Ər-Rəd surəsi - Ayə: 31

Məkkəvi Quran-ı Kərim
Ər-Rəd surəsi - Ayə: 31
Və əgər vasitəsilə dağların hərəkətə gətirildiyi, ya yerin yarılıb parça-parça olduğu, yaxud vasitəsilə ölülərlə danışılan bir Qur’an olsaydı (bunun onların imanına yenə də heç bir təsiri olmazdı). (Çünki iman və hidayət,) hətta işlər və əmrlər bütünlüklə Allaha məxsusdur. Buna görə də məgər iman gətirən kəslər (hələ də bunların imanından) ümidlərini üzüb başa düşməyiblərmi ki, əgər Allah istəsəydi insanların hamısını (məcburi surətdə) hidayət edərdi?! (Lakin Allahın qanunu imana məcbur etmək deyildir.) Və küfr edən kəslərə daim etdiklərinin cəzası olaraq əzici bir müsibət yetişər, yaxud onların evlərinin yaxınlığında nazil olar ki, Allahın (son) vədəsi yetişsin. Həqiqətən Allah vədə xilaf çıxmaz.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ər-Rəd surəsi 31. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 31 MÖHSÜN QƏRAƏTİ.

"Əgər Quran vasitəsi ilə dağlar hərəkətə gəlsə, torpaq parça-parça olsa, Onun vasitəsi ilə ölülər dilə gəlsə (yenə iman gətirməzlər). Bütün işlər Allahın əlindədir. Məgər möminlər (daşqəlblilikdən) məyus olmayıblarmı?! Əgər Allah istəsəydi, hökmən bütün xalqı yola gətirərdi və küfr edənlərə gördükləri işin cəzası olaraq daim sarsıdıcı müsibət yetirərdi. Ya da Allahın vədi gəlib çatınca həmin müsibət onların evlərinin kənarına nazil olardı. Həqiqətən, Allah Öz vədinə xilaf çıxmaz.”
Nöqtələr
Bu ayə kafirlərin inadkarlığının son həddini bəyan edir. Ayə "Ənam” surəsinin 111-ci ayəsinin oxşarıdır. Həmin ayədə buyurulur: "Əgər Biz onların özünə mələk göndərsək, ölülər onlarla danışsa və hər şey onların qarşısında məhşur olsa (hüzura gətirilsə), yenə iman gətirməyəcəklər.”
Quran dağlardan da möhkəmini tərpətmiş, cismi ölülərdən də aşağısını diriltmişdir. Bu səmavi kitab ölmüş qəlblərə, cahil ərəb qövmünə həyat verdi. Əgər dağları tərpədəcək, ölüləri dirildəcək kitab varsa, o, Qurandır.
İmam Kazimin (ə) buyruğuna əsasən, Quranda elə elm və rəmzlər var ki, onların vasitəsi ilə təbiətin işinə qarışmaq mümkündür.
Bildirişlər
1. Bütün xalqın iman gətirəcəyini gözləməyin.
2. İnadkarlıq bəşər cəmiyyətinin sağalmaz xəstəliyidir. (Əgər bir şəxs haqq axtarsa, onun iman gətirməsi üçün bir möcüzə bəs edər).
3. İslam dünyagörüşündə bütün işlər Allahdandır.
4. Möcüzə inadkar insanların təklif və həvəsi əsasında yox, Allahın iradəsi əsasında gerçəkləşir.
5. Allahın istəyi insanların məcburi yox, ixtiyari hidayətidir. Başqa ayələrdə də bu nöqtəyə işarə olunur.
6. Kafirlər ölkələrinə və sərhədlərinə Allah tərəfindən vurulacaq zərbə intizarında olmalıdırlar.
7. Allahın qəhr-qəzəbi təkcə axirətə aid deyil.
8. Bəzən moizə və dəlillərlə çıxış bəs etmir, qəhr-qəzəbə də ehtiyac olur.
9. Bəlaların nazil olmasının səbəbi öz əməllərimizdir.
10. İlahi xəbərdarlıqlar bəzən birbaşa özümüzə, bəzən isə dolayısı ilə ətrafımızdakılara və ətraf məntəqələrə ünvanlanır.
11. Başqalarına ünvanlanmış əzabdan ibrət dərsi götürək.
12. Heç vaxt Allahın vədlərinə, hədə və müjdələrinə şəkk etməyək.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.