"(Yəqub) dedi: (Belə deyil,) əslində nəfsiniz bu məsələni sizin gözünüzdə bəzəmişdir. Gözəl səbir (lazımdır), ümid var ki, Allah bütün qardaşları birlikdə mənim yanıma gətirsin. Çünki O, həqiqətən agahdır və hikmət sahibidir.”
Nöqtələr
Qardaşları Yusifin qana bulaşdırılmış köynəyini zahirdə qəmgin olan halda atalarının yanına gətirdikləri vaxt belə dedilər: "Yusifi canavar yedi.” Həzrət Yəqub buyurdu: "Nəfsiniz bu işi gözünüzdə gözəlləşdirmişdir, mən gözəl səbir yolunu tuturam.” Həzrət Yəqub iki sevimli övladından ayrıldığı vaxt da həmin cümləni təkrarlayır. Amma birinci macərada Yusifin qardaşları xəyanət etmişdisə, ikinci macərada xəyanət yox idi. Bəs nə üçün Yəqub hər iki halda eyni tərzdə danışır?
"Əl-Mizan” təfsirində belə deyilir: "Yəqub” demək istəyir ki, bu iki qardaşın uzaqlığı da sizin Yusiflə bağlı əvvəlki hərəkətinizin davamıdır. Yəni bütün bu səhnələr əvvəlki çirkin işdən törənib. Yəqubun məqsədi bu ola bilər ki, özünü təqsirsiz bilən qardaşlar əslində təqsirkardırlar. Çünki: Nə üçün qabın Benyaminin yükündən çıxdığını gördükdə onu oğru kimi tanıdılar? Bəlkə başqa biri bu qabı həmin yükə qoyubmuş? Nə üçün tez qayıdıb gəldilər? Onlar qalıb məsələni araşdırmalı idilər. Nə üçün oğurluğa cəza kimi girov götürülməsinə razılaşdılar?
"Əl-Mizan” təfsirində deyilənlər daha münasibdir. Çünki qabın Benyaminin yükündə tapılması bütün xalqın onu oğru saymasına səbəb olmuşdu. Böyük qardaş isə məsələni araşdırmaq üçün Misirdə qalmışdı. Girov məsələsinə gəldikdə isə həmin məntəqədə uyğun günahın cəzası girov idi. Demək, üç məsələdən heç birində nəfsin rolu olmayıb.
Bəzən səbri doğuran çarəsizlik olur. Necə ki, cəhənnəm əhli deyir: "Səbir etməyin bizim qurtuluşumuz üçün təsiri yoxdur.” Bəzən səbir agah şəkildə Allahın razılığına təslimçilik məqsədi ilə yaranır. Cihad meydanında səbir bu qəbildəndir. Dünyada səbir əslində zöhddür. Günah qarşısında səbir təqvadır. Şəhvət qarşısında səbir iffətdir. Haram mal qarşısında səbr pəhrizdir.
İnsan bəzən şeytanın təsirindən, bəzən dünya zinətinə bağlılıqdan çirkinliyi gözəl görür. Bəzən də bu işin səbəbi nəfs olur.
Bildirişlər
1. Nəfs günaha don geyindirmək üçün çirkin işləri insana gözəl göstərir.
2. Səbir ilahi insanların səciyyəsidir. Allaha təslimçilik və Onun razılığına xilaf sözlə müşayiət olunmayan səbir isə gözəl səbirdir.
3. Heç vaxt Allahın qüdrətindən ümidimizi üzməyək.
4. Yəqub üç övladının (Yusif, Benyamin, böyük qardaş) sağ olduğuna əmin idi və onlarla görüşə ümid edirdi.
5. Allahın qüdrəti üçün təzə və ya köhnə müşkülün həlli eynidir. Allah qardaşları bir yerə toplamağa qadirdir.
6. Mömin insan acı hadisələri Allahın hikməti kimi qəbul edir.
7. Allahın elm və hikmət əsasında iş görməsinə iman və diqqət insanı çətin hadisələr qarşısında səbirli və dözümlü edir.