Əl-Bəqərə surəsi - Ayə: 249

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 249
Beləliklə Talut (Əmaliqə ilə döyüşmək üçün) qoşunla birgə (öz qərargahlarından) ayrılarkən dedi: «Həqiqətən, Allah sizi bir çay ilə imtahan edəcəkdir. Odur ki, kim ondan (doyunca) içsə, məndən deyil və kim ondan içməsə məndəndir, əlinə bir ovuc su götürən istisna olmaqla (ki, o da məndəndir). Beləliklə, onların az bir hissəsi istisna olmaqla hamısı ondan içdilər. Talut və onunla birgə iman gətirənlər çaydan keçdikdən sonra (onlardan bəziləri) dedilər: «Bizim bu gün Calut və onun qoşunu ilə qarşılaşmağa taqətimiz yoxdur». Allaha qovuşacaqlarına inananlar (axirətə imanları olanlar isə) dedilər: «O qədər az (saylı) dəstə Allahın köməyi ilə çox (saylı) dəstəyə qalib gəlib ki! Allah səbirlilərlədir».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 249. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 249 MÖHSÜN QƏRAƏTİ.

"Talut qoşunu özü ilə bayıra çıxaranda onlara dedi: "Allah sizi bir su axarı ilə imtahana çəkir. Hər kəs ondan içsə, məndən deyil. Hər kəs ondan – yalnız bir ovuc əliylə içməsi istisna olmaqla - içməsə, məndəndir. (Elə ki, su arxına çatdılar), az bir qismindən başqa hamı içdi. O və onun imanlı köməkçiləri arxı keçdikdən sonra (düşməni görüb) dedilər: "Bu gün bizim Calut və onun qoşunu ilə savaşa gücümüz yoxdur.” Amma Allahla görüşəcəklərinə inananlar (qiyamət gününə iman gətirənlər) dedilər: "Çox olar ki, kiçik bir dəstə Allahın izni ilə böyük dəstəyə qalib gəlsin. Allah səbirlilərlədir.”
Nöqtələr
"Cunud” sözü qoşun mənasını daşıyan "cund” sözündəndir.
Ayə susuzluq sınağı meydanından başı uca çıxa bilməmiş Bəni-İsraildən olan bir dəstənin rədd olunmasını xəbər verir. Amma bu sınaqdan çıxan kiçik bir qrup üçün digər bir ruhi və mənəvi imtahan vardı. Onlar Calutun böyük qoşunu ilə qarşılaşdıqda dedilər: "Biz bu silahlı qoşunla üz-üzə gəlmək gücündə deyilik.” Amma qiyamət gününə iman gətirənlər belə dedilər: "Qələbə Allahın əlindədir. Çox olmuşdur ki, Allahın izni ilə kiçik bir dəstə böyük bir qoşuna qalib gəlmişdir.”
Sınağın bir mərhələsindən üzü ağ çıxmaq kifayət deyil. Bir çoxları müəyyən mərhələdə müvəffəq olsalar da, növbəti mərhələdə məğlub olurlar. Bu əhvalatda bir dəstə, təyin olunmuş rəhbəri onun fəqir olduğu üçün qəbul etmədi. Digər bir dəstə isə susuzluq sınağından çıxmadı. Başqa bir qrup isə düşmənlə rastlaşdıqda uğursuzluğa düçar oldu.
Talut ilk öncə qoşunu özünə aid edib "mənim qoşunum” sözünü işlətmir. Qoşun böyük olub, onun komandanlığını qəbul etsə də, Talut onları sınaqdan keçirmədiyi üçün sadəcə "qoşun” kəlməsini işlədir. Sınaqdan keçirdikdən sonra bu qoşunu özünə aid bilir.
İmam Baqir (ə) buyurmuşdur: "İşin sonunadək Taluta vəfalı olanların sayı 313 nəfər idi.(Bax: "Ğafir”, 78. )
İki dəstənin mövqeyi aydındır: Kim sudan içmədisə özününküdür, hər kəs içdisə biganədir. Amma ovucla içənlər nə özününküdür, nə də biganə. Onları nə məyus, nə də lütfdən məhrum etmək lazımdır. Çünki burada nə "minni”, nə də "ləysə minni” sözləri işlədilmişdir.
Əli dövlətin və xalqın malına çatdığı halda kəramət və zöhd göstərərək onun yanından keçən və tamahkarlığa yol verməyənlər "hizbullah”, yəni Allahın firqəsidirlər. Arxalarını mal toplamaqla möhkəmləndirənlər isə həqiqi möminlər deyildirlər.
Bildirişlər
1. Hərbi komandanın vəzifələrindən biri öz döyüş dəstələrini tamaşaçıların gözü qabağında qoymamaqdır.
2. Sınaq vasitələrindən biri də mövsümi, müvəqqəti qadağanlardır. Rahattələblik, çətinliklərə dözümsüzlük, müvəqqəti sıxıntılar qarşısında geriləmə cəngavərliklə bir araya sığan sifətlər deyil.
3. Düşmənlə savaşdan qabaq təlimlər keçirilməlidir.
4. Başçı faydasız qüvvələri kənarlaşdırmalıdır.
5. Komandana təslimçilik müvəffəqiyyət rəmzidir.
6. Zəruri ehtiyacların hesabı rifahlı yaşayış hesabından fərqlidir.
7. İmtahan meydanından üzüağ çıxanlar azdır.
8. İnqilabçı olmaq mühüm deyil, ən əsası inqilabçı qalmaqdır. Bu əhvalatda şüarçı çox idi. Amma imtahandan müvəffəq çıxanlar az oldu.
9. Məad və ilahi vədlərə iman çətinliklər qarşısında dözüm qüvvəsini gücləndirir.
10. İmanın dərəcələri vardır. Talutla olanların bir dəstəsi ona iman gətirsələr və su içməsələr də, iman dərəcəsinə görə fərqlənirdilər. Hər mömin mücahid deyil. Yalnız Allahla görüşə imanlı olanlar mücahiddirlər.
11.Düşmənin çoxluğu Allahın iradəsi qarşısında əhəmiyyətsiz bir şeydir.
12. Keyfiyyətli qüvvə kəmiyyətli qüvvədən üstündür.
13. Xalis mömin qələbəni Allahdan gözləyir.
14. Səbirli və dözümlü müsəlmanlar düşmənin çoxsaylı olmasından qorxmamalıdırlar. Çünki Allah səbirlilərlədir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.