Quranda Axtarış Edin

Axtarış nəticələri: "Qar" üzrə 493 ayə tapıldı. (21 - 40 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Sayları minlərlə olduğu halda ölümün qorxusundan (və cihaddan qaçmaq üçün) öz evlərindən çıxan kəslərə (ibrət gözü ilə) baxmadınmı? Onda Allah onlara dedi: «Ölün! (Allah onların ölümünü istədi, onlar da dərhal öldülər.)» Sonra onları diriltdi (ki, ölümdən qaçmağın mümkün olmamasını başa düşsünlər). Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir. Lakin insanların çoxu şükr etmirlər.
Beləliklə Talut (Əmaliqə ilə döyüşmək üçün) qoşunla birgə (öz qərargahlarından) ayrılarkən dedi: «Həqiqətən, Allah sizi bir çay ilə imtahan edəcəkdir. Odur ki, kim ondan (doyunca) içsə, məndən deyil və kim ondan içməsə məndəndir, əlinə bir ovuc su götürən istisna olmaqla (ki, o da məndəndir). Beləliklə, onların az bir hissəsi istisna olmaqla hamısı ondan içdilər. Talut və onunla birgə iman gətirənlər çaydan keçdikdən sonra (onlardan bəziləri) dedilər: «Bizim bu gün Calut və onun qoşunu ilə qarşılaşmağa taqətimiz yoxdur». Allaha qovuşacaqlarına inananlar (axirətə imanları olanlar isə) dedilər: «O qədər az (saylı) dəstə Allahın köməyi ilə çox (saylı) dəstəyə qalib gəlib ki! Allah səbirlilərlədir».
Onlar Calut və onun qoşunu ilə vuruşmaq üçün qarşılaşdıqları zaman dedilər: «Ey Rəbbimiz, biz(im qəlblərimiz)ə səbr və dözüm nazil et, qədəmlərimizi möhkəmləndir və bizə kafir qövm üzərində kömət et.
Beləliklə Allahın köməyi ilə onları məğlub etdilər və (Talutun əsgərlərindən olan) Davud Calutu öldürdü. Allah ona səltənət, hökmdarlıq və hikmət (şəriət elmləri və əqli maarif) verdi və (Zəbur kitabı, gerçəklik əsasında hökm çıxarmaq, quşların dilləri və dəmirdən zireh toxumaq kimi) istədiyi şeylərdən ona öyrətdi. Əgər Allah insanların bəzisini digər bəzilərinin vasitəsi ilə dəf etməsəydi, yer üzünü mütləq fitnə-fəsad bürüyərdi. Lakin Allah bütün aləmdəkilərə qarşı lütf və mərhəmət sahibidir.
Tək olan Allahdır ki, Ondan başqa bir məbud yoxdur! (Öz zatı ilə var olan) diri və (varlıq aləmini) bərqərar saxlayan qadir və əbədidir. Onu əsla nə mürgi tutar, nə də yuxu! (Yaradılış, qorumaq, idarə etmək və yox etmək Onun istəyindən asılı olduğu üçün) göylərdə və yerdə olanların hamısı (göylər və yer də daxil olmaqla) Ona məxsusdur. İzni olmadan Onun hüzurunda kim vasitəçilik və şəfaət (bu dünyada səbəblərlə nəticələr arasında qeyri-ixtiyari vasitəçilik, o dünyada isə əməllərin cəzasının ləğvi və savabların artırılması üçün olan ixtiyari şəfaət) edə bilər?! İnsanların qarşısında olanı da, arxalarında olanı da (dünyanın keçmiş və gələcək hadisələrini) bilir və onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şeyi bilə bilməzlər. Onun (səltənət və rübubiyyət) kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları (göyləri və yeri) qoruyub saxlamaq Onun üçün çətin və yorucu deyildir. O, çox uca və böyükdür.
Allah iman gətirənlərin dostu və başçısıdır. Onları (nadanlıq, küfr və itaətsizliklik) qaranlıqlar(ın)dan (elm, iman və təqva) nur(un)a tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları (hidayət) nur(un)dan (azğınlıq) zülmətlər(in)ə tərəf çıxarırlar. Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
(Sədəqələr) Allah yolunda (cihad, mallarının qarət olunması, uzunmüddətli xəstəlik və ya elm öyrənmək kimi məsələlərə) düçar olub (yaşayışlarını təmin etmək üçün) yer üzündə heç cür səfər edə bilməyən yoxsullar üçündür. Nadan onları çox iffətli (həyalı) olduqları üçün imkanlı hesab edər. Onları üzlərindən tanıyarsan, insanlardan israrla bir şey istəməzlər. Allah şübhəsiz ki, maldan xərclədiyiniz hər bir şeyi biləndir.
Ey iman gətirənlər, (borc almaq və ya alver etməklə) müəyyən müddətə qədər bir-birinizə borclu olduqda, onu yazın. (Borc sənədini) sizin aranızda bir katib ədalətlə yazmalıdır. Katib onu Allahın ona öyrətdiyi kimi yazmaqdan əsla imtina etməməlidir. O yazmalı və boynunda haqq olan şəxs (borclu) imla etməli, Rəbbi olan Allahdan qorxmalı və haqqdan heç nəyi azaltmamalıdır. Əgər boynunda haqq olan şəxs səfeh ya (yaş baxımından) zəif olsa, ya (dilində olan qüsur səbəbindən) imla etməyə qadir olmasa, onun qəyyumu ədalətlə imla etsin. Və kişilərinizdən (müsəlman kişilərdən) iki nəfəri şahid tutun. Əgər iki kişi olmasa, şahidlər içərisindən (dinlərindən) razı olduğunuz bir kişi və iki qadını şahid tutun ki, əgər o iki qadından biri unutsa, o biri onun yadına salsın. Şahidlər (şahid durmaq və ya şəhadət vermək üçün) dəvət olunduqda, boyun qaçırmamalıdırlar. Az və ya çox olmasından asılı olmayaraq müəyyən bir müddətə qədər möhləti olan borcu yazmaqdan usanmayın. Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha möhkəm və şəkkə düşməməyinizə (çəkişməyə düçar olmamağınıza) daha yaxındır. Aranızda nəqd yolla dövr etdirdiyiniz alış-veriş istisnadır ki, onu yazmamağınız sizə günah deyildir. Və həmişə alış-veriş edən zaman şahid tutun (belə etsəniz daha yaxşı olar). Katib (yazan) və şahid (azaldıb-çoxaltmaqla haqq sahibinə) zərər vurmamalıdırlar və katibə və şahidə (haqlarını verməməklə) zərər dəyməməlidir. Əgər belə etsəniz (deyilənlərin əksini etsəniz və tərəflərdən hər hansı birinə ziyan dəysə), bu sizin üçün (Allaha qarşı) itaətsizlik və günahdır. Allahdan qorxun! Allah sizi öyrədir və Allah hər şeyi biləndir.
Bu kitabı sənə nazil edən Odur. Onun (kitabın) bir hissəsi kəlmələri aşkar (və mənası aydın) olan «möhkəm» ayələrdir ki, onlar kitabın əsası və anasıdırlar (başqa ayələrdə olan qaranlıq məqamlar onların vasitəsi ilə aradan qaldırılır). Digər bir hissəsi «mütəşabih» (bir neçə mənası olan) ayələrdir (və onların mənası məzmununun genişliyi, məfhumunun dərinliyi və ondan nəzərdə tutulan məqsədlərin çoxluğu səbəbindən ilk nəzərdə aydın deyildir və onlar «möhkəm» ayələrin və sağlam ağlın köməyi ilə təfsir olunmalıdırlar). Amma qəlblərində (haqdan) dönüklük olan kəslər, fitnəkarlıq və təvil etmək (düzgün olmayan məna vermək) üçün bu kitabın mütəşabihinə tabe olarlar. Halbuki, onun tə'vilini (və həqiqi mənasının nə olduğunu) Allahdan başqa heç kəs bilmir. Elmdə qüvvətli olanlar (isə) deyərlər: «Biz (möhkəm və mütəşabih olmasından və bizim mənasını bilib bilməməyimizdən asılı olmayaraq) ona iman gətirdik, (onun) hamısı bizim Rəbbimiz tərəfindəndir». (Bunu) sağlam ağıl sahiblərindən başqa heç kəs başa düşməz.
Həqiqətən, sizin üçün (Bədr döyüşündə) bir-birləri ilə qarşılaşan iki dəstədə (Allahın qüdrəti və tovhidinə dair) nişanə var idi. Bir dəstə Allah yolunda döyüşürdü və digər bir dəstə kafir idi ki, müsəlmanları öz gözləri ilə özlərindən iki qat artıq görürdülər (və elə buna görə də məğlub oldular). Allah istədiyini Öz köməyi ilə qüvvətləndirir. Əlbəttə, bunda (bu işdə) bəsirət sahibləri üçün bir ibrət vardır.
Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih-əleyhissəlam haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq. (Peyğəmbər bu hadisədə imam Həsənlə İmam Hüseyni oğulları, Fatiməni qadın və Əlini canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular.)
Yoxsa onlar Allahın dinindən başqasını axtarırlar? Halbuki, göylərdə və yerdə olan hər bir kəs istər-istəməz (fitri olaraq) Onun qarşısında təslimdir. (Buna görə də, ixtiyari təslimçilik olan din də Ona məxsus olmalıdır.) Hamı Ona tərəf qaytarılacaqdır.
Və hamılıqla Allahın ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın. Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Həmçinin siz od uçurumunun astanasında idiniz, sizi ondan xilas etdi. Allah Öz (tovhid, qüdrət və hikmət) nişanələrini sizin üçün bu cür bəyan edir ki, bəlkə hidayət olasınız.
Bəzi üzlərin ağ və bəzi üzlərin qara olacağı gündə! Üzləri qara olanlara gəldikdə (onlara deyiləcək): «İman gətirdikdən sonra kafir oldunuz?! Elə isə küfr etdiyiniz şeyin müqabilində dadın bu əzabı!»
Budur, sizin bütün (səmavi) kitablara (hətta onların kitabına) imanınızın olmasına (onların isə sizin kitabınıza imanlarının olmamasına) baxmayaraq onları sevən (yenə də) sizsiniz və onlar sizi sevmirlər. Sizinlə görüşdükləri zaman «iman gətirdik» deyirlər. Bir-birləri ilə xəlvətə çəkildikləri zaman isə, sizə qarşı olan qəzəblərinin çoxluğundan barmaqlarının ucunu gəmirirlər. De: «Acığınızdan ölün! Həqiqətən Allah ürəklərdə olanı biləndir.»
Heç vaxt (düşmən qarşısında) süstləşməyin və (düçar olduğunuz bəlalara görə) kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız siz üstünsünüz.
Şübhəsiz, siz ölümlə qarşılaşmamışdan qabaq onu arzulayırdınız (möminlər Ühüd müharibəsindən qabaq şəhid olmağı arzulayırdılar). Beləliklə, həqiqətən (Ühüd müharibəsində) ona baxdığınız halda gördünüz onu! (Bəs onda sarsıntı və döyüşdən qaçmaq nə üçündür?)
(Döyüşün şiddətli anlarında) onların dedikləri söz yalnız bu idi ki: «Ey Rəbbimiz! Bizim günahlarımızı və işimizdəki israfçılığımızı bağışla, qədəmlərimizi möhkəmləndir və bizə kafir dəstəyə qarşı kömək et.»
Şübhəsiz, Allah (Ühüd müharibəsində) Onun əmri ilə onları (müşrikləri) əzib-tökdüyünüz zaman Öz vədini sizin üçün gerçəkləşdirdi, o vaxta kimi ki, süstləşdiniz, (sizə əmr olunmuş) işdə (yəni düşmənin qəflətən hücum edə biləcəyi mövqeyin qorunmasında) ixtilafa düşdünüz və sevdiyiniz şey (düşmən üzərində qələbə) sizə göstərildikdən sonra itaətsizlik etdiniz. Sizlərdən bəzisi dünyanı (döyüş qənimətlərini), bəziləriniz isə axirəti istəyirdi. Sonra sizi sınamaq üçün onlardan (onlara qalib gəlməkdən) yayındırdı. Əlbəttə sizi əfv etdi və Allah möminlərə qarşı (böyük) mərhəmət sahibidir
Əlbəttə, doğrudan da iki dəstənin qarşılaşdığı gün (Ühüd döyüşündə) sizlərdən düşmənə arxa çevirən kəsləri qazandıqları bəzi günahlara görə Şeytan büdrətdi və əlbəttə, Allah onları əfv etdi. Çünki Allah çox-çox bağışlayan və həlimdir.
114 Sürə
6236 Ayə
493 Tapılan Nəticə
25 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar