Yusif surəsi - Ayə: 76

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 76
Beləliklə, Yusuf axtarışa qardaşının qabından qabaq onların azuqə qablarından başladı, sonra piyaləni qardaşının qabından çıxartdı. Biz Yusuf üçün belə çarə qıldıq. Çünki şahın adət və qanununa görə onun, öz qardaşını Allahın (qanunun dəyişdirilməsi və ya yuxarıdakı yolun həyata keçirilməsi) istəyi istisna olmaqla tutub saxlaması düzgün deyildi. Biz istədiyimiz hər bir kəsi dərəcələrlə yüksəldirik. Hər bir elm sahibindən üstün daha bir bilikli vardır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 76. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 76 MÖHSÜN QƏRAƏTİ.

"Qardaşının yükündən öncə o biri qardaşların yükünü axtarmağa başladı. Sonra qabı qardaşının yükündən çıxardı. Biz Yusif üçün bu sayaq tədbir tökdük. Çünki Misir şahının qanununa əsasən Yusif qardaşını tutub saxlaya bilməzdi. Yalnız Allahın istəyi ilə (bu iş mümkün idi). Biz istədiyimiz kəsi yuxarı dərəcələrə qaldırarıq. Hər bir elm sahibinin fövqündə daha biliklisi var.”
Nöqtələr
"Kəyd” sözü təkcə məhkum olunmuş mənasında yox, həm də plan mənasında işlədilmişdir.
Axtarış zamanı Benyamin məsələdən xəbərdar olduğu üçün narahat deyildi. Macəranın mətnində onun etiraz etməsi haqqında məlumat yoxdur. Şübhə doğurmamaq üçün axtarış aparanlar başqalarının yükündən başladılar. Nəhayət, növbə Benyaminə çatdı və qab onun yükündən çıxdı. Öncəki qərara əsasən, o, Misirdə qalmalı oldu. Bu, ilahi plan idi. Yusif Misirin hazırkı qanununa əsasən oğrunu girov saxlaya bilməzdi.
Bildirişlər
1. Təhlükəsizlik məmurları elə hərəkət etməlidirlər ki, şəkk-şübhə yaranmasın. Axtarış zamanı Benyamindən yox, başqalarından başladılar.)
2. İşçilərin fəaliyyətinə məsullar cavabdehdirlər. (Zahirdə Yusifin şəxsən axtarış aparmadığı fikri yaransa da, Quran onun axtarışa başladığını bildirir.)
3. Hakim ittiham olunanların malında axtarış apara bilər.
4. Düşüncə, tapıntı, çarə Allahın qeybi yardımlarındandır.
5. Yusifin planları Allah tərəfindən ilham olunurdu.
6. Benyaminin Yusif yanında olması Yusifin xeyrinə idi.
7. Hətta qeyri-ilahi hökumətlərdə qanuna hörmət və riayət lazımdır.
8. Başçılar da qanuna vəfalı olmalı, onu pozmamalıdırlar. (Yusif Misir qanunlarına əməl etdiyindən qardaşını əsassız yerə saxlamadı).
9. Mənəvi məqamların dərəcələri və mərtəbələri var.
10. Elm və agahlıq üstünlük səbəbidir.
11. Bəşəriyyətin elmi məhduddur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.