Yusif surəsi - Ayə: 80

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 80
Beləliklə, ondan (Yusufun onların təklifini qəbul etməsindən və qardaşlarının nicat tapmasından) naümid olduqdan sonra, pıçıldaşaraq bir kənara çəkildilər. Böyükləri dedi: «Məgər atanızın (Binyamin barəsində) sizdən möhkəm ilahi bir peyman almasını və keçmişdə də Yusuf barəsində nə nöqsanlara yol verdiyinizi bilmirsiniz?! Buna görə də, (şəxsən) mən atam mənə icazə verənə və ya Allah mənim barəmdə hökm çıxarana qədər bu diyardan əsla çıxmayacağam. O, hökm edənlərin ən yaxşısıdır».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 80. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 80 MÖHSÜN QƏRAƏTİ.

"Yusifdən əllərini üzdükdən sonra pıçıldaşaraq kənara çəkildilər. Böyükləri dedi: "Bilmirsinizmi ki, atanız onu qaytarmağınız üçün sizdən ilahi əhd alıb? Bundan öncə də Yusifə münasibətdə səhlənkarlıq etmişdiniz. Atam mənə icazə verməmiş və ya Allah haqqımda hökm çıxarmamış buradan gedən deyiləm. O, hakimlərin ən üstünüdür.”
Nöqtələr
"Xələsu” – yəni öz dəstələrini başqalarından ayırdılar. "Nəciyyən” – yəni pıçıldaşmağa başladılar. "Xələsu nəciyyən” – yəni nə edəcəklərini müəyyənləşdirmək üçün məhrəmanə məclis qurdular.
Bildirişlər
1. Müraciət və istəklər sizi ilahi hökmlərin icrasından və qətiyyətdən uzaqlaşdırmasın.
2. İnsan günaha yol verdikdə başqaları ondan uzaqlaşır, hətta qohumluq əlaqələrini də nəzərə almırlar.
3.Bir gün həmin qardaşlar özlərinə güvənmiş halda məşvərət edirdilər ki, Yusifi aradan necə götürsünlər. Bu gün isə çarəsizlik içində pıçıldaşırdılar ki, Benyamini necə azad etsinlər.
4. Ata olmayan yerdə ailənin məsuliyyəti böyük qardaşın üzərinə düşür.
5. Ailədə və cəmiyyətdə yaş mövqeləri nəzərə alınmalıdır.
6. Acı hadisələr zamanı böyüklər daha çox məsuliyyət daşıyır və daha çox xəcalət çəkirlər.
7. Əhd-peymanı yerinə yetirmək lazımdır.
8. Ciddi və möhkəm müqavilələr sui-istifadə yolunu bağlayır.
9. Xəyanət və cinayət sağlam vicdanları ömrün sonunadək incidir.
10. Məqsədə çatmaq üçün tərifləmək qədim üsullardandır.
11. Qürbət xəcalətdən yaxşıdır.
12. Allaha münasibətdə xoşgüman olaq.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.