"Allah Öz vədini hökmən gerçəkləşdirər. Çünki düşməni Onun istəyi ilə öldürürdünüz. Allah sevdiyiniz şeyi sizə göstərdiyi halda süstləşdiniz. (Qənimətləri bölməkdə) çəkişməyə başladınız və itaətsizlik etdiniz. Sizin bəziləriniz dünya istəyindədir. Bəziləriniz isə axirəti istəyirsiniz. Həmin vaxt Allah sizi sınamaq üçün geri döndərdi və sizi bağışladı. Həqiqətən, Allah möminlərə münasibətdə fəzl və bəxşiş sahibidir.”
Müsəlmanlar hicri tarixi ilə ikinci ildə Bədr döyüşündə qalib gəldilər. Allah vəd etmişdi ki, qarşıdakı döyüşlərdə də onlar qalib olacaqlar. Növbəti ildə Ühüd döyüşündə müsəlmanlar qələbə çalmaqda ikən həzrət Peyğəmbərin (s) dağ keçidində qoyduğu əlli nəfərlik dəstə arasında ixtilaf yarandı. Onlardan bir hissəsi qələbəni qəti sayıb qənimət ardınca getmək istədi. Digər bir hissəsi isə səngərləri boş qoymamaq mövqeyində dayandı. Həmin mühafizə dəstəsi mövqeyi boş buraxdıqdan sonra düşmən həmin keçiddən adlayıb müsəlmanlara ağır bir zərbə vurdu. Çoxlu şəhidlər verildi. Hətta peyğəmbərin də həyatı üçün təhlükə yarandı. Əksər müsəlmanlar döyüş meydanından qaçmağa başladı.
Döyüş başa çatdıqdan sonra müsəlmanlar peyğəmbərə irad etməyə başladılar ki, Allah qələbə vədi verdiyi halda nə üçün onlar məğlub oldular? Ayə cavab olaraq bildirir ki, Allahın vədi düzdür. Hazırkı məğlubiyyətin səbəbi isə süstlük, çəkişmə və itaətsizlik olmuşdur.
1. Allahın vədlərinin araşdırılması ilahi qanunların nəzərdən qaçırılması mənasında deyil. Siz vəzifənizi yerinə yetirənədək Allah sizə yardım göstərir.
2. Süstlük, çəkişmə, rəhbərə itaətsizlik məğlubiyyət amillərindəndir.
3. Fərdlər müxtəlif məqsədlərlə döyüşə girir. Bəziləri dünya üçün, bəziləri isə axirət üçün vuruşur.
4. Döyüşdə dözüm, vəhdətin qorunması, rəhbərə itaət mücahidlərin axirət istəyi nişanələrindəndir.
5. Qələbə nemətinə şükür əvəzinə ixtilaf, itaətsizlik və süstlük edənlərin cəzası məğlubiyyətdir.
6. Zahirdəki məğlubiyyətlərin səbəbi batindəki məğlubiyyətlərdir. Daxilən süst və itaətsiz olduqlarından onlar zahirdə də məğlubiyyətə uğradılar.
7. Məğlubiyyətlər həm də ilahi sınaq vasitəsidir.
8. İxtilaf və məğlubiyyət zamanı da Allahın lütfündən ümidinizi üzməyin.
9. İman Allahın xüsusi fəzlinin əldə olunması zəminəsidir.
10. Mömini bir xilaf işinə görə iman əhli cərgəsindən çıxarmaq olmaz. Ona bir tərəfdən xəbərdarlıq edilməli, digər tərəfdən ümid verilməlidir.