ən-Nur surəsi
Ayə 59
Uşaqlarınız (da) həddi-buluğa çatan zaman(dan sonra) onlardan qabaqkılar (onlardan qabaq həddi-buluğa çatmış şəxslər) icazə aldıqları kimi (sizin yatdığınız yerə daxil olmaq üçün həmişə) icazə almalıdırlar. Allah Öz ayələrini (hökmlərini) sizin üçün bu cür açıqlayır. Allah bilən və hikmət sahibidir.
Ən-Nur surəsi
Ayə 60
(Heyz və hamiləlikdən kəsildiyi üçün təbii olaraq) evlənmək (cinsi yaxınlıq) meylləri olmayan qoca qadınların öz zinət və bəzəklərini göstərmədən (baş örtüyü və bu kimi üst) paltarlarını çıxarmalarında bir günah yoxdur. İffətli olmaları onlar üçün daha yaxşıdır. Allah eşidən və biləndir.