NUR TƏFSİRİ: Yusif surəsi / ayə 46
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Şahın göndərdiyi şəxs zindana daxil olub dedi:) Ey Yusuf! Ey doğru danışan insan! Yeddi kök inəyi yeddi arıq inəyin yeməsi və yeddi yaşıl sünbüllə digər yeddi qurumuş sünbül haqqında bizə bir söz de ki, xalqın yanına qayıdım. Ola bilsin ki, onlar (yuxunun sirrindən) agah olalar.”
Nöqtələr
Danışdığı sözü, rəftarı və etiqadı bir-birini təsdiq edən şəxsə "siddiq” deyilir. Yusifin zindan yoldaşı onun söz və rəftarına şahid olduğundan, digər tərəfdən onun təbirlərinin gerçəkliyini gördüyündən Yusifi "siddiq” çağırarmışlar.
Allah-təala həzrət İbrahimi «siddiq» adlandırmış və onu özünə "xəlil”, dost seçmişdir. Allah Məryəmi "Siddiqə” adlandıraraq seçmişdir. Allah-təala Yusifi də siddiq saymış və ona hər şey əta etmişdir. Allah İdrisi "Siddiq” adlandıraraq ona böyük məqam vermişdir. Siddiq dərəcəsində olmayanlara bu dərəcədən olanlarla yaxınlıq tapşırılmışdır.
"Siddiq” həzrət Peyğəmbərin (s) həzrət Əliyə (ə) verdiyi ləqəblərdəndir.
Ayədəki "xəbərdar olalar” ifadəsi, çox ehtimal ki, xalqın Yusifin məqamından xəbər tutmasına işarədir. Yəni "xalqa tərəf qayıdım ki, onlar sənin hansı məqamda olduğunu bilsinlər.”
Bildirişlər
1. İstəkdən öncə qarşı tərəfin kamilliyini yada salmaq yaxşı işdir.
2. Öz istəklərimizlə müsbət keçmişli, siddiq və doğruçu insanlara müraciət edək.
3.Hökumət alimlərin və mütəxəssislərin biliyinə ehtiyaclıdır.