"Müttəqilərə (təqvalılara, pəhrizkarlara) vəd olunmuş behişt (elədir ki,) altından çaylar axır. (Bu bağların) meyvələri və kölgəsi daimidir. Budur təqva yolunu seçən insanların aqibəti! Kafirlərin sonu oddur.”
Nöqtələr
Quranın təlim-tərbiyə üsullarından biri fərdlər, hallar, nəhayət haqq və batil arasında müqayisə və ölçü aparmaqdır. Ötən ayədə müşriklərin gələcəyi haqqında danışıldığından bu ayədə təqvalı insanların aqibətindən söz açılır. Məqsəd insanların bu iki yolu müqayisə edib daha yaxşı dərk etməklə özünə yol seçə bilməsidir.
Behişt kölgələri daimidir. Behiştdə də günəş, ağaclar və kölgələr var. Amma bu kölgələr dünyadakı kimi vaxt ötdükcə artıb-azalmır. Behişt kölgələri daimidir və eyni bir ölçüdədir.
Sual: "Dəhr” surəsinin 13-cü ayəsində oxuyuruq: "Möminlər behiştdə nə günəş görər, nə də dalayan soyuq.” Bəs hansı əsasla yuxarıdakı ayədə kölgədən danışılır?
Cavab: Günəşi görməmək dedikdə onun istisindən əziyyət çəkməmək nəzərdə tutulur. Əslində günəş işıq verən bir mənbə kimi mövcuddur. İşıq olan yerdə, təbii ki, günəş də olacaq.
Bildirişlər
1. Behiştlə bağlı dərk etdiklərimiz yalnız behiştin oxşarıdır. Əslində bizim kimi məhdudlar behişti olduğu kimi dərk edə bilməz.
2. Behişt nemətləri üçün zaman və məkan məhdudiyyətləri yoxdur, bu nemətlər təravətini itirmir, hər hansı təsirdən korlanmır.
3. Behiştin dəyəri təqvadır və boş yerə kimsəyə verilmir. Dünyada müvəqqəti pəhrizin mükafatı daimi axirət ləzzətidir.
4. Fərdlərin zahirini əsas götürməyin, çünki işin sonu mühümdür.
5. Mömin insan təqvalı olmalıdır. Çünki kafir sözü təqvalı sözünün antonimi kimi işlənir.