"(Hidayət olanlar) o kəslərdirlər ki, iman gətirmiş və qəlbləri Allahın zikri ilə aramlıq tapmışdır. Bilin ki, yalnız Allahın zikri ilə qəlblər aramlaşır.”
Nöqtələr
Allahın zikri dedikdə, bunun yalnız dildə xatırlanması nəzərdə tutulmur. Əlbəttə ki, Allah zikrinin bariz nümunələrindən biri dil zikridir. Mühüm məsələ bütün hallarda , xüsusi ilə günah məqamında Allahı yada salmaqdır.
Allah zikrinin (Allahı yada salmağın) bir sıra bərəkətləri var. O cümlədən: Allahın nemətini yada salmaq şükür amilidir, Allahın qüdrətini yada salmaq təvəkkül səbəbidir, Allahın lütflərini yada salmaq Ona məhəbbət səbəbidir, Onun qəhr-qəzəbini yada salmaq Ondan qorxu amilidir. Onun əzəmət və böyüklüyünü yada salmaq Onun qarşısında mütilik səbəbidir, Onun aşkar və gizlindən xəbərdar olduğunu yada salmaq həya və paklıq səbəbidir, Onun əfv və kərəmini yada salmaq ümid və tövbə səbəbidir, Onun ədalətini yada salmaq təqva və pəhrizkarlıq amilidir.
İnsanın istəkləri sona çatmır və o, mütləq kamal istəyindədir. Amma Allahdan savay hər şey məhdud olduğundan, insan Allahdan qeyrilərinə üz tutduqda aramlıq tapmır. Allah zikri ilə aramlıq tapanlar isə cüzi dünya nemətləri ilə kifayətlənirlər.
Namaz Allahın zikri və aramlıq səbəbidir.
Allah zikrinin aramlıq vasitəsi olması belə izah edilə bilər ki, özünü Allah hüzurunda görən insanın qəlbi rahatlaşır. Necə ki, həzrət Nuh ilahi kəlam vasitəsi ilə aramlıq tapmışdı. İmam Hüseyn (ə) kiçik oğlu Əli-Əsğərin (ə) şəhadəti zamanı Allahı zikr etməklə sakitləşdi. "Ərəfə” duasında isə belə deyilir: "Ey zikr edənləri zikr edən!”
Sual: Quranın bir ayəsində Allah zikri aramlıq vasitəsi sayılmışsa da, başqa bir ayədə Allahı zikr edən möminin qəlbinin lərzəyə gəldiyi bildirilir. Aramlıq və lərzə bir araya sığırmı?
Cavab: Aramlıq və lərzənin eyni zamanda mövcudluğunu təsəvvür etmək üçün bəzi misallar çəksək faydalı olar:
a) Bəzən insan müəyyən hazırlıqlar səbəbindən bir işin baş verəcəyindən əmin olur. Amma eyni zamanda nəticəyə görə nigaran qalır. Peşəkar cərrah üçün sadə cərrahiyyə əməliyyatı aparmaq sadə bir işdir. O öz işinə arxayındır. Amma tanınmış bir şəxsiyyət üzərində əməliyyat aparmalı olduqda, o narahatlıq hissi keçirir.
b) Valideynlərin vücudu övladlara həm rahatlıq verir, həm də onlarda müəyyən qədər qorxu yaradır.
v) Bəzən insan qarşısındakı maneənin onun üçün yalnız imtahan olduğunu bildikdə rahatlaşır. Amma bu imtahandan çıxıb-çıxmayacağını bilmədiyindən nigarançılıq hissi keçirir.
q) Mömin insanlar Quran ayələrini oxuyarkən əzab, cəhənnəm və Allahın qəzəbindən danışan ayələrə çatdıqda bədənləri lərzəyə gəlir. Mərhəmət və behişt ayələrini oxuduqda isə şirindil rahatlıq onların qəlbini bürüyür. İmam Səccad (ə) "Əbu-Həmzə” duasında belə ərz edir: "Nə vaxt öz günahlarımı və Sənin ədalətini və qəhr-qəzəbini yadıma salıramsa, nalə çəkirəm. Amma elə ki, Sənin lütf və əfvin yadıma düşür, ümidvar oluram.” "Əl-Mizan” müəllifi Quranın "Zumər” surəsinin 23-cü ayəsini deyilənlərə dəlil göstərir. Yəni insan öncə nigaran olur, tədricən aramlığa çatır.
Allah zikrindən uzaq insan üçün aramlıq yoxdur. Aram olmayan həyat isə iztirablıdır.
ARAMLIQ VƏ TƏSKİNLİK AMİLLƏRİ
Əminlik və aramlıq əldə etməyin bir sıra amilləri var. Bu amillər arasında agahlıq və elm öndə gəlir:
- Zərrəcə əməlinin də hesaba çəkiləcəyini bilən insan səy və fəaliyyətə maraqlı olur;
- İlahi lütf və rəhmət əsasında xəlq olunduğunu bilən insan ümidvar olur;
- Sitəmkarların Allah tərəfindən izləndiyini bilən insan aramlıq tapır;
- Allahın hikmət və elm sahibi olduğunu və heç bir mövcudu boş yerə yaratmadığını bilən insan bədbin olmur;
- Qarşısındakı yolun aydın, gələcəyinin keçmişindən üstün olduğunu bilən insanın qəlbi arxayın olur;
- İmam və rəhbərinin kamilliyini, Allah tərəfindən seçildiyini, hər bir günahdan pak olduğunu bilən insan aramdır;
- Yaxşı işlərinə tam və ya 700 qat artıq əvəz alacağını, pis işlərinə görə başa-baş cəzalandırılacağını bilən insan məmnun qalır;
- Allahın xeyir əməl sahiblərini sevdiyini bilən insan yaxşı işlərindən təsəlli tapır;
- Yaxşı işlərinin aşkarlanacağını, pis işlərinin gizli saxlanacağını bilən insan şad olur.
İZTİRAB VƏ NİGARANLIQ AMİLLƏRİ
Əsrimizin ən çox yayılmış xəstəliklərindən biri iztirab və narahatlıqdır. Guşənişinlik, özünə qapılmaq, özünə inamsızlıq, özünü heç saymaq kimi əlamətlərə malik bu xəstəliyin bir sıra dəlilləri var. O cümlədən:
- Narahat insan ətrafındakı vəziyyəti öz meylinə uyğun görmədikdə pərişan olur. Əslində isə hansısa istəklərimizə çata bilmədiyimiz üçün başqa istəklərimizdən əl çəkib təslim olmamalıyıq;
- Narahat insan öz-özlüyündə düşünür ki, nə üçün insanlar onu sevmir? Halbuki hamının sevgisini qazanmaq mümkünsüzdür. Hətta Allah və mələklərin də düşmənləri var. İnsan hamıdan sevgi umacağında olmamalıdır;
- Pərişan insan elə düşünür ki, hamı pisdir. Hansı ki, belə deyil. Allah insan haqqında bu sayaq düşünən mıələklərə qətiyyətlə cavab verir;
- Pərişan insan güman edir ki, bütün narahatlıqların səbəbi xaricdədir. Hansı ki, sıxıntının əsas səbəbi öz reaksiyamız, xasiyyət və rəftarlarımızdır;
- İztirab keçirən insan işə başlayanda nigarandır, qorxu və tənhalıq hiss edir. Həzrət Əli (ə) belə bir halı aradan qaldırmaq üçün buyurur: "Qorxduğun işə doğru get, qəlbindəki qorxu nəzərdə tutulan işin qorxusundan böyükdür;
- İztirab keçirən şəxs narahatdır ki, gələcək necə olacaq? Bu xəstəliyi Allaha təvəkkül və səylə müalicə etmək olar;
- İnsan bəzi işlərdə uğursuzluğa düçar olduqda bütün işlərin uğursuz başa çatacağını düşünüb narahat olur;
- İnsan davamsız fərd və güclərə istinad etdiyindən, istinadgahı lərzəyə gəldikdə özü də iztirab keçirir;
- Bir çox pərişanlıq və iztirabların səbəbi zəhmətlərin dəyərləndirilməməsi, günah, ölüm qorxusu, ailənin "bacarmazsan, bilməzsən” deyə inamsızlıq yaratması, tələsik mühakimələr, yersiz istəklər, yanlış təsəvvürlərdir. Bu pərişanlıq və iztirab Allahı, Onun qüdrətini, mərhəmətini və lütfünü yada salmaqla aradan qaldırıla bilər. Mərhum İmam (r.ə.) çox mühüm vəsiyyətnaməsinin sonunda buyurur: "Mən aram qəlblə, arxayın ürəklə, şad halda ilahi fəzlə ümidvar ruhla dünyanı tərk edib gedirəm.”
Bildirişlər
1. İman və Allaha əminlik gerçək peşmanlıq nişanəsidir.
2. Xatircəmliklə olmayan iman kamil və yetərli deyil.
3.Allahı dildə zikr etmək bəs etmir, qəlb əminliyi də lazımdır.
4. Yalnız Allahın zikri qəlbin aramlıq səbəbidir.
Bu gün zər və zora (pula və gücə) malik olanlar çoxdur. Amma qəlb aramlığını hər adam əldə edə bilmir.