Ali-İmran surəsi - Ayə: 7

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 7
Bu kitabı sənə nazil edən Odur. Onun (kitabın) bir hissəsi kəlmələri aşkar (və mənası aydın) olan «möhkəm» ayələrdir ki, onlar kitabın əsası və anasıdırlar (başqa ayələrdə olan qaranlıq məqamlar onların vasitəsi ilə aradan qaldırılır). Digər bir hissəsi «mütəşabih» (bir neçə mənası olan) ayələrdir (və onların mənası məzmununun genişliyi, məfhumunun dərinliyi və ondan nəzərdə tutulan məqsədlərin çoxluğu səbəbindən ilk nəzərdə aydın deyildir və onlar «möhkəm» ayələrin və sağlam ağlın köməyi ilə təfsir olunmalıdırlar). Amma qəlblərində (haqdan) dönüklük olan kəslər, fitnəkarlıq və təvil etmək (düzgün olmayan məna vermək) üçün bu kitabın mütəşabihinə tabe olarlar. Halbuki, onun tə'vilini (və həqiqi mənasının nə olduğunu) Allahdan başqa heç kəs bilmir. Elmdə qüvvətli olanlar (isə) deyərlər: «Biz (möhkəm və mütəşabih olmasından və bizim mənasını bilib bilməməyimizdən asılı olmayaraq) ona iman gətirdik, (onun) hamısı bizim Rəbbimiz tərəfindəndir». (Bunu) sağlam ağıl sahiblərindən başqa heç kəs başa düşməz.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 7. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 7 MÖHSÜN QƏRAƏTİ.

"O, bu kitabı sənə nazil edən kəsdir. Onun (kitabın) bir hissəsi kitabın əsasını təşkil edən möhkəm ayələrdən ibarətdir. (Digər ayələrə münasibətdə yaranmış şübhələr möhkəm ayələrə müraciət etməklə aydınlaşır.) Onun bir hissəsi isə mütəşabehdir. (Bu ayələr ilk baxışdan müxtəlif cür mənalandırıla bilər.) Qəlbində azğınlıq olanlar fitnə yaratmaq (xalqı azdırmaq) üçün, eləcə də, ayələri istədikləri kimi təfsir etmək məqsədi ilə mütəşabeh ayələrə üz tuturlar. Halbuki bu ayələrin təfsirini Allahdan və elmdə qüvvətlilərdən başqaları bilmir. Belələri deyirlər: "Biz ona iman gətirmişik və bütün ayələr Allahımız tərəfindəndir (istər möhkəm olsun, istər mütəşabeh.) Bundan yalnız düşüncə sahibləri öyüd götürər.”
Nöqtələr
Bu ayədə bir neçə sual bəyan olunur:
Sual: "Hud” surəsinin birinci ayəsində Quran öz ayələrini bütünlüklə möhkəm ayələr kimi təqdim edir. "Zumər” surəsinin iyirmi üçüncü ayəsində isə bütün ayələr mütəşabeh sayılmışdır. Hazırkı ayədə isə bəzi ayələr möhkəm, bəziləri isə mütəşabeh ayələr kimi tanıtdırılır. Bütün bu fərqlər nə deməkdir?
Cavab: Quranın bütün ayələrinin möhkəm sayılması bu ilahi kitabda heç bir əsassız söz deyilmədiyinə işarədir. Bütün ayələrin mütəşabeh sayılmasının səbəbi isə ayələrdəki həmahənglik, oxşarlıqdır.
Bununla belə, xalqın dərki baxımından ayələr eyni deyildir. Bəzi ayələr hamının başa düşəcəyi şəkildə aydın, bəziləri isə dərin və mürəkkəb mənalıdır. Bu dərinlik bəzilərinin şübhə və səhvinə səbəb olur.
Sual: Quranda mütəşabeh ayələrə yer verilməsində məqsəd nədir?
Cavab: Əvvəla, mütəşabeh ayələrin varlığı oxucunun ayələr haqqında düşünməsinə zəmin yaradır.
İkincisi, mütəşabeh ayələr səbəbindən xalq səmavi rəhbərlərə müraciət edir. Bəli, bütün dərslər asan olsa, şagird müəllimə ehtiyac duymaz.
Üçüncüsü, mütəşabeh ayələr xalqın sınaq vasitəsidir. Dolaşıq fikirli bəzi insanlar oxşar ayələr arasından öz hədəflərinə doğru hərəkət edirlər. Düşüncəli insanlar isə, imam Rizanın (ə) buyurduğu kimi, möhkəm ayələrə müraciət edərək, mütəşabeh ayələrin əsil mənasını öyrənirlər.("Bihar”, c. 2, s. 185. )
Sual: Mütəşabeh ayələrin hansı nümunələri var?
Cavab: Quranda oxuyuruq: "Qiyamətdə gözlər öz Allahlarına baxar.” ("Qiyamət”, 23) Sağlam əql Allahın cisim olmadığını qavrayır. Quranın digər ayələrində buyurulur: "Gözlər onu dərk etməz.” ("Ənam”, 103) Anlaşılır ki, Allaha baxış qiyamətdə Onun lütf və mükafatına baxışdır. Başqa bir ayədə "Allahın əli” ifadəsi işlədilmişdir. Şübhəsiz ki, bu təbirdə məqsəd Allahın qüdrət əlidir. Öz dilimizdə də "filankəsin filan işdə əli var” deyirik. Məlum məsələdir ki, Allah cisim olmadığından Onun əl-ayağı haqqında danışmağa dəyməz. Quranda buyurulur: "Onun oxşarı yoxdur.” ("Şura”, 11) Bu sayaq ayələr həqiqi təfsirçi olan peyğəmbər Əhli-beytindən ayrı düşən və digər ayələrə nəzər salmayan sadəlövh insanların çaşqınlığına səbəb olmuşdur. Bəlkə də Quran bu təhlükələri nəzərə alaraq bizə tapşırır ki, Quran oxuyarkən şeytanın şərindən Allaha pənah aparaq.(bax: "Nəhl”, 98. )
Sual: Quranın təvili nə deməkdir?
Cavab: "Təvil” dedikdə sonradan aydınlaşası, pərdə arxasındakı hədəflər, maarif və sirlər nəzərdə tutulur. Məsələn, həzrət Yusifin gördüyü yuxu sonradan aydınlaşdı. Xızır və Musanın əhvalatında gəminin sındırılması səbəbinin sonradan aydınlaşması da deyilənlərin bir nümunəsidir.
Rəvayətdə oxuyuruq: Nəsx edən ayələr Quranın möhkəm, nəsx olmuş ayələr isə onun mütəşabeh ayələrindəndir. Elmdə möhkəm olanların nümunəsi məsum imamlardır.(Təfsire-Nurus-Səqəleyn”. ) İslam hakimlərinə qarşı çıxanlar isə mütəşabeh ayələr arxasınca gəzən dolaşıq fikirli insanlardır.("Təfsire-Dürrül-Mənsur”, c. 2, s. 148. )
Həzrət Əli (ə) "Nəhcül-bəlağə”də elmdə möhkəm olanlar haqqında xoş sözlər söyləyir. Belələri öz elmi acizliklərini etiraf edir, zəruri olmayan məsələlərdə dərinə getmirlər.
Bildirişlər
1. Hər insan Quranın bütün ayələrini anlaya bilmir.
2. Azğın qəlblər fəsad və fitnə mənşəyidir.
3. Fitnə yalnız hərbi və fiziki təxribat deyil. Şəxsi rəy əsasında təfsir, əqidə və Quran ayələrinin təhrifi də fitnədir.
4. Bəzən haqq batilin əlində bəhanə olur.
5. İlahi ayələrin son məqsədini və uca qayəsini yalnız Allah və elmdə möhkəm olanlar bilir.
6. Elmdə möhkəm olanların ("rasix”) adı Allahın müqəddəs adı ilə yanaşı çəkilir. Allahın məqamından sonra onların məqamı gəlir.
7. Elmin dərəcələri var və elmin ən yüksək dərəcəsi təvillə tanışlıq və son məqsədə çatmaqdır.
8. Həqiqi alimlərdə təkəbbür olmur.
9. Batilə meyl elmdə möhkəmliyin maneəsidir. Elmdə möhkəm olanlarla qəlbində azğınlıq olanlar əks qütblərdə qərar tuturlar.
10. Hər başa düşmədiyimizi inkar etməyək.
11. Ayələrin möhkəm və mütəşabeh şəkildə nazil olması tərbiyəvi xarakter daşıyır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.