Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Ər-Rum surəsi" üzrə
60 ayə tapıldı.
(21 - 40 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Ər-Rum surəsi
Ayə 21
Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır.
Ər-Rum surəsi
Ayə 22
Göylərin və yerin yaradılışı, sizin dillərinizin (kəlmələrinizin, danışıq tərzinizin, səsinizin) və rənglərinizin (irqlərinizin və hər birinizin) müxtəlifliyi də onun nişanələrindəndir. Şübhəsiz, bunda (zatın xilqətində və sifətlərin müxtəlifliyində) alimlər üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır.
Ər-Rum surəsi
Ayə 23
Sizin gecə və gündüz (beynin və bədənin fəaliyyətdə olan qüvvələrinin öz güclərini bərpa etmək üçün olan) yuxunuz və Onun fəzlindən (ruzi və yaşayış ehtiyaclarını təmin etmək üçün imkanlar) aramanız da Onun nişanələrindəndir. Şübhəsiz, bunda (iki halda: istirahət və çalışmada) eşidən bir qövm üçün nişanələr (ibrətlər) vardır.
Ər-Rum surəsi
Ayə 24
(Şimşəyi və) ildırımı qorxu və ümid üçün (viran olmaq qorxusu və yağışa olan ümid) sizə göstərməsi və göydən (yağış, qar və dolu şəklində) su nazil etməsi, onun vasitəsilə yeri (yaxud bitkilər üçün lazım olan maddələri) öldükdən sonra diriltməsi də onun nişanələrindəndir. Həqiqətən, bunda (suyun nazil olması və bitkilərin həyat tapmasında) düşünən bir qövm üçün (Onun qüdrət və hikmətinə dair) nişanələr vardır.
Ər-Rum surəsi
Ayə 25
Onun nişanələrindən (biri) budur ki, göy və yer (məhdud bir müddətədək) Onun mütləq iradəsi ilə durmaqdadır. (Canlıları öldürdükdən və torpaq altına apardıqdan sonra) sizi bircə dəfə yerin altından səsləməklə (surun ikinci dəfə üfürülməsi ilə) qəfildən sizin hamınız (torpağın köksündən) çıxarsınız.
Ər-Rum surəsi
Ayə 26
Göylərdə və yerdə olan hər kəs (və hər şey) Ona məxsusdur (Onun həqiqi mülküdür, çünki yaradılış, qoruma, idarəetmə və məhv etmək Onun iradəsi ilədir və) hamısı Onun müqabilində itaətkar və əmrinə boyun əyəndirlər.
Ər-Rum surəsi
Ayə 27
Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (fani etdikdən sonra) onları qaytaran Odur. (Bu əməl) Onun üçün olduqca asandır. Göylərdə və yerdə olan ən üstün sifətlər Onun üçündür (göylərdə və yerdə olan hər bir varlığın bütün üstün sifətləri – həyat, elm, qüdrət və nur yalnız Ona məxsusdur), yerdə və göylərdə olan (mələklər, məsumlar, övliyalar kimi) ən üstün nümayəndələr Ona məxsusdur. O, yenilməz qüdrət və hikmət sahibidir.
Ər-Rum surəsi
Ayə 28
(Allah) sizə özünüzdən bir məsəl çəkmişdir: «Sizin qullarınız içərisində sizə ruzi olaraq verdiyimiz (mal-dövlətə) şərik olanlar varmı ki, hamınız ondan (istifadə etməkdə) (ortaq) bərabər olasınız belə ki, onlar(ın haqqını tapdalamaq)dan özünüz kimi qul olmayanlardan qorxduğunuz kimi qorxasınız?. (Baxmayaraq ki, qul heç öz sahibinin malına və mülkünə ortaq və şərik ola bilməz.) Beləcə (Öz tovhid) ayə(lərimiz)i ağılla düşünən bir qövm üçün bütün təfsilatı ilə bəyan edirik (ki, bilsinlər: müşriklərin məbudları rübubi məqamda deyildirlər, əksinə, Allahın mülküdürlər Onun şəriki deyillər).
Ər-Rum surəsi
Ayə 29
(Xeyr, onlar ağılla düşünmədilər), əslində (əksinə) zülm edənlər heç bir elm(ə sahib) olmadan öz nəfsani istəklərinə tabe oldular. Belə isə, (dəlil-sübutlar təqdim edilib tamamlandıqdan sonra) Allahın azğınlıqda buraxdığı kəsləri kim hidayət edər?! Və əsla onlara heç bir kömək edən olmaz.
Ər-Rum surəsi
Ayə 30
(Ya Peyğəmbər!) haqqa tapınaraq ürəyini (qəlbini) bu dinə (İslam dininə) sarı döndər. Allah həmin fitri din əsasında insanları yaratmışdır. Allahın xilqətində əsla bir dəyişiklik ola bilməz (və Onun dinində də olmamalıdır). Sabit və möhkəm olan din budur. Lakin camaatın əksəriyyəti (bunu) bilmir.
Ər-Rum surəsi
Ayə 31
(Allahın dininə üz tutun!) Tövbə edərək Ona tərəf qayıdın, Ondan qorxun, namaz qılın və müşriklərdən olmayın.
Ər-Rum surəsi
Ayə 32
O kəslərdən ki, öz dinlərini parçaladılar, bölük-bölük oldular və hər bir dəstə özündə olana sevinər.
Ər-Rum surəsi
Ayə 33
İnsanlara bir çətinlik və ziyan yetişən zaman tövbə edib özlərinin Rəbbinə tərəf qayıdar. Sonra (Allah), Öz rəhmətindən onlara dadızdırdıqda isə dərhal onlardan bir dəstə (yenə) Rəbbinə şərik qoşar.
Ər-Rum surəsi
Ayə 34
Nəticədə Bizim onlara verdiklərimizə nankorluq etsinlər deyə. Belə isə, (ey kafirlər, bir neçə günlük) bəhrələnin, tezliklə başa düşəcəksiniz!
Ər-Rum surəsi
Ayə 35
Yoxsa (Biz) onlara şərik qoşmalarını (doğruluğunu) söyləyən (təsdiq edən, yaxud şərik qoşduqları məbudların, tanrıların xeyrinə danışan) bir dəlil-sübutmu nazil etmişik.
Ər-Rum surəsi
Ayə 36
İnsanlara (əmin-amanlıq, ruzi bolluğu kimi) hər hansı bir mərhəmət dadızdırdığımız zaman ona çox sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir ziyan yetişdikdə, dərhal (Haqqın rəhmətindən də) məyus olarlar. (Bu halların hər ikisi də pisdir.)
Ər-Rum surəsi
Ayə 37
Allahın istədiyi hər bir kəsin (varlıq aləminin tam nizamının tələbatına uyğun olaraq) ruzisini bol etdiyini, yaxud azaltdığını görmürlərmi?! Şübhəsiz, bunda (bu işdə) mömin bir qövm üçün (Allahın qüdrəti, tədbiri və hikmətinə dair) nişanələr (ibrətlər) vardır.
Ər-Rum surəsi
Ayə 38
Qohumların, fəqirin (miskinin) və (pulu qurtarıb) yolda qalan kəsin haqqını ver. (Yaxın qohumlarının yaşayış xərcini, Peyğəmbərin yaxın qohumlarına (məsumlara) ənfal və xumsu, yoxsullara zəkatı, yolda qalan kəslərə zəkat və xumsu ver.) Bu (cür xərcləmək) Allahın razılığını istəyənlər üçün daha yaxşıdır və səadətə qovuşanlar onlardır.
Ər-Rum surəsi
Ayə 39
Xalqın var-dövləti hesabına sərvətinizin artması üçün başqasına sələmlə verdiyiniz mal Allahın yanında artmaz, və zəkatdan Allahın razılığını diləyərək verdiyinizdən isə (mənfəət götürəcəksiniz). Bunu edənlər mənfəətlərini qat-qat artıranlardır.
Ər-Rum surəsi
Ayə 40
Sizi yaradan, sonra sizə ruzi verən, sizi öldürən və sonra da dirildən Allahdır. Şərikləriniz (Allaha şərik qoşduqlarınız) içərisində bunları edə biləcək bir kəs vardırmı? (Şübhəsiz yoxdur). (Allah) Ona şərik qoşduqlarından pak (və uzaq)dır.